Peşəkar oftalmoloq, müdrik alim Zərifə xanım Əliyevanın anım günüdür

Bu gün - aprelin 15-də Zərifə xanımın anım günüdür. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 41 il ötür.
Zərifə xanımın xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. 1923-cü ilin baharında dünyaya göz açan Zərifə xanım Əliyeva erkən yaşlarından tibb sahəsinə könül verərək 1942-ci ildə Azərbaycan Dövlət Tibb İns­titutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və tibb sahəsində yüksək uğurlara imza atıb. Zərifə xanım 1954-cü ildə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə xoşbəxt bir ailənin təməlini qoyub və onlar birlikdə əsl ailə etalonu yaratmağa nail olublar. Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixində xüsusi yer tutur və bu ad təkcə elmi nailiyyətlərlə məhdudlaşmır. Onun fəaliyyəti müstəqil Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş milli səhiyyə modelinin formalaşmasına mühüm töhfə verib. Burada söhbət yalnız görkəmli alim-oftalmoloqdan deyil, peşəkar missiyasını dövlətçilik baxışı ilə uzlaşdırmağı bacaran bir şəxsiyyətdən gedir. Onun fəaliyyəti bir daha sübut edir ki, xalqın sağlamlığı dövlətin dayanıqlı inkişafının strateji resursudur. Zərifə xanım Əliyevanın elmi fəaliyyət göstərdiyi dövr səhiyyə sahəsində ciddi çağırışlarla səciyyələnirdi. XX əsrin ortalarında geniş yayılmış traxoma xəstəliyi yalnız tibbi problem deyil, eyni zamanda sosial-iqtisadi təhlükə idi, çünki əhalinin əmək qabiliyyətinə və həyat keyfiyyətinə birbaşa təsir göstərirdi. Məhz belə bir şəraitdə Zərifə Əliyevanın fəaliyyəti sistemli xarakter aldı. O, elmi tədqiqatlarla yanaşı, praktik səhiyyə tədbirlərinin təşkilində də fəal iştirak edir, regionlara səfərlər edərək müalicə və profilaktika işlərini yerində həyata keçirirdi. Nəticədə traxomanın Azərbaycanda sosial xəstəlik kimi aradan qaldırılması yalnız tibbi nailiyyət deyil, effektiv dövlət siyasətinin uğurlu nümunəsinə çevrildi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikamızda elmi potensialın güclənməsinin mühüm göstəricisi idi. Akademik M.İ.Averbax adına mükafata layiq görülməsi isə onun beynəlxalq elmi nüfuzunu təsdiqləməklə yanaşı, Azərbaycan elminin də yüksək səviyyədə tanınmasına xidmət edib. Zərifə Əliyevanın fəaliyyətində xüsusi yer tutan məqamlardan biri onun humanist dünyagörüşüdür. O, həkim peşəsini yalnız elmi fəaliyyət kimi deyil, insanlara xidmət missiyası kimi dəyərləndirirdi. Bu yanaşma bu gün də Azərbaycan dövlətinin sosial siyasətində öz əksini tapır.
Böyük xidmətləri və xeyirxah əməlləri ilə Azərbaycan səhiyyəsinin tarixində silinməz iz qoymuş görkəmli alim, əlişəfalı həkim, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, müdriklik məktəbidir. Tale Zərifə xanıma əfsanəvi bir həyat yazmışdır. O, Əziz Əliyev kimi görkəmli dövlət və elm xadiminin ailəsində dünyaya göz açmışdır. Dünya şöhrətli bir ölkə rəhbərinin həyat yoldaşı olmuş, Azərbaycana layiqli Prezident olan bir oğul bəxş etmişdir. O, həyatı boyu bütün qüvvə və bacarığını doğma xalqına xidmətə həsr etmiş və ömrünün sonunadək bu amala sadiq qalmışdır.
Zərifə xanımın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, çətinliklərdən qorxmayaraq, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərirdi.Dünya oftamologiya elminə töhfələrini verən, qeyri-adi peşəkarlığı ilə şöhrətlənən böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyeva əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanın gözəlliyini görmək kimi böyük xoşbəxlik bəxş etmişdir. Hər insan əməli fəaliyyətində bu səadətə – insanlara nur bəxş etmək səadətinə qovuşa bilmir. Böyük istedad, zəhmət, geniş qəlb və xeyrxahlıq insanı bu yüksəkliyə ucalda bilir.
Tibb elminə yeniliklər gətirməklə böyük uğurlara imza atan Azərbaycan qadınının parlaq siması Zərifə Əliyevanın ismi Azərbaycan tarixinə qızıl həriflərlə yazılıb. Gözü zədələyən və korluğa səbəb olan xəstəliklərin effektiv müalicəsində atdığı addımlar nəticəsində nəinki Azərbaycanda ölkə hüdudlarından kənarda da tanınmasına səbəb oldu. Müəllifi olduğu “Terapevtik oftalmologiya” kitabı hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalmaqdadır. “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə verir. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olan Z.Əliyevanın əldə etdiyi naliyyətlərlə yanaşı müalicə və proflaktika işlərinə şəxsən nəzarət etməsi, xəstəliklərin yayıldığı regionlara şəxsən səfər etməsi onun bir vətəndaş kimi xidmətlərindən xəbər verir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımı insanlara olan sevgisi, mərhəməti, xeyirxahlığı və elmə bağlılığı ilə seçilən, öz dövründə əfsanəvi nüfuz qazanmış nadir qadın kimi səciyyələndirib. O, Zərifə xanımı həm görkəmli alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, həm də ziyalı Azərbaycan qadınının parlaq nümunəsi kimi yüksək qiymətləndirib. Prezident İlham Əliyev isə qeyd edib ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi və ailə dəyərləri onun şəxsiyyətinin formalaşmasına dərin təsir göstərib. Dövlət başçısı Zərifə xanımın həyatının son anlarında belə məğrurluq və təmkin nümayiş etdirdiyini, insanlara və övladlarına olan sevgisini sonadək qoruduğunu vurğulayıb. Prezident İlham Əliyev onu əsl alim, xeyirxah insan və fədakar ana kimi dəyərləndirib.
Gərgin əməyi ilə uzun illər elmi nailiyyətlərə imza atan Zərifə xanım elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınır.Elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə dünya oftamologiya elmində öz möhrünü vurub. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftamoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olaraq qəlblərdə öz abidəsini ucaldıb.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrində yazırdı: "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi".

15.04.2026


[email protected]