Baharda dünyaya gələn şair

Qocayeva Nərmin Şirzad qızı
ADPU-nun müəllimi, "İctimai fikir.az" xəbər portalının 
Redaksiya Heyətinin Fəxri üzvü

Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi şairlər də vardır ki, illər qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur... Dahilər haqqında ürək sözü söyləmək həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz bir böyük insan, istedadlı bir şair haqqındadır, həyəcanın daha da artır. Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar şair, xalq şairi Səməd Vurğundur. S.Vurğunu kim eşitməyib?.. Onun qəlbləri məftun edən poeziyası və dramaturgiyası ilə tanış olan hansı kəs həyəcanlanmayıb?..
Həmişəyaşar şair S.Vurğun xalqın oxuyan qəlbi idi. O, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edirdi. S.Vurğun Odlar yurdunun taleyinin nəğməkarı idi. O, yeni dünyanın müğənnisi idi. Onu da qeyd edək ki, xalq şairi adını daşımaq ilk dəfə S.Vurğuna nəsib olub. Bu gün onun həmişəbahar yaradıcılığını yad etməmək, xatırlamamaq, söz söyləməmək mümkün deyildir.
S.Vurğun irsi çox zəngin və rəngarəngdir. O, görkəmli şair, istedadlı dramaturq, alovlu publisist, tənqidçi və nəzəriyyəçi, tərcüməçi, sülh uğrunda mübariz, mətin, dövlət xadimi kimi tanınmış, fəaliyyət göstərmiş, yaşayıb-yaratmış, məhşurlaşmışdır. S.Vurğun tükənməz bir mədəndir. Onun dərin qatlarına baş vurduqca yeni xəzinələr aşkar edirsən.
S.Vurğun şüurlu həyatını müasir cəmiyyətə həsr etmişdir. Şair gözəl amal və idealla üç yüzdən yuxarı içtimai-siyasi məzmunlu şeir, iyirmi altı gözəl poema, beş mənzum dram, iki yüzə yaxın məqalə, oçerkyazmış, bir çox məruzə və çıxışlar etmişdir. Səməd Vurğun təkcə
bədii yaradıcılıqda deyil, ümumiyyətlə hər sahədə təpədən-dırnağa qədər şair idi. Onun poetik ilhamı Azərbaycan torpağının, təbiətinin özü kimi zəngin, bərəkətli və səxavətli idi. Şairin ilhamı coşğun dağ çayına bənzəyirdi və hansı sahədən bəhs etsə idi, orada incilər,
 mirvarilər kəşf etmək iqtidarına malik idi. Şair Azərbaycan poeziyasını zirvələrdə  aldırmağa nail oldu. Onun yaradıcılıgında ən aparıcı cəhət vətən və xalq motivləridir. S.Vurğun əlinə qələm alandan özünü xalqın mübariz əsgəri sayırdı. O, zəhmət adamlarının əməyini, hünərini nəinki “Muğan” kimi gözəl poemasında, bir çox şeirlərində, həmçinin “Fatma xala” (1930), “Buxtada” (1931), “Bir səhər” (1942), “Muğanın yeni dövranı” (1952), “Mingəçevir işıqları” (1954) və s. kimi oçerklərində vəsf etmiş, onların dolğun surətini yaratmışdır. 
Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov) 1906-cı ildə Qazax qəzasının Salahlı  kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə alan Səməd 1918-ci ilə kimi Salahlıda yaşamış, sonra isə Qazaxa gəlmişdir. Bu zaman Qori şəhərindən müəllimlər  seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçmüşdü. Səməd Vurğun təhsilini burada davam etdirir. Kürdə üzməyi, at minməyi, anadil quşunun səsini tarda, sazda, skripkada çalmağı, nağıl dinləməyi, bədahətən şeir deməyi, riyaziyyatı çox sevirmiş. Qazaxa gələrkən
Firidun bəy Köçərlinin onun təhsilini davam etdirməsində böyük rolu olmuşdur. S.Vurğun 1924-cü ildə Qazax Pedaqoji Texnikumunu bitirir. Əvvəlcə rayonun Köçəsgər kəndində, sonra Gəncə, Quba rayonlarının ibtidai və orta məktəblərində müəllimlik edir. Elə həmin
illərdən mətbuatda arabir şairin səsi eşidilməyə başlayır. “Qızıl qələm“ ədəbiyyat cəmiyyətinin Gəncə şöbəsində çalışır. Müəllimlik, kollektivə qaynayıb-qarışmaq, mədəniyyət və sənaye ocaqlarında, fəhlə yığıncağında şeir oxumaq, ədəbi mübahisə və müzakirələrdə iştirak etmək S.Vurğunu tədricən içtimai həyatın axınına çəkir, onun
 həyat biliyini, məlumatını zənginləşdirir. İllər keçdikcə yaradıcılıq imkanları daha da çoxalır, aşıb-daşır. S.Vurğun bir-birinin ardınca gözəl şeirlər yazmaqla bərabər, dram əsərləri yaradır. Müxtəlif xalqların ədəbiyyatlarından bir çox tərcümələr edir, dövlət xadimi kimi mühüm işlərdə fəal çalışır. S.Vurğun 1935-1940-cı illər arasında dahi rus şairi Puşkinin “Yevgeni Onegin” mənzum romanını, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini, N.Gəncəvinin “Leyli və Məcnun” dastanını, M.Qorkinin “Qız və ölüm” poemasını və bir sıra digər şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edir. Bu sahədəki xidmətlərinə görə şair “Puşkin medalı” və Gürcüstan MİK-in fəxri fərmanı ilə təltif edilir.
Xalqımızın tarixi keçmişi və müasir həyatı onun ilhamını daha da coşdurur. Şair bir-birinin ardınca “Vaqif” (1938), “Xanlar” (1939), “Fərhad və Şirin” (1941), “İnsan” (1944) kimi qiymətli dram əsərlərini yazır. Müharibə illərində o, xüsusilə gərgin işləyir:

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən,


- deyən şairin səsi gah səngərlərdən, gah arxa cəbhədən eşidilir. Bu illərdə o,  Azərbaycan Yazıçılar İttifaqına ləyaqətlə rəhbərlik etməklə bərabər, əlli şeir, iki sanballı poema, üç mənzum dram, yeddi nəğmə, iyirmidən çox elmi-publisistik məqalə yazır. Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisistik, tənqidçi, alim, içtimai xadim, mədəniyyətin fəal qurucusu idi. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri sovet ədəbiyyatı xəzinəsinə möhkəm daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanmışdır. O, yorulmaz mübarız, gələcəyə nəzər salan arzular şairi idi. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin.
S.Vurğun 50 yaşında ikən bütün varlığı, odlu sənətkar qəlbi ilə sevdiyi bu gözəl dünyamıza gözlərini əbədilik yumdu. S.Vurğun ölümdən də güclüdür. Şairin öldüyü gündən onun ölməzliyi başlayır. O, daim qəlblərdə yaşayır. İndi hər yerdə sənətsevərlərin yaddaşında bir ad əbədiləşib: Səməd Vurğun. S.Vurğun vaxtilə dostlarına demişdi ki, “mən öləndən sonra 100 yaşım olanda məzarımın üstünə 100 bənövşə qoyun”. Bu vəsiyyətə rəğmən ilk 100 bənövşəni hörmətli Aybəniz xanım Vurğun qızı martın 22-də şairin qəbri üstə qoymuşdu. S.Vurğunsuz keçən illər S.Vurğunsuz keçməmişdir. Bu illərdə Vurğun milyonlarla oxucuların şüurunda yaşamış, qüdrətli bədii sözü ilə həmişə onların həyat və mübarizə yollarını işıqlandırmışdır. Heç bir şübhə ola bilməz ki, Vurğun vurğunu olduğu Azərbaycanla birlikdə yaşayacaq, gələcək nəsillərin şüuruna daxil olub onların da həyat və mübarizə yollarını işıqlandıracaqdır. S.Vurğun Azərbaycan ədəbiyyatı baniləri sırasında daim bir müsəlləh əsgər kimi var olacaq. Illər, əsrlər keçəcək, lakin vicdanın o möhtəşəm heykəli, Vaqif poeziyası həmişə yaşayacaqdır

10.04.2026


[email protected]