Hakim Respublikaçılar Partiyası (RP) Ermənistanın yeni parlamentinin sədri vəzifəsinə Ara Babloyanı namizəd irəli sürüb. Bununla bağlı partiyanın mətbuat katibi Eduard Şarmazanov təşkilatın toplantısından sonra jurnalistlərə deyib.
İctimaifikir.az Musavat.com -a istinadən xəbər verir ki, Babloyanın namizədliyini prezident Serj Sərkisyan irəli sürüb. Vitse-spiker vəzifələrinə isə Eduard Şarmazanov və Arpin Ovannisyan namizəd göstərilib. Parlamentdə ERP-nin fraksiya rəhbəri əvvəlki kimi Baqram Baqdasaryan, katibi isə Qaqaik Melikyan olacaq. Habelə, maliyyə-büdcə məsələləri üzrə komissiyaya Qaqaik Minasyan, xarici məsələlər komitəsinə Armen Aşotyan, iqtisadi komitəyə Xosrov Arutyunyan, müdafiə və daxili məsələlər komitəsinə Koryun Haapetyan rəhbərlik edəcək. 2 apreldə saxta yolla formalaşdırılan Ermənistan parlamenti sabah, 18 mayda ilk plenar iclasını keçirəcək. Hakim partiya çoxluq təşkil etdiyindən sədarətin seçilməsi də sadəcə formal olacaq.
Ermənistan parlamentinin yeni sədrinə gəldikdə, o, 1947-ci ildə İrəvanda anadan olub. İxtisasca həkim olan Ara Babloyan Qarabağ məsələsində aqressiv mövqeyi ilə seçilən deputatlardandır. O, hətta bir neçə il əvvəl azərbaycanlı deputatlarla Fransada görüşün baş tutmaması üçün əlindən gələni etməklə diqqəti özünə cəlb etmişdi. Bu mənada güzəştli sülhdən imtina edən S.Sərkisyanın saxta parlamentə özünə bənzər birisini namizəd göstərməsi gözlənilən idi.