“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdir. Tarix üçün çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.
1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
Həmin tarixi və möhtəşəm gündən artıq 27 illik bir müddət keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqillik və azadlıq qurbanlar bahasına, çətinliklə əldə olunur.
Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olundu. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi Vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı rəhbərləri belə vacib, taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.
Məhz buna görə də torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir.
Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
27.05.2024
[email protected]