Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərdən biri
Əliyeva Xoşbəxt Təyyan qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru
“Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara Vətəni, milləti, torpağı sevməyi öyrədir”.
Ümummilli Lider Heydər Əliyev
Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalılarına və incəsənət xadimlərinə hər zaman böyük diqqət göstərmiş, onların yubileylərinin keçirilməsi, onlara müxtəlif fəxri adların verilməsi, əsərlərinin kütləvi çap edilməsi istiqamətində tədbirlər həyata keçirmişdir.
Ulu Öndərin Xalq şairi Səməd Vurğuna xüsusi sevgisi və hörməti olmuşdur. Səməd Vurğunu “gənclik illərinin şairi” adlandıran Heydər Əliyev onun əsərlərini yüksək qiymətləndirmiş, “Azərbaycan” şeirini isə ən çox sevdiyi şeir olmuşdur.
Heydər Əliyev Səməd Vurğunun əsərlərindən "bəhrələndiyini, onlardan mənəvi qida aldığını" səmimiyyətlə dilə gətirmiş, onun ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüşdür. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70, 80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır.
Ulu Öndər Azərbaycan ziyalısına, görkəmli söz adamına Səməd Vurğunun timsalında böyük qiymət vermişdir: “Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb-yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur".
Səməd Vurğunun şəxsiyyətinə, ziyalılığına, şeriyyatına daim yüksək qiymət verən Heydər Əliyev bu görkəmli Azərbaycan şairi haqqında demişdir:” Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur. Biz Səməd Vurğun ilə fəxr edirik".
Baharda dünyaya gələn Azərbaycan poeziyasının Vurğunu, Səməd Vurğun 1906-cı il mart ayının 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 400 illik tarixə mənsub Kosalı ağaları, sonralar isə Vəkilovlar adlanan bəy nəslinin nümayəndəsidir. Altı yaşı olarkən anasını itirən Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Atası Yusif ağa ömrünün son illərini Qazax şəhərində yaşamış və gözəl saz ifaçısı olmuşdur. Ana nənəsi Aişə xanım isə görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindəndir. Belə sazlı, sözlü bir mühitdə böyüyən Səməd orta təhsilini kənddə rus-tatar məktəbində almışdır.
Səməd Vurğun 1918-ci ildə Firudin bəy Köçərlinin açdığı Qazax müəllimlər seminariyasına qəbul olunmuş, seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə şəhərlərində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir. Lakin poeziyaya sevgisi və vurğunluğu şairi rahat buraxmır. Bütün varlığı ilə poeziyaya bağlı olan şair artıq 1920-1930-cu illərdə ədəbi mühitin diqqətini cəlb edə bilmişdi. Gənc yaşlarından öz qətiyyəti və hazırcavablığı ilə fərqlənən həssas ruhlu Səməd fitri istedadı sayəsində bir çox sahələrlə məşğul olmuş, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabirin yaradıcılığı ilə maraqlanmışdır. Sonrakı dövrlərdə şair böyük rus şairi Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərlərini Azərbaycan dilinə çevirmişdir.
Novruz bayramı günü dünyaya gələn Xalq şairi Səməd Vurğun ilk növbədə, xalqın adamı, sevimlisi idi. Şair ilk şeirlərini hələ seminariyada oxuduğu vaxtlarda yazmışdır. "Cavanlara xitab" adlı şeiri o vaxt Tiflisdə çıxan "Yeni fikir" qəzetində çap olunmuşdur. Şairin yaradıcılığının ən məhsuldar dövrü 1930-1940-cı illər hesab edilir. 1935-ci ildə artıq 7 poema və 100-dək şeirin müəllifi olan Səməd Vurğunun dillər əzbəri olan şeirlərindən "Azərbaycan", "Ceyran", "Dağlar", "Şair, nə tez qocaldın sən?", "Mən tələsirəm" və digər şeirləri bu gün də eyni dərəcədə sevilir. Onun "Komsomol poeması", "Talıstan", "Muğan" və "Aygün" poemaları bu gün də öz aktuallığını saxlayır.
Şair dramaturgiya ilə də məşğul olmuş və möhtəşəm dram əsərləri yaratmışdır. 1937-ci ildə yazdığı "Vaqif" dramı Səməd Vurğuna böyük şöhrət gətirmişdi. Əsərdə Molla Pənah Vaqifin faciəli həyatından, böyüklüyündən, şəxsiyyətindən və kamil insanlığından söhbət açılır. "Vaqif" dramına görə şair 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür. Bütün varlığı ilə xalqına, elinə bağlı olan şair öz yaradıcılığında xalq yaradıcılığını geniş təbliğ etmişdir. Çox az insanlara nəsib olub ki, hələ sağlığında ikən böyük xalq sevgisi, məhəbbəti qazansın.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar və zəngin olmuş, bir-birinin ardınca "Muğan", "Aygün", "Zamanın bayraqdarı" adlı poemalarını qələmə almışdır. Həyatının son illərində yazdığı şeirləri isə onun yaradıcılığının yeni səhifəsini təşkil edir. Bütün uğurlarına və xalq arasında qazandığı böyük nüfuzuna baxmayaraq, Səməd Vurğun təqib və təziqlərə məruz qalmışdır. Ona qarşı olan hücumlar bütün dövrlərdə olmuşdur. Lakin şairin yaradıcılığı və zəngin irsi qarşısında bunlar hamısı kölgədə qalır. Şair öz şöhrətinin zirvəsinə ucalır. 1955-ci ilin oktyabrında Səməd Vurğun SSRİ nümayəndə heyəti ilə Vyetnama gedərkən yolda xəstələnir. Səfərini yarımçıq saxlayan şair Çində Pekin xəstəxanalarının birində müayinə edilir. Bir neçə həftə sonra Vətənə qayıdan şairin xəstəliyi daha da şiddətlənir. Ağır xəstəlikdən əziyyət çəksə də yaradıcılığı ilə dünyaya meydan oxuyan şair yazırdı:
Ölüm sevinməsin qoy!..
Ömrünü vermir bada.
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
50 yaşı tamam olan ərəfədə yubileyinə hazırlıq getdiyi bir zamanda Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın Xalq şairi" adı ilə təltif olunur. May ayının 12-də 50 illik yubileyi keçirilən Səməd Vurğun iki həftə sonra 1956-cı il may ayının 27-də dünyaya gözlərini əbədi yumur. Şair Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilib.
10/04/2026
[email protected]