Məşhurların kaprizləri: “O sudan olmasa, Bakıya gəlməyəcəm”

Məşhurların həyatı daim sevənlərinin maraq dairəsində olub. Canlandırdıqları obrazlarla, səhnə performanslarıyla tanınan sənət adamları kaprizləri və qəribə istəkləri ilə də məşhurdurlar. Konsertə çıxmazdan əvvəl kino və ya serialların çəkiliş meydançasında etdikləri tələblər çox zaman insanların təəccübünə səbəb olub.

Məşhur reper Kanye Uest kulisdə bütün divarların və əşyaların ağ rəngdə olmasını, qızı North üçün 8.000 dollar dəyərində bir yataq və ona xüsusi yeməklər hazırlayacaq bir aşpaz istəyir. O, yatağın niyə 8000 dollar olmasını isə hələ də açıqlamayıb.

Müğənni Mariah Carey kulisində bala pişiklərin və şampanların olmasını şərt qoyur.

Maraqlı səhnə şouları və hit mahnılarıyla bir çox sevəni olan Lady Gaganın tələbləri də qəribəliyi ilə seçilir. O, kulisində yarısı isti, yarısı soyuq olmaqla, tam 56 şüşə su və fıstıq əzməsi tələb edir. Ayrıca bir konsertindən öncə kulisinə vitrin manekeni istədiyi də məlumdur.

Məşhur futbolçu Messi isə otel otağında 3 ədəd jakuzi, basketbol səbəti, 28 dərəcə istiliyə sahib bir hovuz və xidmətçi istəyir.

Bəs, azərbaycanlı sənətçilərin hansı kaprizləri var?

Müğənni Brilliant Dadaşova proqramların birində kaprizlərindən bəhs edib: “Adi, qazsız su istəyirəm. Mütləq şüşə qabda olmalıdır. Kapron butulkada gətirsələr, içmirəm. Oteldəki dəsmallardan istifadə etmirəm, iyrənirəm. Nə qədər dəbdəbəli otel olsa da, götürmürəm. Kağız salfetlər gətizdirirəm, çiməndə də, əl-üzümü yuyanda da onunla silirəm. Amerikaya mükafatlandırma gecəsinə dəvət ediləndə tələb etdim ki, biznes-klassda uçacağam, yanımda heç kim əyləşməməlidir. Mən qoxulara qarşı həssasam. Yanımda xoşlamadığım ətir vuran adam otursa, ölə bilərəm. Ona görə də onlar iki bilet aldılar”.

Müğənni Nüşabə Ələsgərli isə bildirib ki, təmizliyə qarşı həssasdır. O təmizliyindən əmin olmadığı məkanlardan uzaq gəzir.

Müğənni Ədalət Şükürov natəmiz avtomobillərə minmir: “Bizim xoşumuza gəlməyən və qəbul etmədiyimiz çox şey var. Belə ki, hər bir insanın öz kaprizləri olur. Mən elə yaşdayam ki, artıq kaprizdən keçmişəm. Əvvəllər kapriz vardısa, indi azdır. Səliqəsiz maşına minməkdən xoşum gəlmir”.

Azərbaycanda qonaq olan ulduzlar da qəribə itəkləri ilə seçilir

Azərbaycana gələn xarici ulduzlar da öz kaprizləri ilə yadda qalıb. Təşkilatçı Samir Xəttab deyir ki, hər bir sənətçinin texniki və məişət tələblər olur. Bunları da yerinə yetirmək vacibdir: “Mənim təşkilatçılığım ilə Azərbaycana bir çox tanınmış sima gəlib. Lakin onların hər hansı kaprizi məni təəccübləndirməyib. Məsələn, biri xüsusi maşın modeli istəyir. O biri qalacağı otelin 5 ulduzlu olmasını tələb edir. Siyahını daha da uzatmaq olar. Özəl yemək menyusu, biznes-klassda uçmaq və s. Bunlar standart tələblərdir. Ən qəliz tələb Dima Bilanın tələbi idi. Ona görə də konsertini etmədim. Sənətçinin otağın temperaturu, maşındakı içki siyahısı, kulislə səhnə arasındakı məsafəyə qədər ciddi tələbləri var idi. Bakıya gətirdiklərimdən ən kaprizlisi Azis olub. Onun qeyri-adi tələbi o olub ki, Bolqariyaya gəl və buradan mənimlə eyni təyyarədə Bakıya qayıt. Ümumi götürəndə isə kaprizsiz adam idi. Adi taksiylə də şəhəri gəzməyə razı idi”.

Gözəllik müsabiqələrinin təşkilatçısı kimi tanınan Aqil Məmiyev tanınmışların kaprizli olmasını normal qarşılayır: “Konsertini təşkil etdiyim, müsabiqə üçün ölkəyə gətirtdiyim tanınmışların kaprizləri ilə tez-tez qarşılaşıram. Onlar aeroport çıxışlarından tutmuş otel otaqlarına, yeməkdən tutmuş adi qazlı suya qədər tələblər irəli sürürlər. Adi qazsız su belə, onların istədiyindən olmalıdır. Bir dəfə müğənnilərdən biri dedi ki, o sudan olmasa, Bakıya gəlməyəcəm. Onlar istəklərini müqaviləyə yazıb göndərirlər. Biz də oxuyub, ölçüb-biçirik. Onların bu tələblərini normal qarşılayıram”.


[email protected]