Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Tarixən dövlətimizin, dövlətçiliyimizin inkişafının bütün mərhələlərində Azərbaycan qadınları kişilərlə bərabər fəal iştirak edib və öz layiqli töhfələrini verib. Bu görkəmli simalardan biri də ictimai xadim, akademik Zərifə xanım Əliyevadır. Onun keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və banilərindən biridir. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışıb. Qəlblərə, gözlərə nur gətirən Zərifə xanımın elm sahəsində də çox böyük nailiyyətlərə sahib olub. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub. Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator alim idi.
Zərifə xanım Əliyeva cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə də dəyərli töhfələr verib. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır”.
Zərifə Əziz qızı Əliyeva, Azərbaycan tibb elminə böyük töhfələr vermiş, öz ömrünü insanların sağlamlığına həsr etmiş bir alim və həkimdir. Onun apardığı elmi tədqiqatlar, xüsusilə oftalmologiya sahəsindəki uğurları, tibb tarixində əvəzsiz iz qoymuşdur.
Zərifə xanım təkcə tibb sahəsində deyil, həm də cəmiyyətdə sağlamlıq məsələlərində maarifləndirmə işlərinə xüsusi diqqət yetirmiş, bu yolda çox sayda gənc həkim yetişdirmişdir. Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Zərifə xanım Əliyeva eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. O, dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymayıb, hər zaman onun dayağına çevrilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Zərifə xanım haqqında dedikləri bunu təsdiq edir. Ümummilli lider demişdir: “O mənə sadəcə ömür-gün yoldaşı deyildi. O mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi. Mənim üçün o, birinci növbədə, böyük bir insan idi.” Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirib. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan xalqı üçün tərbiyə etdiyi, böyütdüyü əsl vətənpərvər oğul, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu gün bizim yaşadığımız böyük qürur hissi, 2020-ci ildə qazandığımız böyük zəfər məhz vətənpərvər ruhda böyümüş, milli-mənəvi köklərinə bağlı, ailə ənənələrini çox dərindən mənimsəmiş şəxsiyyətin Azərbaycan xalqı qarşısında xidməti oldu. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.
Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Mehriban xanım Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.
Azərbaycan xalqı Zərifə Xanım Əliyevanı dərin hörmət və ehtiramla xatırlayır, onun xalqımız qarşısındakı xidmətlərini unutmur, onun ömür yolunu öyrənərək gələcək nəsillərin yetişdirilməsində, ailə modelinin formalaşdırılmasında nümunə kimi tətbiq edirik.
Həsənova Afət İbrahim qızı
ADPU-nun Musiqi və onun tədrisi texnologiyası
kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru
15.04.2026
[email protected]