SON XƏBƏRLƏR
Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük.

Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. 
Sultanova Gülşən Abdul qızı
BDU-nun Coğrafiya fakültəsinin
"Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosenti,
"Şuşa-270” media medalı mükafatı laureatı

 
Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub, yaşadıb. Nəsillərdən-nəsillərə ötürülən bu ənənə, milli mənəvi dəyərlərə bu sadiqlik bu gün də davam edir. Ölkəmizdə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc birgə yaşayışında, qarşılıqlı anlaşmasında, əmin-amanlıqda məhz bu amil mühüm rol oynayır.Bizim milli-mənəvi dəyərlərimiz milli tarix, milli dil, dinimiz, milli mədəniyyət, incəsənət, ədəbiyyatımız, milli özünüdərk, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz və s.-dir. Bu gün Azərbaycan ərazisini gəzdikcə eramızdan əvvəldən başlayaraq müxtəlif tarixi dövrlərə, xalqlara, dinlərə, inanclara, mədəniyyətlərə aid qədim abidələrlə qarşılaşırıq. Xalqın milli mənəvi dəyərlərə sadiqliyini sübut edən bütün bu abidələr həm də zəngin milli sərvətimizdir. Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələri, nümunəvi dövlət-din münasibətləri formalaşıb. Bu təcrübə, milli mənəvi dəyərlərin qorunması Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə Azərbaycan dövləti öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və düzgün təbliğ olunması istiqamətində də mühüm addımlar atılıb.      
Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi:  "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”. 
Milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişikliklər başlanmışdır. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edən ulu öndər Heydər Əliyev 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdur.Ümummilli liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, ulu öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Onun məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur. 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi o zaman "Kremlə sancılan əzəmətli türk bayrağı”  kimi dəyərləndirilirdi. Ulu Öndər həmin vəzifədə də milli maraqlara xidmət etməyi böyük məharətlə bacardı.    Ulu Öndər sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır.O, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz hamılıqla, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli birliyimizin gücü Vətən müharibəsində tarixi Zərəfimizin qazanılmasında özünü göstərdi.Milli dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ümummilli liderin  fikrincə, milli  dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu Öndər, milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi.Görkəmli dövlət xadimi deyirdi ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.Ümummilli lider milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan, Ulu Öndər deyirdi: "Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.Ümummilli liderimizin siyasi varisi kimi   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini də xalqımız böyük minnətdarlıqla qarşılayır.
Ulu Öndərin milli dəyərlərin yaşadılması istiqamətindəki siyasi fəaliyyəti hər zaman aktualdır və bu siyasət Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biridir.  Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi.Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Heydər Əliyev öz çıxışlarının birində deyirdi: "Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir.  Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətini ifadə etməyə kifayət edir. Ulu Öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürünə çevrildi.     Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, o cümlədən İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməkdə davam edir. Qeyd olunmalıdır ki, Azərbaycanda "Multikulturalizm ili" bəzi Avropa ölkələrində miqrantlarla alçaldıcı rəftar edildiyi, islamofobiyanın artdığı, İslamın guya zorakılığa çağıran bir din kimi təqdim olunduğu bir vaxtda elan olundu. Bütün bunların məntiqi davamı olaraq, "İslam Həmrəyliyi ili" çərçivəsində Bakıda IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirildi. Oyunlar ərzində bütün müsəlman ölkələri məhz Azərbaycanın paytaxtında birləşdi, Bakı 54 ölkəni, yəni dünyanın ?-ni "Sülh, həmrəylik" şüarı altında birləşdirdi. 
Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, islam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın mənəvi inkişafında gənclərimizin əxlaqının formalaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islamın rolu əvəzsizdir. İslam bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır.İslamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi-nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu Öndər milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Azərbaycan xalqının milli həmrəyliyinin bərqərar olmasında Qurban bayramının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev 2003- cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən demişdir: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha çox birləşməsini təmin etsin, azad , müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin”.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi gündən milli-mənəvi dəyərləri diqqət mərkəzində saxladı, milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdi. Ulu öndər qeyd edirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Heydər Əliyev azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi.Ümummilli lider Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə bəlkə də maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir. Ulu Öndər özünün mənəviyyatla bağlı məşhur 2001-ci ilin avqust bəyanatında milli mentalitetlə əlaqədar demişdir: "Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Ulu Öndər Heydər Əliyev türkdilli xalqların öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini qorumağı və onları zənginləşdirməyi həmişə dəstəkləmişdir. Bu baxımdan ümummilli lider Heydər Əliyev türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən Türksoy təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz milli soy-kökə bağlantının əsas atributlarından biri olan ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını dərindən dərk edən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti birmənalı olmuşdur. Totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq əksər təntənəli tədbirlərdə səlis Azərbaycan dilində çıxış etməklə Heydər Əliyev cəmiyyətə doğma dilin digər dillər üzərində dominantlığını qabartmaqla Azərbaycan dilinə bağlı olmağın və  tarixi irsi yaşatmağın nümunəsini ortaya qoymuşdur.
Azərbaycan günümüzdə müasir, dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir. Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə idxalı deyildir. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, Ulu Öndərin bizə əmanət etdiyi Azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli mənliyimizi qorumağı nəzərdə tuturuq. Bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilibdir. Bu uğurlu siyasət mənəvi sahəni də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Qafqazın ən möhtəşəm məscidi olan Heydər məscidi dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, Təzə Pir məscidi, Hacı Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi dövlət hesabına təmir-bərpa edilmişdir. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza atmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, həmçinin Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da xalqımızın tolerantığının və sülhpərvərliyinin əyani sübutudur.
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bugünədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.
Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi .Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi.Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların "Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Ulu Öndər Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.
Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır; mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adil vicdan dayanır. Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var.Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adətənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adətənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi,  ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir.Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Bu mənada dəyərlərin yaşamasında ən ağır yük inanılmış, içində millimənəvi dəyərlərə söykənən Vətən sevgisi yaşadan ziyalıların çiyninə  düşür. Bir sözlə yuxarıda qeyd edildiyi kimi, milli-mənəvi dəyərləri, adət-ənənələri qələm adamları, ədəbiyyat və incəsənət xadimləri, bir sözlə böyük ziyalılar yaratdıqları əsərlərdə yaşatmiş, gələcək nəsillərə çatdırmışlar.Milli-mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Dilimiz, dini inancımız, adət-ənənələrimiz, həmçinin  tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir.  Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi naminə vacib və əhəmiyyətlidir. Azərbaycan xalqı əsrlərdir ki, məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından, çətin imtahanlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.
 
P.S. Gülşən xanım bu yaxınlarda "Peşəkar müəllim" media mükafatına layiq görülüb. Bu münasibətlə onu təbrik edir, uğurlarının davamlı olmasını, daha böyük nailiyyətlərə çatmağı arzu edirik. 




[email protected]