1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur

Nuriyeva Aysel Vasif qızı
Mətbuat işçisi, "SÜLHÜN MEMARI: İLHAM ƏLİYEV" media
mükafatı laureatı

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Azərbaycanın müasir tarixinin ən mühüm dönüm nöqtələrindən biri olan 17 noyabr – Dirçəliş Günü, xalqın milli şüurunun yüksəlişini, azadlıq arzusunun kütləvi ifadəsini və müstəqilliyə gedən yolun başlanğıcını simvolizə edir. 1988-ci ilin noyabrında Bakının Azadlıq meydanında baş verən hadisələr yalnız bir sosial etiraz deyil, Azərbaycan xalqının illərlə sıxışdırılmış iradəsinin alovlanması idi. Bu hərəkat sonradan müstəqilliyin bərpasına, milli özünüdərkin güclənməsinə və yeni dövlətçilik düşüncəsinin formalaşmasına aparan əsas təkan oldu.
Sovet İttifaqının zəiflədiyi 1980-ci illərin sonlarında Azərbaycanda sosial-siyasi gərginlik artır, Qarabağda erməni separatizmi güclənirdi. Bu vəziyyət kütləvi narazılığın sürətlə yayılmasına səbəb olurdu. 17 noyabr 1988-ci ildə Bakının Azadlıq meydanında başlayan aksiyalar əvvəlcə Qarabağ iddialarına etiraz kimi meydana çıxsa da, çox keçmədən ümumxalq milli hərəkatına çevrildi. Meydanda toplaşan minlərlə insan – tələbələr, ziyalılar, alimlər, işçilər – bir amal ətrafında birləşmişdi: “Azadlıq! Müstəqillik!”
Bu hərəkat Azərbaycanın milli yaddaşında yeni bir səhifə açdı. Təzyiq cəhdləri, qanlı müdaxilələr və ideoloji basqılar xalqın iradəsini qıra bilmədi. Əksinə, dirənişi daha da gücləndirdi. Dirçəliş Günü Azərbaycanın dövlətçilik fəlsəfəsini və milli özünüdərk prosesini formalaşdıran mühüm mərhələlərdən biri oldu.
Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran ən böyük vəzifə – bu iradəni dövlətçilik təcrübəsi və siyasi liderliklə möhkəmləndirmək idi. Bu məqamda Ulu Öndər Heydər Əliyevin tarixi rolu xüsusi əhəmiyyət daşıyır. 1993-cü ildə siyasi böhran, separatizm təhlükəsi və vətəndaş qarşıdurması şəraitində hakimiyyətə qayıdan Heydər Əliyev, məhz Dirçəliş hərəkatının yaratdığı milli ruhu dövlətçilik strategiyasına çevirdi. Onun liderliyi sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, sabitlik və inkişaf üçün siyasi baza formalaşdı. Heydər Əliyevin qurduğu idarəçilik modeli milli özünüdərki yeni mərhələyə yüksəltdi, Azərbaycanın dövlətçilik institusiyaları möhkəmləndi, müstəqillik dönməz xarakter aldı. O, xalqın meydanda göstərdiyi gücü dövlətin sabit və davamlı inkişaf xəttinə çevirməyi bacardı.
21-ci əsrin Azərbaycanı isə Dirçəlişin ideya irsini Prezident İlham Əliyevin liderliyi altında daha yüksək mərhələyə qaldırdı. Onun həyata keçirdiyi hərbi, siyasi və iqtisadi strategiyalar 1988-ci ildə başlayan milli iradənin real nəticələrini ortaya qoydu. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfər, Dirçəliş ruhunun dövlət səviyyəsində təcəssümü idi. Bu qələbə yalnız hərbi deyil, həm də milli kimliyimizin bərpası, tarixi ədalətin bərqərar olması, Heydər Əliyevin qurduğu dövlətçilik konsepsiyasının tam təsdiqi idi. İlham Əliyevin diplomatik gücü, ordu quruculuğu və strateji qərarları sayəsində Azərbaycan bu gün regionda aparıcı aktora çevrilib.
Dirçəliş Günü həm də bu liderlik xəttinin məntiqi başlanğıc nöqtəsidir. O gün meydanda yanan milli azadlıq alovu, Heydər Əliyevin yaratdığı sabitlik və İlham Əliyevin davam etdirdiyi güclü dövlət konsepsiyası ilə tamamlanaraq, müasir Azərbaycanın təməl sütunlarından birinə çevrilib. Bu gün ölkənin iqtisadi inkişafı, “yaşıl enerji” təşəbbüsləri, beynəlxalq arenadakı nüfuzu və Qarabağın yenidən qurulması prosesləri həmin ideyanın davamıdır.
Bu gün Azərbaycan regionda və dünyada söz sahibi olan bir dövlət kimi inkişafını davam etdirirsə, bunun əsaslarından biri də məhz o qış axşamlarında meydanda yanan milli iradə və bu iradəni dövlət strategiyasına çevirən liderlik məktəbidir. Dirçəliş Günü bizə bir daha xatırladır ki, milli birlik varsa, güclü liderlik varsa, qalibiyyət də var; iradə varsa, gələcək də parlaqdır.

17.11.2025


[email protected]