Mehriban Zeynalova: "Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil”
Azad İsazadə: "Əgər bir ana özünü və övladlarını öldürürsə...”
Əhməd Qəşəmoğlu: "Səbəb odur ki, cəmiyyətdəki mənəvi dəyərlərin gücündən lazımı şəkildə istifadə etmirik”
Son vaxtlar gənc anaların dramı ilə tez-tez rastlaşırıq desək yanılmarıq. Belə ki, əvvəllər övlada qarşı həssaslıq dedikdə ağıla analar gəlirdi. İndi isə bu sözü bütün analara şamil etmək olmaz. Çünki son zamanlarda anaların öz övladlarını öldürməsi, övladları ilə birgə intihar etməsi və ya onları atıb "xoşbəxtlik” axtarışına çıxması kimi xəbərlərlə tez-tez rastlaşırıq.
Kimiləri cəmiyyətdəki bu cür eybəcərliklərin artmasının səbəbini qadınların çiyinlərinə düşən ağır yüklə əlaqələndirir, kimisi isə cəmiyyətdəki aqressivliklə.
Maraqlıdır, bəs əslində səbəb nədir? Nəyə görə analar övladlarına bu və ya digər formada qıyır, azyaşlı övladlarını da ataraq qaçırlar?
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunun səbəbinin qadınların psixoloji gərginliyi ilə əlaqəli olduğunu dedi: "Bu, hamının həyatında var. Kimlərsə psixoloji cəhətdən buna hazır ola bilir, kimlərsə dözmür. Bəzi hallarda müşahidə etmişik ki, qadınların müəyyən bir qismində psixi dəyişikliklər mövcuddur.
Sosial rolların dəyişdiyi bir durumda qadınlar bu qədər yükü öz üzərlərinə götürə bilmirlər. Əvvəllər struktur var idi və bu strukturda kişilərin öz rolu vardı ki, ailənin yükünü daşıyırdı. Yəni kişilər məsuliyyəti, idarəetməni, müdafiə etmək kimi vəzifələri həyata keçirirdilər. Qadın isə evin içində uşaqların tərbiyəsi və inkişafı ilə məşğul olurdu. İndi bu struktur xeyli dəyişib. Qadınların çiyninə daha çox yük düşür. O həm sosial şəbəkələr, televiziyalardan gələn informasiyaları alır, ailədən gələn münasibətlər, uşaqların öhdəlik və vəzifələri, bəzən kişinin də rolunu öz üzərinə götürmək kimi davranışlar ortaya çıxdığından bütün qadınlar bunu daşıya bilmir. Bəzi qadınlarda psixi bir gərginlik, dəyişkənlik var. Bəzən kimsə buna dözür, bəzən intihar edir, bəzən evdən gedib azad olmağı düşünür. Yaxud kimsə həyatını dəyişib özü üçün yaşamaq istəyir və düşünür ki, azadlıqdırsa, nəyə görə mən bu yükü daşımalıyam, bu yük niyə mənim üstümdə olmalıdır və kimlərsə xoşbəxtlik axtarmaq dalınca gedir”.
M.Zeynalova bu gün qadınların daha çox qınaq obyektinə çevrildiyini və bəzi hallarda qadına dəstək vermək lazım olduğunu dedi: "Bu gün qadınları daha çox qınayır, ittiham edirlər. Amma bəzi hallarda qadına dəstək vermək, onu bu çətin durumdan çıxarmaq haqqında düşünmək lazımdır. Müasir dövrün bütün yükünü qadının üzərinə yükləmək doğru deyil. Düzdür, gender bərabərliyindən danışırıq. Amma psixoloji cəhətdən, körpəlikdən bu qadınlar bu ağırlığı daşımağa hazırlanmır. Bizdə nəyə hazırlayırlar - ərə gedəcəksən, ərin sənə baxacaq və sairə. Axı bu artıq ənənəvi deyil. Ər bütün bu yükü götürmür ki, qadın digər yükü öz üzərinə götürsün. Bu baxımdan, mən düşünürəm ki, hadisələrin bu cür cərəyan etməsinin səbəblərindən biri psixoloji gərginliklərlə bağlıdır. Ola bilsin, qadın özünə hesabat vermir ki, mən uşağımı atıb gedirəm. Yəni əvvəlki o övlada bağlılıq məsələsinə qədər o psixoloji gərginlik dəyişə bilib. Bizim şüurumuzda, davranışımızda bu dəyişikliklər baş verir”.
Psixoloq Azad İsazadə son vaxtlar cəmiyyətdə aqressivliyin artdığını dedi: "Əgər bir xanım özünü və övladlarını öldürürsə, ilk növbədə biz məişət zorakılığı haqda düşünməliyik.
Deməli, bu xanım o qədər dəhşətli təzyiqlərə məruz qalıb ki, o heç uşaqlarının da dünyada qalmasını istəmir. Bu bir versiyadır. Sözsüz ki, istisna etmirəm ki, bəlkə də hansısa bir ruhi pozuntu da ola bilər. Uşaqlarını qoyub qaçan ana da həmin versiyalara uyğundur. Ümumiyyətlə, cəmiyyətdə aqressivlik artıb və bu da istər-istəməz məişət davranışlarında hiss olunur. Autaqressiya - özünə qarşı aqressiyadır. Sui-qəsdlə nəticələnən aqressiyadır. Onun ikisinin kökü də eynidir. Bəzi insanlarda aqressiya kimlərəsə qarşı, bəzilərində özlərinə qarşı olur”.
Sosioloq Əhməd Qəşəmoğlu isə bütün bunların cəmiyyətdə günü-gündən mənəvi dəyərlərin itməsi ilə əlaqəli olduğunu dedi: "Cəmiyyət o vaxt tənzimlənir, arzuolunan halda olur ki, orada tənzimləyici mənəvi dəyərlər olur.
Təəssüf ki, biz bu işi başlı-başına buraxmışıq. Cəmiyyət günü-gündən mürəkkəbləşir. Belə cəmiyyətdə elmi təminat olmadan, arzu edilən kimi onları idarə etmədən davam etmək mümkün deyil. O zaman bu cür eybəcər hallar çoxalacaq. Hər gün sayta çıxan 3-4 bu cür hallarla bağlı xəbərlər oxuyuruq. Bütün bunlar onunla bağlıdır ki, biz cəmiyyətdə mənəvi dəyərlərin gücündən lazımi şəkildə istifadə etmirik. Bizə təcili şəkildə elmə əsaslanmış fəaliyyət proqramı lazımdır. Orta məktəbdə savadı lazımi səviyyədə olmayan bu qadınlarımız sosial şəbəkələrdə arzu olunmayan proseslərlə, insanlarla rastlaşırlar. Buna da onların mənəvi, intellektual durumu hazır deyil. Ona görə də bu cür əcaib nəticələr ortaya çıxır. Mən ekspert olaraq həyəcan təbili çalaraq deyirəm ki, bu məsələlərə müdaxilə edilmədikcə, belə eybəcər hallar daha da artacaq. Bu hələ üzə çıxan xəbərlərdir. Üzə çıxmayanlar bundan dəfələrlə çoxdur. İndi mən hansı məsul şəxsi çağırıb desəm ki, gəlin bu məsələlərlə məşğul olaq, deyəcəklər ki, Əhməd müəllim öz biliyini nümayiş etdirir. Amma bütün dünyada bu kimi şeylərə elmi yanaşılır, müdaxilə edilir və bizdə də buna ehtiyac var. Əgər kimsə bunu çətin hesab edirsə, mən o fəaliyyət proqramını hansı səviyyədə istəyirlərsə, hazırlayım. Təki bu işi görən olsun”.