Dilimizin Səməd Vurğun zirvəsi
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı
Görkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firidun bəy Köçərli Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax Müəllimlər Seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd Vəkilov (1902-1975) da var idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlamışdır. 1920-1930-cu illərdə şairin səsi ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edirmişdir.
Seminariyada o, ilk şeirlərini qələmə almış və ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunmuşdur.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdır. 1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranmış və bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilmişdir. 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri də Səməd Vurğun olmuş və o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.
Gəlin, biz də ana yurdumuzun hər guşəsinə Günəş şəfəqləri tək öz şöləsini yayan bu poeziyanın nurundan bəhrələnək, Vurğun yaradıcılığının zirvəsinə; şeirlərə, hikmət dolu misralara, müdrik kəlamlara ucalaq... Gəlin, ürəyi, qəlbi, könül dünyası uca qüdrətin nəfəsi ilə sehrlənmiş sözlə dolu “elə bağlı sənətkar”ın şirin, məlahətli və melodik səslənən ahəngdar şeir dilinə nəzər salaq:
De, yolun düşdümü Muğan düzünə?
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran!?
Nə qədər böyük hikmət! Nə qədər şirin, duyğusal ifadələr! Şair qələminin qüdrəti ilə ucalan, yüksələn, qüdrətlənən, şöhrətlənən ana dilimiz!
Budur dilimizin Səməd Vurğun zirvəsi! Budur “hər kəlməsi, hər sözü mehriban anamızın təbəssümü ilə bəzənmiş”dilimizin ecazkarlığı, onun sehri, ürəkləri fəth edə biləcək əzəməti, mənəviyyatımızı durulaşdıracaq, saflaşdıracaq möhtəşəmliyi! Həm də bu misralarla şair bizlərə estetik tərbiyə aşılayır, estetik hissiyatımızın yaradılmasına, gözəllik barədə duyğularımızın formalaşdırılmasına xidmət etmiş olur.
Səməd Vurğunun yaradıcılığında ana dili milli mənliyin, tarixi yaddaşın və mənəviyyatın təməli kimi çıxış edir. O, Azərbaycan dilinin zənginliyini, şirinliyini və xalq ruhunu bədii dilin ən yüksək zirvəsinə qaldıraraq, aşıq poeziyası və xalq danışıq dilindən ustalıqla istifadə etmiş, dili millətin dirilik mayası kimi vəsf etmişdir.
Dil Vurğun üçün təkcə ünsiyyət vasitəsi deyil, milli mənliyin və mənəviyyatın daşıyıcısıdır. Onun əsərlərində ana dili doğma Vətən anlayışı ilə bütövləşir.
Folklorla Bağlılıq: Şairin dilində bayatı üslubu, aşıq poeziyası və dastan motivləri (xüsusilə "Koroğlu" ruhu) geniş yer tutur ki, bu da ana dilinin ənənəvi çalarlarını qoruyub saxlayır.
Poetik Dilin Zənginliyi: Vurğun xalqın danışıq dilindəki incəlikləri, sözlərin məna çalarlarını dəqiq ifadə edərək, bədii dilin sadəliyini və axıcılığını təmin edən mütəfəkkir şair kimi tanınır. Onun şeirlərində (məsələn, "Azərbaycan" şeiri) dil, torpaq və xalq birliyi tərənnüm olunur, ana dili milli qürur mənbəyi kimi göstərilir.
S.Vurğun hər zaman söz axtarışında olub. Axtarışda şairin qarşısına bayatı çıxıb, onun söz dünyasına atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanıb. “Dədə Qorqud və Füzuli, Aşıq Ələsgər və Vaqif... bu sözün əbədi yolu kimi onu ölməzliyə yönəldib. Bu adamların taleyi Azərbaycan dilinin taleyidir”. Ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər olan xoşbəxt sənətkarlardan biri olaraq S.Vurğun poeziyamızda “bülbülü susmayan bir gülüstan”dır.
Qədim yunan alimi Arximed demişdir ki, mənə istinad nöqtəsi verin, Yer kürəsini öz məhvərindən qoparım. S.Vurğun isə poeziyada xariqələr yaratmaq üçün özünə dayaq nöqtəsi kimi ana dilimizi seçmiş, bir baza olaraq ona istinad etmiş, onun imkanlarından məharətlə yararlanmışdır.
”Vurğunu düşünərkən” canımızla, qanımızla yazdığımız Azərbaycanımızı düşünürük, “ana gözlərindən süzən nur kimi ürəyimizə hopan” dilimizi düşünürük, bizlərdə incə, zərif, gözəl hisslər, duyğular yaradan füsunkar təbiətimizi düşünürük, özümüzü - varlığımızı düşünürük:
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal səni...
Dilimizin Səməd Vurğun zirvəsi!Öz ürək sözlərimi ulu öndər Heydər Əliyevin şair haqqında dediyi fikirlər ilə bitirmək istərdim:
“Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır.
S.Vurğun əgər bu günləri-Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir”.
S. Vurğun yaradıcılığı Azərbaycan ədəbi dilinin saflığının qorunması və zənginləşməsində xüsusi "zirvə" hesab olunur.
10.04.2026
[email protected]