Rəsmi Pekin: ABŞ-ın diplomatlarını Çindən çıxarmaq niyyəti narahatlıq doğurur

Rəsmi Pekin: ABŞ-ın diplomatlarını Çindən çıxarmaq niyyəti narahatlıq doğurur
 
 

Rəsmi Pekin sərt karantin qaydalarına məruz qalmamaqdan ötrü ABŞ-ın öz diplomatlarını Çindən çıxarma niyyətindən ciddi narahatlığını və narazılığını ifadə edib.

ictimaifikir.az xəbər verir ki, bu narahatlığı Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien yanvarın 26-da keçirdiyi mətbuat konfransında dilə gətirib.

Çin XİN rəsmisi bildirib ki, pandemiya ilə mübarizə tədbirləri diplomatik və konsulluq əlaqələri haqqında Vyana konvensiyalarına uyğundur. "Çin şübhəsiz hazırda dünyada ən təhlükəsiz ölkədir və ən təhlükəsiz yerdən diplomatların çıxarılması yalnız ABŞ diplomatik heyəti arasında yoluxma riskini böyük ölçüdə çoxaldacaq”, - deyən Cao Licien əlavə edib ki, ABŞ tərəfinin qərarının məntiqi anlaşılmazdır və ədalətli göstərilməsi çətindir.

Qeyd edək ki, bəzi media orqanları diplomatik mənbələrə istinadən, ABŞ Dövlət Departamentinin diplomatlarına və onların ailə üzvlərinə Çində tətbiq olunan epidemiya əleyhinə sərt qaydalara məruz qalmamaları üçün Çini tərk etməyə icazə verməyi planlaşdırdığı barədə xəbər yayıb. Bildirilir ki, ABŞ səfirliyi Pekində keçiriləcək Qış Olimpiya Oyunları qabağı epidemiya əleyhinə qaydaların sərtləşdirilməsini əsas götürərək, Dövlət Departamentinə müvafiq xahiş ünvanlayıb. Sözügedən qaydalardan biri kimi məcburi olaraq xəstəxanalara yerləşdirilmə və uşaqlardan ayrı salınma göstərilib.

COVID-19 böhranı təzə başlayanda ABŞ Çindəki diplomatları və onların ailə üzvləri də daxil olmaqla təxminən 1300 nəfəri təxliyə etmişdi.





[email protected]