“Böyük Qayıdış” könüllüsü: Günahsız insanların vəhşiliyə məruz qalması ağlasığmazdır
“Böyük Qayıdış” Gənclər Təşkilatında Ağdam üzrə könüllü kimi fəaliyyət göstərmək mənim üçün çox qürurvericidir. Bu təşkilatda işğaldan azad olunmuş ərazilərə mənsub gənclər iştirak edə bilirlər. Mən də bu imkanı qazandığım üçün özümü şanslı hesab edirəm. Valideynlərim Ağdamdandırlar. Buna görə də Ağdamda könüllü olaraq fəaliyyət göstərmək çox qürurvericidir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi, “Böyük Qayıdış” Gənclər Təşkilatının könüllüsü Mətənət Şükürova deyib.
İkinci Qarabağ müharibəsinin canlı şahidi olduğunu deyən M. Şükürova qeyd edib: “Həmin dövrdə Bərdə ərazisində yaşayırdıq. Raket hücumları zamanı baş verən hadisələrin birbaşa şahidi olmuşam. Bomba səslərini eşidən zaman heç nə düşünə bilmirdik, özümüzə sığınacaq axtarırdıq. Doğrudan da, xalqımız çox qonaqpərvər və vətənpərvərdir. Həmin hadisələr zamanı bir müddət başqa insanın evində sığınacaq tapmışdıq. O zaman valideynlərimin illərlə danışdığı ağrını daha dərindən anladım. Çox ağır hisslər idi. İnşallah, Azərbaycan xalqı bir daha belə faciələrlə üzləşməz”.
O, həmçinin qeyd edib ki, istər Xocalı haqqında çəkilən filmlər, istərsə də faciənin canlı şahidlərinin xatirələri insanı dərindən sarsıdır: “Düşünmək belə çətindir ki, bir xalqın başına belə müsibətlər gətirilə bilər. Günahsız insanların, o cümlədən qadınların, uşaqların bu qədər vəhşiliyə məruz qalması ağlasığmazdır”.
[email protected]