Günel Əsədova: Abdulla Şaiqin mənzil-muzeyində 9 mindən çox eksponatı qorunur

Abdulla Şaiqin mənzil-muzeyində ədibin zəngin həyat və yaradıcılıq yolunu əks etdirən geniş və dəyərli ekspozisiya nümayiş olunur. Burada yazıçının şəxsi əşyaları, ailə fotoları, nadir və qiymətli əlyazmaları, şəxsi kitabxanasından nümunələr, yağlı boya ilə çəkilmiş rəsm əsərləri və digər maraqlı eksponatlar sərgilənir. Ekspozisiya ziyarətçilərə ədibin həm ədəbi irsi, həm də şəxsi dünyası ilə yaxından tanış olmaq imkanı yaradır. Muzeyin fondlarında ümumilikdə 9 938 ədəd əsas fond, 892 ədəd isə köməkçi fond eksponatı qorunur.
Bunu AZƏRTAC-a açıqlamasında Abdulla Şaiqin mənzil-muzeyinin baş fond mühafizi Günel Əsədova deyib.
O vurğulayıb ki, muzey yalnız ekspozisiya məkanı deyil, eyni zamanda maarifləndirici tədbirlərin, ədəbi-bədii gecələrin, məktəblilər və tələbələr üçün təşkil olunan ekskursiyaların keçirildiyi mədəniyyət ocağı kimi də fəaliyyət göstərir.
O əlavə edib ki, 2025-ci ildə muzeyi 1 020 nəfər ziyarət edib və ziyarətçi sayının artırılması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.



[email protected]