Hacı İsmayılov: Belə tamaşalar gənclərin milli özünüdərk hissini formalaşdırır
Bakı, 25 fevral, Günel Alıyeva, foto – Səfiyar Məcnun, AZƏRTAC
Belə tamaşalar böyüməkdə olan nəslin tərbiyə olunması üçün müstəsna əhəmiyyət daşıyır. Uşaqları və gəncləri ardıcıl və məqsədyönlü şəkildə tariximizə, ədəbiyyatımıza, teatr sənətinə və ümumilikdə zəngin mədəni irsimizə cəlb etməliyik. Bu, onların dünyagörüşünün, vətəndaş mövqeyinin və mənəvi dəyərlərinin formalaşması üçün zəruridir. Bu kontekstdə “Günay” Uşaq və Gənclər Teatrının fəaliyyəti və kollektivin Larisa Tarusovanın rəhbərliyi ilə gördüyü iş ən yüksək qiymətə layiqdir.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov səsləndirib.
Onun sözlərinə görə, gənclərin tərbiyəsi məsələsi yalnız ədəbiyyat və mədəniyyətlə məhdudlaşmır. “Azərbaycanın dövlət siyasəti, ölkənin sosial-iqtisadi inkişaf yolu, həmçinin tarixi reallıqlar və faktlar böyüməkdə olan nəslə ardıcıl və obyektiv şəkildə çatdırılmalıdır. Bu, milli özünüdərkin formalaşmasında həlledici rol oynayır. Təəssüf ki, uşaqlar və yeniyetmələr tariximizin taleyüklü hadisələri barədə kifayət qədər məlumata malik olmurlar”, – deyə o vurğulayıb.
Hacı İsmayılov qeyd edib ki, bu cür təşəbbüslərin əhəmiyyəti xüsusilə Xocalı soyqırımına həsr olunan tədbirlər zamanı daha aydın görünür.
“Uşaqlar səhnəyə çıxaraq Azərbaycanın tarixindəki faciəli səhifələri bədii obrazlar vasitəsilə dərk etdikdə aydın olur ki, belə layihələr onların yaddaşında və qəlbində dərin iz buraxır. Bu təşəbbüslər faktları öyrətməklə kifayətlənmir, onları hiss etməyə, faciənin miqyasını və xalqımız üçün nəticələrini anlamağa imkan yaradır”, – deyə sədr əlavə edib.
[email protected]