HEYDƏR ƏLİYEV və onun qurduğu AZƏRBAYCAN

Tarixi yaradan dahi şəxsiyyətlərdir. Ölkələrin, xalqların və dövlətlərin taleyini müəyyən edən və istiqamətləndirən başlıca amil dövrün tarixi şəxsiyyətləri olub. Əslində tarixi dövr əhəmiyyətli dərəcədə konkret zaman kəsiyində siyasi iradəni ifadə edən şəxsiyyətlərin və onun ardıcıllarının fəaliyyət xronologiyası qismində təzahür edir. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir.
Azərbaycanın müasir tarixi Ümummilli Lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.
Bu günlərdə nə qədər qəribə səslənsə də, təxminən 30 il bundan əvvəl yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı xilas etmək zərurəti yaranmışdı. Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə onun sosial, iqtisadi və mədəni inkişafına, əslində isə çoxlarının birmənalı şəkildə qeyd etdiyi kimi, intibahına nail olmuş Heydər Əliyev yeni tarixi şəraitdə xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu.
Müasir tariximizə Heydər Əliyevin möhtəşəm qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər uğurlarla müşayiət olunmuşdur. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə, ölkəni bürümüş siyasi və iqtisadi tənəzzülə, hakimiyyət böhranına son qoyuldu. 
Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat və azad insan kimi dəyər və prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə sözün həqiqi mənasında ən müasir dövlətçilik dəyərlərinin və Heydər Əliyev ideyalarının sintezini ehtiva edir.
Məhz elə buna görə Azərbaycan Respublikası Heydər Əliyevdən sonra da böyük inkişaf və təkmilləşmə potensialına sahib olduğunu nümayiş etdirir, xalqımızın iradəsini və maraqlarını layiqincə təmsil etmək imkanlarını göstərir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətini özünün şah əsəri adlandırırdı və bütün xalq onun bu dəyərləndirməsini birmənalı şəkildə qəbul edirdi, bu gün də edir. Bu, xalqımızın Ümummili liderin misilsiz tarixi xidmətlərinə verdiyi qiymətin əyani ifadəsidir. 
Ümummilli lider Heydər Əliyev xarici düşmənlərimizin bütün dövrlərdə ölkəmizi diz çökdürmək məqsədilə istifadə etdikləri “erməni kartı”na qarşı uzunmüddətli perspektivlərə malik neft strategiyasını işləyib hazırlamışdı. Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin, həmçinin, Bakı-Ərzurum qaz kəmərinin region ölkələri, eyni zamanda, türk dünyası dövlətləri üçün necə böyük əhəmiyyətə sahib olduğu hər birimizə olduqca bəllidir. Heydər Əliyev yürütdüyü uzaqgörən və məharətli siyasət nəticəsində ölkəmizin xarici ölkələrlə əlaqələrinə zərbə vuran qüvvələri zərərsizləşdirməyi bacarmışdır. Böyük İpək Yolu ideyasını dirçəltməklə Azərbaycanı iqtisadi blokadadan çıxarmışdı. Böyük İpək Yolunun dirçəldilməsi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, iqtisadi-mədəni oyanışında misilsiz rol oynayıb.
Müasir və qüdrətli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyev ənənələrini davam etdirərək apardığı uğurlu siyasət nəticəsində Azərbaycan artıq regionun coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı proseslərə təsiri getdikcə artmaqdadır. Heydər Əliyev irsi Azərbaycan xalqı üçün əvəzolunmaz nemətdir. Məhz onun dönməz iradəsi, sarsılmaz əzmi sayəsində xalqımızı elə bir tarixi imkan əldə etmişdir ki, bunun sayəsində Azərbaycan köhnə dünyadan və onun ənənələrindən sürətlə uzaqlaşmağa, elm, mədəniyyət, təhsil, ən əsası ictimai-siyasi intibah yoluna qədəm qoymağa nail olmuşdur.


QULAMƏLİ BALAŞOV
ADPU-nun Riyaziyyatın ibtidai kursunun
tədrisi texnologiyası kafedrasının dosenti,
riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
"Qabaqcıl təhsil işçisi",YAP-ın üzvü



[email protected]