İnsan alveri ilə bağlı risk faktorları izah edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində M.Şəhriyar adına paytaxtdakı 193 saylı tam orta məktəbdə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallar” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin məktəbin müəllimləri və 8-11-ci sinif şagirdləri iştirak ediblər.
Görüş zamanı “Təhsildə sosial iş” xidmətinin mahiyyətindən danışılıb, məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onlara psixo-sosial dəstək göstərilməsinin uşaqların həyatında mühüm rol oynadığı vurğulanıb.
Şagirdlərə insan alveri haqqında ətraflı məlumat verilib, risk faktorları izah edilib. Təhlükəli halları tanımaq bacarığının, eləcə də sosial məsuliyyət hissinin və özünümüdafiə bacarıqlarının formalaşdırılmasının önəmindən bəhs edilib.
Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.
[email protected]