Beynəlxalq müsabiqələr laureatının ilk solo konserti: Milli İncəsənət Muzeyində klassik musiqi axşamı

Milli İncəsənət Muzeyinin “İtalyan zalı”nda respublika və beynəlxalq müsabiqələr laureatı Röya Əliyevanın ilk solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə klassik və retro əsərlər ifa edilib.
2005-ci il fevralın 25-də Bakı şəhərində anadan olan Röya Əliyeva Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında təhsil illərində skripka və fortepiano üzrə çoxsaylı konsert proqramlarında çıxışlar edib, Gimnaziyanın Kamera Orkestrinin birinci skripka ifaçısı, həmçinin vokal və xor kollektivinin üzvü olub. Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və digər ölkələrdə keçirilmiş nüfuzlu beynəlxalq müsabiqələrdə skripka və vokal ifaçılığı üzrə yüksək mükafatlara, o cümlədən Qran-Pri və birinciliklərə layiq görülüb. Onun ifaları bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərində keçirilən rəsmi və mədəni tədbirlərdə də səslənib.
O, 2025-ci ildən Xalq artisti Fidan Hacıyevanın vokal musiqi məktəbində Əməkdar artist Fərid Əliyevdən vokal sənəti üzrə dərs alır. Elə həmin il Fidan Hacıyevanın təşəbbüsü ilə keçirilən II Beynəlxalq Opera Festivalında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Telli obrazı ilə uğurlu səhnə çıxışı edib.
Hazırda Röya Əliyeva Bakı Musiqi Akademiyasının instrumental ifaçılıq (violin) ixtisası üzrə IV kurs tələbəsidir. Eyni zamanda, Fidan Hacıyevanın vokal musiqi məktəbində Azərbaycan və ingilis dillərində violin ixtisasını tədris edir.
 



[email protected]