Məqalə müəllifi dövlət suverenliyinin konstitusiya əsaslarını təhlil etmiş, suverenliyin tarixi inkişaf mərhələlərini tədqiq etmiş, müasir suverenlik anlayışının tarixi inkişafına nəzər salmışdır. Məqalədə dövlət suverenliyinin beynəlxalq münasibətlərdə yeri və roluna nəzər salınaraq onun alt qrupları da təhlil edilmişdir.
Açar sözlər: dövlət suverenliyi, xalq suverenliyi, beynəlxalq təşkilatlar, beynəlxalq əlaqələr, ekoloji suverenlik, rəqəmsal suverenlik.
The author of the article analyzed the constitutional foundations of state sovereignty, studied the historical development stages of sovereignty, and examined historical development of the modern concept of sovereignty. The article also analyzed the subgroups of state sovereignty by looking at its place and role in international relations.
Keywords: state sovereignty, people's sovereignty, international organizations, international relations, ecological sovereignty, digital sovereignty.
Автор статьи проанализировал конституционные основы государственного суверенитета, изучил исторические этапы развития суверенитета, рассмотрел историческое развитие современной концепции суверенитета. В статье также проанализированы подгруппы государственного суверенитета, рассмотрены его место и роль в международных отношениях.
Ключевые слова: государственный суверенитет, народный суверенитет, международные организации, международные отношения, экологический суверенитет, цифровой суверенитет.
Dövlət suverenliyi ali anlayış olub dövlət hakimiyyətinin əsasını təşkil edir. Dövlət suverenliyi konstitusiya hüququnun əsasında dayanan və dövlətlərin hüquqi əsasını müəyyən edən əsas anlayışlardandır. Suverenlik anlayışı ilk dəfə qədim Yunanıstan və Romada formalaşmağa başlamışdır. Orta əsrlərdə isə suverenlik feodal lordların müstəqil hakimiyyətə malik olması, mərkəzləşmiş dövlətlərin yaranma addımlarında görə bilərik. Jean Bodenin “Six books of the commonwealth” (1576) kitabında suverenlik anlayışı istifadə olunaraq kompleksləşdirilib və dövlətlərin bölünməzlik anlayışına arxalanılıb [3, s.18-19;193-194] . Sonrakı dövrlərdə Tomas Hobbs, Hans Kelsen, Monteskyö və s. kimi mütəfəkkirlər suverenlik haqqında yazmışlar. Tomas Hobbs “Leviafan” əsərində dövlət təhlükəsizliyinin əsasında suverenlik durduğunu göstərir. Eyni zamanda Hans Kelsen suverenliyi dövlətin ali gücü kimi götürmüşdür. Suverenlik - dövlətin beynalxalq arenada söz sahibi olması, müstəqil şəkildə öz müqətdaratını həll edə bilməsi, sərbəst formada daxili və xarici siyasətlərini formalaşdırıb onu realizə etməsidir. Ümumillikdə suverenlik anlayışı milli konstitusiyalar və beynəlxalq hüquq normaları ilə sərhədləşdirilir.
Dünya nəzəriyyəsində hüquqi prizmadan baxsaq suverenlik xalq və dövlət olaraq iki hissəyə ayrılır. Xalq suverenliyi hakimiyyətin mənbəyinin biləvasitə xalq olmasının göstərgəsidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası konstitusiyasının birinci fəsli “Xalq Hakimiyyəti” və həmin fəslin ikinci maddəsi isə “Xalqın suverenliyi”-dir. Burada bildirilir ki, xalqın öz müqəddəratını həll etmək onun suveren hüququdur və bunun realizə olunması üçün xalq referendum da iştirak edə bilər, eyni zamanda ümumi səsvermə yolu ilə özünü təmsil edəcək olan nümayəndələri seçə bilər. Konstitusiyanın bu fəslini və maddəsini əsas götürərək biz Azərbaycan Respublikasında xalq suverenliyinin müasir formada və düzgün realizə olunduğunu nəzəri əsaslarla görə bilərik. Dövlət suverenliyi isə onun toxunulmazlığı və onun müstəqil siyasət yeridə bilmə qabiliyyətlərinin toplusudur. Dövlət suverenliyi anlayışını dünya təcrübəsi və yerli təcrübə olaraq iki hissədə şərh etsək dünya nəzəriyyəsində Stephen D. Krasner öz “Sovereignty: organized hypocrisy” dərsliyində təhlil edərkən orada 4 suverenlik tipini fəqləndirmişdir: daxili suverenlik, qarşılıqlı asılılıq suverenliyi, beynəlxalq hüquqi suverenlik, vestfaliya suverenliyi [4, s.3-4]. Birincisi xüsusi olaraq sözügedən dövlətin daxili işlərinə nəzarət etmək qabiliyyətinə, ikincisi isə onun transsərhəd məsələlərinə nəzarət etmək qabiliyyətinə aiddir. Üçüncü alt tip sözügedən dövlətin hansısa formada beynəlxalq tanınmasının (ərazi və ya başqa) olub-olmamasını vurğulayır, dördüncüsü isə dövlətin daxili işlərə xarici aktorlar tərəfindən qarışmamaq “hüququna” istinad edir. Vestfaliya suverenliyi yaxşı qurulmasa da Soyuq müharibədən sonrakı beynəlxalq suverenlik olduqca sistemli qurulmuşdur. Yerli təcrübəmizdə isə suverenliyimizin əsası 1991-ci il 18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması və bununla əlaqədar olaraq dövlət hakimiyyətinin hüquqi əsasının təmin edilməsi zərurəti ilə Heydər Əliyevin başçılığı ilə komissiya yaradılması nəticəsində 1995-ci il 12 noyabr tarixində müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının konstitusiyası suverenliyinin hüquqi əsaslarını müəyyənləşdirən dövlətin əsas normativ aktıdır. Həmin konstitusiyanın 7-ci maddəsinə əsasən ölkə hüquqi, demokratik, dünyəvi, unitar respublikadır. Hüquqilik anlayışı ilə vətəndaş hüquq və azadlıqlarının təmin olunması, demokratiklik ilə xalqın hakimiyyətin mənbəsi olması, dünyəviliklə dinin dövlətdən ayrılması, unitarlıq ilə vahid mərkəzdən idarə olunması təsbit olunur. Eyni zamanda Monteskyönün hakimiyyətin bölgüsü prinsipi də bu maddədə öz əksini tapıb. Bu prinsip vasitəsi ilə idarəetmə sisteminin balanslı qurulması, hakimiyyətin möhkəmləndirilməsi qeyd olunub. Konstitusiyanın 11-ci maddəsində isə Respublika ərazisinin toxunulmazlığı və bölünməzliyi öz hüquqi əsasını tapıb [7]. Azərbaycanın dövlət suverenliyinin əsasında duran digər amillərə nəzər yetirsək sözsüz ki, suverenliyin əldə olunmasında böyük səyləri olan Heydər Əliyevin adını çəkməyimiz tam yerində olar. SSRİ-nin təsirindən çıxan yeni müstəqillik qazanmış Azərbaycan üçün suverenliyin tam bərpa olunması və qorunub saxlanılması üçün tədbirlərin görülməsi olduqca zəruri idi. İlk illərdə ölkənin qarşılaşdığı iqtisadi, siyasi təhlükəsizlik sahəsində olan problemlər onunsuverenliyinə biləvasitə təhdid yaradırdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı və idarəçilik sahəsində gördüyü tədbirlər dövlətçiliyin güclənməsində həlledici rol oynadı [5]. Suverenliyin əsasında duran amillərdən biri olan ərazi suverenliyinin təmin olunmasında ilk addımları da məhz elə Ulu Öndər H.Əliyev atdı. 1980-ci illərdə intensiv hal alan Qarabağ münaqişəsinin qarşısını almaq və atəşkəsin təmin olunmasını təmin etmək həmin dövr üçün ən aktual məsələlərdən hesab olunurdu. Heydər Əliyevin ordu quruculuğu sahəsində sonralar “Milli Təhlükəsizlik” konsepsiyasının məqsəd və vəzifələrinin işlənib hazırlanmasının əsasını təşkil edən milli təhlükəsizlik təliminin və siyasətinin əsas prinsipləri sayəsində orduda vahid komandanlıq sistemi quruldu, separatçılığın, xaosun qarşısının alınması, atəşkəsin bərpası üçün 1994-cü ildə imzalanan Bişkek protokolu ilə müharibənin aktiv fazası dayandırıldı və atəşkəs elan olundu. Bununla da dövlət sərhəd suverenliyinin təmin edilməsinin ilk addımları atıldı. Lakin bu hələdə tam dövlət suvenliyi deyildi. H.Əliyev yolunu uğurla davam etdirən İlham Əliyevin əks- hücum planı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan şanlı II Qarabağ müharibəsi, 2023-cü il sentyabr ayında cəmi 24 saatdan az müddət ərzində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarının tam suverenliyinin bərpasına nail olundu.
H.Əliyev iqtisadi islahatları suverenliyin əsas sütunlarından biri kimi qəbul edirdi. Onun təşəbbüsü ilə ölkənin neft strategiyasının əsası qoyuldu, iqtisadi islahatlar proqramı tərtib olundu, bazar iqtisadiyyatına keçidin əsası qoyuldu. Bu gün Azərbaycan H.Əliyevin strateji kursu əsasında inkişafını davam etdirir və suverenliyini qoruyaraq özünü xarici siyasəti ilə beynəlxalq arenada təmsil etdirir.
Dövlət suverenliyinə hüquqi təminat nöqteyi cəhətdən baxsaq müxtəlif hüquqi mexanizmləri görə bilərik. Bunlara konstitusiya təminatı, qanunvericilik təminatı, məhkəmə təminatı daxildir. Beynəlxalq münasibətlərdə suverenlik anlayışı son dövrlərdə qloballaşma, müxtəlif müstəvilərdə əməkdaşlıq ilə eyniləşdirilsə də, beynəlxalq hüquqi akseptlərə nəzər yetirsək bu anlayış illərlə dəyişmiş, lakin yekun formasını beynəlxalq akt və konversiyalarda almışdır. Burada BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, Montevideo konvensiyası və digər konversiyaları ilə rastlaşacayıq. BMT Nizamnaməsinin 2-ci maddəsinə görə bütün dövlətlər suveren bərabərlik prinsiplərinə əsasən fəaliyyət göstərməlidir. Hüquqi bərabərlik və suverenlik beynəlxalq münasibətlərin özəyini təşkil edir. 1975-ci ildə qəbul edilən Helsinki Yekun Aktında da BMT nin nizamnaməsini dəstəkləyən müddəaları görə bilərik.
Dövlətlərin bu hüquqi aktlara görə iki tanınma forması mövcuddur: de-fakto tanınma ilə dövlətlər suveren fəaliyyət göstərir, lakin onlar tam hüquqi status ala bilmirlər. De-yure tanınma ilə dövlət beynəlxalq hüquqi status alır, eyni zamanda dünya arenasında suveren dövlət kimi qəbul olunur. Beynəlxalq suverenliyin tanınmasında beynəlxalq təşkilatların da rolu olduqca böyükdür. Dövlət suverenliyinin təmin edilməsi və qorunmasında payı olan təşkilatlara BMT, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi bir çox qurumları göstərə bilərik. BMT-nin üzv ölkəsi seçilmək dövlət suverenliyinin beynəlxalq göstərgəsidir [1, s.30-34]. Dövlət suverenliyinin bir digər yeni forması regional inteqrasiyadır. Avropa İttifaqı bu quruluşun ən uğurlu nümunəsidir. Aİ-yə üzv dövlətlər isə vahid siyasi və iqtisadi məkanı formalaşdırır və paylaşırlar. Onlar ortaq qərarlarını Brüsseldə qəbul edir, onları dövlətçiliyə zərər verməyəcək şəkildə icra edirlər. Müasir dövrdə dövlət suverenliyinin dövrün inkişafına uyğun bir necə alt kateqoriyaları yaranmağa başlamışdır. Bunlara kibertəhklükəsizlik və rəqəmsal suverenlik, iqlim dəyişikliyi və ekoloji suverenlik və s. kimi alt kateqoriyaları nümunə göstərə bilərik.
Kibertəhlükəsizlik və rəqəmsal suverenliyin vacibliyinin əsas səbəbi texnoloji inkişafların daima irəliləməsidir ki, bu da rəqamsal suverenlik anlayışını ortaya çıxardır. Bu ölkənin öz rəqəmsal infrastrukturunu və vətəndaşlarının mövqeyinin daxili və xarici hücumlardan qorumaq hüququnu özündə əks etdirir [2, s.9-10]. Rəqəmsal suverenlik özündə məlumat və texnoloji kimi suverenlik qollarını birləşdirir.
Dövrün ən aktual məsələ və problemlərindən biri də ekoloji suverenlikdir. Ekoloji suverenlik dövlətin ekoloji sahədə daxili və xarici siyasətini müstəqil yürütməsi və dünyadakı ekoloji rolunu yerinə yetirməkdir. Bunun üçün dövlətlər müxtəlif xarici konversiyalara və təşkilatlara qoşularaq öz missiyalarını yerinə yetirməyə çalışırlar. Nəticədə bir çox sazişlər və protokollar imzalanaraq ərsəyə gətirilir. Öz ölkəmizin timsalında 2024-cü ildə Bakıda keçirilən “Cop29” tədbiri dövlət suverenliyində ekoloji suverenliyə nə dərəcədə dəyər verdiyimizin göstərgəsidir.
Həsən Qasımov,
Hüquqşünas, Bakı Dövlət Universitetinin müəllimi.
ƏDƏBİYYAT