SON XƏBƏRLƏR
8 avqust - Azərbaycan üçün diplomatik və strateji dönüş

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Cənubi Qafqaz regionunda "yeni dünya düzəni" üçün rəmzi bir dönüş nöqtəsi, diplomatiya tariximizdə xüsusi bir hadisədir. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. Bu hadisə həm də Azərbaycanın diplomatik zəfəri kimi qiymətləndirilir. Başqa tərzdə desək, Azərbaycan Zəfərinin 5 illiyinə Diplomatik Zəfəri ilə addımlayır. Maraqlıdır ki, hər iki təqvim 8 rəqəmi ilə tarixə düşdü. Bu, cənab Prezident İlham Əliyevin apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsidir, bir də ilahi ədalətin bərpasıdır.

Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Vaşinqton razılaşması çərçivəsində Azərbaycan və Ermənistan liderləri Minsk Qrupunun ləğvi üçün ATƏT-in Baş katibinə birgə müraciət məktubu ünvanlayıblar. Ermənistan tərəfinə konstitusiyasında dəyişiklik edilməsi baxımından "ev tapşırığı" öhdəliyinin qoyulması da sülhün realllaşması üçün şərtlərdən biridir.

Görüşün diqqətçəkən elementlərindən biri də nəqliyyat dəhlizinə - Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. ABŞ-nin təşəbbüsü ilə dəhliz beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün "Trump Route for International Peace and Prosperity" (qısaca TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər.

Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan 907-ci düzəlişin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti bu qərarı "33 il sonra ədalətin bərpası" kimi qiymətləndirdi, bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər.

Enerji, nəqliyyat, ticarət, süni intellekt barədə Ağ Ev bəyanatları və iki ölkənin yerli mənbələri göstərir ki, enerji (xüsusən tranzit və boru layihələri), nəqliyyat infrastrukturu, sərmayə axını və rəqəmsal transformasiya, o cümlədən süni intellekt sahəsində əməkdaşlıq üçün işçi qrupları yaradılacaq. Tərəflər arasında işçi qrupun yaradılması üçün Anlaşma Memorandumu imzalandı Bu, sülhün yalnız siyasi yox, həm də iqtisadi əsaslarla təmin olunmasına yönəlmiş addımdır.

Vaşinqton sammiti geosiyasi mənzərədə də ciddi dalğalanmalar doğurur. Analitiklər qeyd edirlər ki, ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş bu razılaşma Rusiya üçün regiondakı ənənəvi təsir imkanlarını məhdudlaşdıra bilər; paralel olaraq, İranın da bu yeni düzəndə maraqları və reaksiyaları olacaq. Bu, Cənubi Qafqazda balansın dəyişməsinə, yeni çoxsahəli əməkdaşlıq xətlərinin formalaşmasına uyğun zəmin yaradır.

Xəzər regionu hər zaman enerji maraqlarının, hərbi-strateji mövcudluğun və beynəlxalq ticarət yollarının kəsişdiyi, təhlükəsizlik baxımından olduqca əhəmiyyətli bir geosiyasi məkan olmuşdur. Son dövrlərdə Rusiyanın Ukraynada apardığı müharibə, İran-İsrail münasibətlərində artan gərginlik və Qərbin bölgəyə baxış bucağında baş verən dəyişikliklər regionu daha da həssas və qeyri-müəyyən vəziyyətə salıb. Bu kontekstdə Ermənistan ilə Azərbaycan arasında mümkün sülh razılaşması Cənubi Qafqazda - Xəzərlə Avropa arasında təbii keçid funksiyası daşıyan bu regionda - davamlı sabitliyin bərqərar olunması üçün unikal imkan yaradır.

Azərbaycan üçün Ermənistanla sülhün əldə olunması ölkənin regional mövqeyini strateji baxımdan daha da gücləndirəcək. İndiyədək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm transregional layihələrin təşəbbüskarı və əsas icraçısı olan Azərbaycan bu gün Xəzər üzərindən keçən ticarət marşrutlarına, enerji infrastrukturunun inkişafına və “Orta Dəhliz” kimi əlaqələndirici layihələrə genişmiqyaslı sərmayələr yatırır.

Regionda sabitliyin təmin olunması, eyni zamanda, xarici aktorların bölgədaxili ziddiyyətlərdən alət kimi istifadə etməsinin qarşısını alır. Bu xüsusilə əhəmiyyətlidir, çünki keçmişdə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı vasitəyə çevrilməsi cəhdləri olmuşdu. Lakin həmin strategiya Ermənistan üçün real nəticələr vermədi: ölkə regional təcrid vəziyyətində qaldı və Rusiyadan siyasi-iqtisadi asılılıqdan çıxa bilmədi. 2020 və 2023-cü illərdəki hərbi məğlubiyyətlərdən sonra Ermənistan rəhbərliyi başa düşdü ki, sülhə nail olmaq və dövlətlərin ərazi bütövlüyünə hörmət göstərmək irredentist yanaşmalardan - Baş nazir Nikol Paşinyanın "mifik" adlandırdığı təfəkkür tərzindən - qat-qat faydalıdır.

Bununla yanaşı, sülh çərçivəsinin yaradılması Xəzər hövzəsində hərbi qarşıdurmaların genişlənmə ehtimalını da azaldır. Son illərdə Rusiya və İranın Xəzər dənizində hərbi-dəniz qüvvələrini modernləşdirməsi və gücləndirməsi regional sabitliyi təhdid edən amillər kimi qiymətləndirilir. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Bakının Xəzər regionunda sabitlik yaradan və onu qoruyan əsas aktor kimi mövqeyini möhkəmləndirməsinə xidmət edir.

İran da, xüsusilə Azərbaycanla münasibətlər kontekstində, getdikcə daha çox sülh və əməkdaşlıq ritorikasına üstünlük verməyə başlayıb. Əvvəllər ikitərəfli münasibətlərdə gərginlik mövcud olsa da, hazırkı Prezident Məsud Pezeşkian bu gedişatı dəyişməyə çalışır və Azərbaycanın ünvanına yönəlmiş əvvəlki dini-ideoloji strategiyanı açıq şəkildə tənqid edir. Sözügedən strategiya nəticə etibarilə İrana heç bir real qazanc gətirməmişdir.

Azərbaycan üçün geosiyasi baxımdan ən əhəmiyyətli dividend isə Xəzərin şərqində müşahidə olunur. Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan uzun müddətdir Avropaya etibarlı və müxtəlif marşrutlar vasitəsilə çıxış əldə etməyə çalışırlar. Rusiyanın müharibəsi onun ərazisindən keçən Şimal Nəqliyyat Dəhlizini etibarsız etmiş, Qırmızı dənizdəki gərginlik isə ənənəvi dəniz marşrutlarını təhlükəyə atmışdır. Bu baxımdan, Trans-Xəzər marşrutu, yəni Azərbaycan üzərindən keçən dəhliz həm ticarət, həm də enerji təhlükəsizliyi baxımından əhəmiyyətli perspektivlər vəd edir.

Vaşinqton görüşü bu sülh gündəliyini təşviq etməklə yanaşı, Mərkəzi Asiya dövlətlərinə Azərbaycanın etibarlı tranzit və əməkdaşlıq mərkəzi olduğunu nümayiş etdirir. Azərbaycan, Qazaxıstan və Özbəkistan artıq Avropaya alternativ enerji marşrutlarını nəzərdə tutan mühüm layihə çərçivəsində - Gürcüstandan Qara dənizin dibi ilə Rumıniya və Macarıstana elektrik ötürülməsini nəzərdə tutan kabel xətti üzrə - Anlaşma Memorandumu imzalayıblar.

Azərbaycan bu gün rəqabətə əsaslanan siyasi yanaşmadan uzaqlaşaraq, regional inteqrasiyanı və əlaqələrin qurulmasını əsas prioritet kimi müəyyənləşdirir. Bu kontekstdə, Bakı Çinlə strateji tərəfdaşlıq sazişi imzalayıb. Eyni zamanda, Azərbaycanla Türkiyə və Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələr arasında münasibətlərin dərinləşməsi onu Mərkəzi Asiya ilə əlaqə yaradan təbii körpü statusuna yüksəldib. Azərbaycan, həmçinin Mərkəzi Asiya ilə 5+1 formatında əməkdaşlıq modelinin inkişaf etdirilməsinə və CICA, ECO kimi regional təşkilatlarda fəal iştirakına xüsusi önəm verir.

Vaşinqton mərasimi beynəlxalq medianın diqqət mərkəzində oldu və ciddi ictimai rezonans doğurdu. AP, Reuters, CBS, FT və digər aparıcı nəşrlər tədbiri geniş işıqlandırdılar. Bununla yanaşı, bəzi Qərb və regional şərhçilər bu razılaşmanın uzunmüddətli reallaşması üçün hələ də bir sıra praktiki maneələrin (konstitusiyaya daxil ediləcək dəyişikliklər, sərhəd delimitasiyası, insan hüquqları məsələləri və s.) qaldığını vurğulayırlar. Əlbəttə, bu tarixi hadisə hamının maraq dairəsində ola bilməz. Təbii olaraq proseslərə müxtəlif don geyindirənlər də olacaq və qəbul etməyənlər də. Ancaq unutmayaq ki, regiona gələn yeni düzən artıq yola düşüb və geriyə yox, irəliyə addımlayır.

Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi sülh və təhlükəsizlik baxımından ABŞ-nin rolunu xüsusi qeyd edir, Donald Trampın sülhyaratma səylərinə görə Nobel mükafatı namizədliyi məsələsini də irəli sürdülər.

Azərbaycan üçün strateji qazanc və perspektivlər 8 avqust tarixi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji qazancı kimi qiymətləndirilə bilər. Bu mərhələ beynəlxalq diplomatiyada da yeni etibar və mövqe qazandırır.

İqtisadi əməkdaşlıq üçün yeni kanallar açır: investisiyalar, nəqliyyat marşrutları, enerji və rəqəmsal texnologiyalarda birgə layihələr.

Geosiyasətdə ABŞ-nin regiondakı təsirinin artması ilə birlikdə, mövcud güc balanslarında dəyişikliklərə gətirib çıxara biləcək proseslər də gözlənilir.

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı

28.07.2026




ictimaifikir.az@mail.ru