2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçildi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Onun ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır.
Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
Hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında belə demişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək".Ümummilli Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan Prezident İlham Əliyev Zəfərə aparan şərəfli yolun yenilməz sərkərdəsinə çevrildi. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək "güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxladı. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayıb, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli oldu. Belə ki, sentyabrın 27-də işğalçı Ermənistanın silahlı birləşmələri bütün cəbhəboyu ərazilərimizdə yenidən təxribata əl atdı. Ali Baş Komandan isə illərlə gözlənilən hücum əmrini verdi və "Dəmir yumruq" əməliyyatı ilə Vətən savaşı başladı. Xalqa müraciətində Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızda vuruşuruq, erməni əsgəri Azərbaycan torpaqlarını tərk etməyincə əməliyyatlar dayanmayacaq. Sülh danışıqları isə o zaman başlaya bilər ki, Ermənistan rəhbərliyi ordusunun torpaqlarımızdan nə zaman çıxması ilə bağlı Azərbaycana təqvim planı təqdim etsin. Əks təqdirdə düşmən məhv ediləcək.Bəli, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Məhz Ali Baş Komandanımız cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, "keçilməz" istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Bu, bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübutu idi. Bu, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən ulu öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkləşdirən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ata vəsiyyətinə sadiq olduğunun göstəricisi idi.
Xalqın mütləq əksəriyyətindən etimad mandatı alan İlham Əliyev adını Azərbaycan tarixinə qurucu, islahatçı, humanist Prezident və Müzəffər Sərkərdə kimi yazdırdı. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın xilaskar lideridirsə, Prezident İlham Əliyev Şanlı Zəfərin memarı kimi Qarabağı bizlərə qaytaran və onu yenidən gülüstana döndərəcək güclü, qətiyyətli lider kimi tarixdə əbədi qalacaq. Bir sözlə, 2003-cü ildən bu günə qədər ötən dövrü analiz etmək onu deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir, Qalib Sərkərdəsidir! Və Qarabağı işğaldan azad etməyi bacarmış Ali Baş Komandan kimi bu işlərin öhdəsindən də gələcəyinə heç kim şübhə etmir. Çünki Qarabağ Azərbaycandır!
Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsi və İlham Əliyevin parlaq fəaliyyətinin nəticəsidir.
Azərbaycan xalqı əmindir ki, İlham Əliyevin rəhbərliyində bundan sonra da dövlətimiz daha çox inkişaf edəcək, saysız-hesabsız uğurlar əldə edəcəkdir!
Həm hərbi, həm də diplomatik sahədə liderliyini nümayiş etdirən, Azərbaycan tarixində torpaq qaytaran, işğalçını qovan qalib sərkərdə cənab İlham Əliyev 2020-ci ildə Ermənistanın işğalında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək ölkənin hərbi, siyasi və iqtisadi gücünü daha da artırdı. 2023-cü ildə 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
Sözsüz ki, güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi, Müzəffər Ali Baş Komandan Qarabağın və ətraf ərazilərin azad edilməsi ilə Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Ali Baş Komandan müasir ordu quruculuğu siyasəti ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artıraraq, onu Cənubi Qafqazda ən güclü orduya çevirdi. Beləliklə, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı.
Möhtərəm Prezident Azərbaycanın möhtəşəm qələbəsinə nail olunmasında canından keçən şəhid və qazilərimizi daim ehtiramla yad edir, onların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirir, xatirəsini əziz tutur.
Müharibə dövründə və ondan dərhal sonra şəhidlərimizin xatirəsinin əbədi yaşadılması üçün mühüm tapşırıqlar verib. İmzaladığı fərman və sərəncamlar ilə şəhid ailələri dövlət qayğısı ilə təmin olunub, qazilərin müalicəsi təşkil edilib və onların təminatları artırılıb. Prezident olaraq xalqın və ordunun birliyini təmin edərək ümummilli dəstək qazanıb.
Müharibədən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası üçün genişmiqyaslı layihələrə start verdi. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizdə yeni dövr başlamışdır. Onun rəhbərliyi altında ölkədə iqtisadi yüksəliş baş vermiş, Azərbaycan öz iqtisadiyyatını gücləndirərək regionda ən sürətlə inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Prioritetlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və bu xüsusda qeyri-neft sektorunun inkişafıdır.
Bu dövrdə ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, müasir avtomobil yolları, dəmir yolları və hava limanları inşa olunmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" kimi qlobal layihələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etmişdir. Bu layihələr Azərbaycanı regionun enerji mərkəzinə çevirməklə yanaşı, ölkənin iqtisadi sabitliyini də möhkəmləndirmişdir. Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, yeni iş yerləri yaradılmış və əhalinin sosial rifahı yüksəlmişdir. Dövlətin biznes mühitini yaxşılaşdırmağa yönələn siyasəti kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş, ölkənin qeyri-neft ixracatı əhəmiyyətli dərəcədə artmışdır.
İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirib. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırıb və inkişafına böyük töhfə verib.
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına evsahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması ilə bağlıdır. Uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız böyük nailiyyət idi.
Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və tarixi soyqırımlarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırlatmışdır. Dövlətimizin başçısı Şuşada keçirilən qlobal media forumunda müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs Qrupunun fəaliyyətini vurğulayaraq, onun üzvlərinə dəstək verməyə davam edəcəklərini bildirmişdir. Ölkə rəhbəri kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir.
Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Dövlət başçımız COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkən xalqların problemlərinə işıq tutmuşdu. Cənab Prezidentin humanist və həssas yanaşmasının göstəricisidir ki, kiçik ada dövlətlərində ətraf mühitlə bağlı problemlərin həlli məqsədilə Millətlər Birliyi ilə birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırıb, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirib. Müasir avtomobil yolları və magistrallar inşa edilib, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulub. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilib. Yeni hava limanları tikilib, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulub. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçın hava limanında davam edən işlər Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırıb.
Bu dövrdə sosial rifah sahəsində də mühüm addımlar atılıb. Sosial siyasət xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Pensiyalar, maaşlar və sosial ödənişlər mütəmadi olaraq artırılıb, aztəminatlı ailələrə dövlət dəstəyi gücləndirilib. Sosial infrastrukturun, o cümlədən xəstəxanaların, məktəblərin və idman obyektlərinin inşası xalqın rifahının yüksəlməsinə birbaşa təsir edib. Bu addımlar sosial ədalətin təmin edilməsinə, ümumilikdə cəmiyyətin sosial inkişafına töhfə verib. Beləliklə, çoxsaylı nailiyyətlər nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilib.
Prezident İlham Əliyev həm milli, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanmış liderdir. Onun müdrik siyasəti və qətiyyətli addımları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, dövlətimizin gələcək təhlükəsizliyini təmin edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb.
![]()
Qurbanov Rövşən Yusif oğlu
Masallı Dövlət Regional Kollecinin direktoru,
filologiya üzrə fəlsəfə doktoru
02.08.2026