Zəfərin təntənəsi

Səbinə Dəvrişova 
Bakı şəhəri, 51 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi, metodbirləşmə sədri


Xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib.
Bu nəsil ölkəmizin milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.
44 günlük Vətən müharibəsi gedişində cəmiyyətdə, ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs səsi-sözü ilə, milli həqiqətlərimizi çatdırmağı ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. Vətən müharibəsində qazandığımız qələbə, milli birliyimizin qələbəsi oldu, bizi həyatımızdakı 30 illik natamamlıq kompleksindən qurtardı. İllərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükdən xilas olduq. Ömrümüzdəki boşluq qələbə ruhu ilə, nigaran yurdlarımıza qovuşmağın vüsalı ilə doldu. Ona görə bu Zəfər bizim üçün dəyərli və tarixidir.
Son bir neçə illik tariximiz daha çox torpaqlarımızın hissə-hissə qoparılması, xalqımıza qarşı törədilən soyqırımlar, itkilər, inkişafımıza mane olmaqdan ötrü böyük güclərin qarşımıza qoyduqları problemlər və başqa bu kimi kədərli reallıqlarla xarakterik idi. Azərbaycan Prezidenti İlham Əliyev bu reallıqları dəyişdi.  İki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
Bu ilin sentyabrında BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev bunu iştirakçıların diqqətinə çatdırdı. “44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.
Həmin sessiyada Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. “Prezidentin 2021-ci il 7 iyul tarixli fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
Azərbaycan Prezidenti onu da diqqətə çatdırdı ki, keçmiş işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlərin, tunel və bunkerlərdən ibarət istehkamların qurulması onların heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində olmadığını sübuta yetirir.
Azərbaycan da növbəti hərbi təxribatları dəf edərək düşmən üzərinə əks-hücuma keçməklə Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı. Təxminən 30 il çəkən sülh danışıqlarının Ermənistanın işğalçı siyasəti üzündən heç bir səmərə verməyəcəyi artıq real həqiqət idi. Bu qədər uzun bir dövr ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalmışdı. Münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışırdı. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq Azərbaycanın hərbi yola əl atmasına mane olmaq, mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər.  
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların da oxşar məzmunlu qərarları vardı. Amma Ermənistan bunların heç birinə məhəl qoymadı. İşğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq cinayətlərini nümayişkəranə şəkildə davam etdirdi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu hərəkətlərinə ciddi reaksiya vermədi. Ədaləti qorumaq əvəzinə ikili standartlar mövqeyi göstərdi. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq tribunalarda bir neçə dəfə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, əfsus ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bir çox ölkələrə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə yönəlmiş qətnamələr  27 il icra olunmamış qaldı və bu sahədə ikili standartların olduğunu bir daha sübuta yetirdi. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev belə yanaşmalara yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsi zərurətini BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında gündəmə gətirdi.
30 ilə yaxın müddət ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə mandat daşıyan ATƏT-in Minsk qrupu da əfsuslar olsun ki, ciddi mövqe sərgiləyə bilmədi. Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atılmadı. Minsk qrupu bu təsisatın üzərinə düşən vəzifələrin icrasına nail olmağı bacarmadı.
Vətən müharibəsinin ilk günlərindən, hətta müharibənin başlanmasına qədər Azərbaycan cəmiyyətindəki coşqu, insanlarımızın vahid hədəflər uğrunda bir araya gəlməsi milli vəhdətimizin, xalqın sarsılmaz birliyinin təcəssümü idi. Hər kəs haqq savaşına köklənmişdi. Hamı bilirdi ki, Azərbaycan Ordusu hücuma keçsə, Qələbə mütləq bizimlə olacaq. Çünki insanlar Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərindən başladığı və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi hərbi sahədə quruculuq işinin hansı səviyyədə olduğunu, ölkəmizdə necə güclü, yenilməz bir ordunun formalaşdığını yaxşı bilirdilər. İnsanlarımızın gözləntisi belə idi ki, ordumuz hücuma keçsə, bu yalnız qalibiyyətlə tamamlanacaq.
Ordumuz ildırım sürəti ilə hücuma keçib düşmənin müdafiə səddini yardı. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd (Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd) azad edildi. Bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik. “Bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”,- deyə Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirirdi. Zəfər ümidi, 30 illik münaqişənin donunun açılması, nisgilli yurdlarımızın azadlığına yolların görünməsi itkilərin ağrılarını ovundururdu. Qələbəyə doğru irəliləyirdik. Azərbaycan Ordusunda 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Hər bir əsgər və zabitimiz sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir.
Erməni rəsmiləri sülh danışıqlarında iştirak görüntüsü yaradaraq status-kvonu uzatmağa çalışmaqla ümid edirdilər ki, bəlkə ölkəmizdə yetişən yeni nəsillər işğal faktını tədricən unuda. Torpaq itkisi ilə zamanla barışa. Amma yaşanan coşqu cəmiyyətimizin işğal fakt ilə heç zaman barışmayacağını, yeni nəsillərin də torpaqların nə yolla olur-olsun azad edilməsini özünə şərəf borcu bildiyini nümayiş etdirdi. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründən aparılan və Prezident İlham Əliyevin daha da gücləndirdiyi vətənpərvərlik tərbiyəsi işinin böyük rolu var. Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar. Milli ruhumuzu, qürurumuzu özümüzə qaytardılar.
Bu müharibədə həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda,  haqq-ədalət uğrunda canını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrü bütün nəsillərə örnəkdir. Onların doğulub böyüdüyü məkanlara diqqət yetirsək, Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların şəhadət zirvəsində təmsil olunduğunu görərik. Milli yaddaşımızda qan qardaşı, insanların əhd bağlaması kimi bir inanc var. Nağıllarımızın, dastanlarımızın qəhrəmanları bəzən bu ayini yerinə yetirərək həmişə bir-birinə, ümumi ideallarına, addımladıqları birgə yola sadiq qalacaqlarına and içər və andlarına heç vaxt xilaf çıxmazdılar. Vətən müharibəsi zamanı müxtəlif ailələrdən, evlərdən, obalardan olan şəhidlərimizin Azərbaycan torpaqlarına qarışan qanları ilə bu xalq bir-birinə daha da doğmalaşdı, birliyimiz möhkəmləndi, mətinləşdi. Daha heç kim bu birliyi sarsıda, bizi bərabər irəlilədiyimiz inkişaf yollarından kənar  sala, aramızda təfriqə yarada bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə xalqımız son onilliklərdə misilsiz nailiyyətlər əldə etmiş, ilk baxışdan inanılmaz görünən çox hədəflərə nail olmuşdu. 27 sentyabr günündən başlanan çətin yolun sonundakı Qələbə bunlardan ən mühümü, tarixi oldu. Əslində bu yol Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğuna, nizami ordunun formalaşdırılmasına, ölkənin sosial-iqtisadi həyatının axarına düşməsinə doğru ilk addımların atdığı günlərdən başlamışdı. Prezident İlham Əliyevin hər diplomatik uğuru, hər möhtəşəm sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə aparırdı. 27 sentyabr illərlə zərrə-zərrə toplanan imkanlarımızın “dəmir yumruğ”a çevrilib düşmənin başına endirildiyi gündür.
Böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaq.

08.11.2025


[email protected]