Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi rolunu və xidmətini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirmiş, dünya azərbaycanlılarının və türk dövlətlərinin həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır.
H.Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edir. Ulu öndər öz fəaliyyətində Türkiyəyə , türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görürdü.
H.Əliyevi çox düşündürən problemlərdən biri də türk dövlətlərinin iqtisadi-mədəni yaxınlaşması, birliyi məsələləri, bu mühüm məsələlərin həyata keçirilməsi yollarının nəzəri əsaslarının işlənib hazırlanması olmuşdur. Bu məsələlər isə H.Əliyevin yeni dövr türk birliyi strategiyasının yalnız bir qismini təşkil edir.
Ulu öndər milli ideallarımıza həmişə böyük hörmətlə yanaşmış, milli tariximizin, dilimiz və ədəbiyyatımızın, milli mədəniyyətimizin köklərinə nüfuz etmiş, keçmiş və gələcəyimizin vəhdətinə, onun ümdə məsələlərinə diqqəti yönəltmişdir. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edir.
Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılmış, türkoloqlara dövlət qayğısı göstərilmişdir.Təsadüfi deyildir ki, o, elə hakimiyyətə gəldiyi ilk illərdə -1970-ci ildə türk dünyası elm və mədəniyyətinin mərkəzini yenidən Bakıda formalaşdırmağa təşəbbüs göstərmiş, burada beynəlxalq "Sovet türkologiyası” elmi jurnalının nəşrə başlamasına nail olmuşdur.
H.Əliyev Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi fikir verirdi.O,qardaş ölkənin qurucusu M.K.Atatürkü dünyada XX əsrin ən böyük şəxsiyyətlərindən biri adlandıraraq deyirdi:”Ölümündən sonra da Türkiyə xalqı onun qoyduğu yol ilə gedir.Görün yol nə qədər doğru-düzgün qurulub ki, o yoldan nə saga, nə sola dönmək mümkün deyil. Bu, Mustafa Kamal Atatürkün müdrikliyini göstərir” .Təsadüfi deyildir ki, ulu öndərin təşəbbüsü və sərəncamı ilə böyük Mustafa Kamalın irsini öyrənmək və təbliğ etmək üçün 2001-ci ildə Bakıda Atatürk Mərkəzi yaradılmışdır.
Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan "Əsrin müqaviləsi”nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alındı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəklədi.
Minillik dünya təcrübəsi göstərmişdir ki, çoxəsrlik tariximizdə türk xalqlarını yaşadan, türk dünyası vəhdətini qoruyub saxlayan ən əsas bağlardan biri də ortaq mədəniyyət və ədəbiyyatdan ibarətdir. Çünki türk xalqları tarix boyu insan fəaliyyətinin bütün sahələrində öz istedadlarını, biliklərini, bacarıqlarını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, tarixi-memarlıq abidələri, bədii əsərləri, musiqiləri ilə bəşər tarixinə parlaq səhifələr yazmışlar. Bu tarixi uğurlarda türk xalqlarının şairlərinin və yazıçılarının xidməti çox böyükdür.
Ümummilli lider H.Əliyevin türk dünyasının yüksəlişi barədəki strateji mövqeyini onun aşağıdakı sözləri çox aydın və açıq şəkildə göstərir: ”Özününün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır.Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır”
Azərbaycanın ümummilli liderinin türk ünyasınının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir.
Bu gün eyni məqsəd və məram, əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Təsadüfi deyildir ki, günbəgün türk xalqlarının ədəbiyyat adamları, yazıçıları bir-birinə yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradırlar. 44 günlük II Qarabağ müharibəsinin nəticələri, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri, ümumiyyətlə, türk xalqlarının mədəni-iqtisadi və hərbi-siyasi əməkdaşlığının günkeçdikcə daha da genişlənməsi ulu öndərin türk dünyasının gələcəyi haqqındakı arzularının həyata keçdiyini göstərir.
MƏMMƏDOVA ŞƏKƏR HEYVƏLİ QIZI
ADPU Türkoloji Mərkəzin direktoru,
filologiya üzrə fəlsəfə doktoru
[email protected]