İlham Əliyevin dil siyasəti

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, 
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı, 
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı 

Hər bir dili yaşadan, inkişaf etdirən onun xalqıdır. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin ümumişlək dilə, dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açmasına, zənginləşərək böyük nüfuz qazanmasına gətirib çıxarmışdır.
1969-cu ilin 14 iyulunda ulu öndər Azərbaycana rəhbər təyin ediləndən sonra dil siyasəti məsələsini də daim diqqətdə saxlamış, ana dilimizin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev hələ keçmiş SSRİ imperiyasında rus dilinin ikinci ana dili kimi ölkənin bütün bölgələrində kütləvi şəkildə işlədildiyi bir vaxtda konfrans və yığıncaqlarda, yubileylərdə Azərbaycan dilində çıxışlar etmişdir. Bu siyasət məhz ötən əsrin 70-ci illərində daha güclü şəkildə özünü büruzə vermişdir. Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açmışdır. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün böyük hadisə idi. Azərbaycan dilçiliyində ilk dəfə olaraq dördcildlik "Müasir Azərbaycan dili" adlı fundamental dərslik çap olunmuşdur.1974-cü ildə həmin dərslik dövlət mükafatına təqdim edilmişdir.
Müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur.1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderin yenidən hakimiyyətə qayıtması dil siyasəti sahəsində də bir çox önəmli hadisələrlə yadda qalmışdır. Hər şeydən əvvəl milli-mənəvi sərvətimiz olan ana dilimizin adı bərpa olundu. Heydər Əliyev hakimiyyətə gəldiyi qısa vaxtdan sonra respublikanın tanınmış dilçi alimlərini, görkəmli ziyalılarını bir yerə toplayıb geniş müzakirələr apardı, dilimizin adının dəyişdiliməsinin düşünülməmiş, səhv qərar olduğunu bildirdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. 2001-ci il iyulun 18-də ölkə rəhbəri tərəfindən "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalandı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Fərmanda deyilir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".
2002-ci ilin sentyabrında qəbul olunmuş "Dövlət dili haqqında" qanun, 2003-cü ilin yanvarında imzalanmış "Azərbaycan Respublikasında dövlət dili haqqında" fərman və həmin il qəbul olunmuş "Azərbaycan dilinin işlənməsi və qorunması haqqında" qanun və digər sənədlər ana dilinin zənginləşdirilməsinə, təkmilləşdirilməsinə və qorunmasına xidmət etmişdir.Bu qanunlarda dilimizin geniş şəkildə tətbiqi məsələsi irəli sürülmüş, ona qarşı çıxanların məsuliyyətə cəlb olunması və cəzalandırılması öz əksini tapmışdır. İndi dilimizin vəziyyəti ilə bağlı təlaş keçirməyə heç bir əsas yoxdur. Bütün xalq bu dildə danışır, kitablarımız bu dildə nəşr olunur, konfranslar, müşavirələr, dövlət tədbirləri bu dildə aparılır, ali məktəblərimizdə bu dildə mühazirələr oxunur. Lakin hər dövrün problemləri də olur. Ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat, radio və televiziya dili, reklamlar, xarici dildə olan məktəblər, ziyalıların ana dilinə münasibəti və s. problemlər barədə düşünmək lazımdır.
"Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".
Bu fikirlərin mühüm cəhətlərindən biri də o idi ki, burada Azərbaycan xalqının həm dili, həm tarixi, həm ədəbiyyatı, ümumiyyətlə, milli taleyi vəhdət halında təhlilə cəlb olundu. Xüsusilə vurğulandı ki, azərbaycanlılar yalnız Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda da öz doğma vətənlərində yaşayırlar və yaşadıqları dövlətlər üçün heç bir problem yaratmırlar. Uzun əsrlərin yüksək mədəniyyətinin daşıyıcılarıdırlar və bu gün də öz mədəniyyətlərini davam etdirirlər.
Amma təəssüf ki, bir çox yerlərdə Azərbaycan dili və ədəbiyyatına, ümumiyyətlə, xalqın milli varlığına qarşı xoşagəlməz, insan hüquqlarının pozulması ilə müşayiət olunan hərəkətlər həyata keçirilir. Azərbaycan dili qonşu dövlətlərdə məişət dili səviyyəsinə endirilir, ədəbi dilin inkişafı qarşısına ciddi maneələr qoyulur. Bu isə, əlbəttə, dözülməz haldır və buna bütün dünya azərbaycanlıları, xüsusilə ziyalılar, yazıçılar, şairlər, alimlər öz obyektiv münasibətlərini bildirməlidirlər. 
Prezidentimizin Azərbaycan dili ilə bağlı dərin məzmunlu fikirləri hər birimizi düşündürməlidir.Bu çağırış hər bir ziyalının, jurnalistin, müəllimin, ictimai xadimin və vətəndaşın məsuliyyətini artırır. Ana dilimizin saflığının qorunması milli kimliyimizin əsas sütunudur və dövlət başçısının bu məsələni prioritet səviyyəsində qaldırması strateji əhəmiyyət daşıyır.
Cənab Prezidentin çıxışında vurğuladığı əsas məqamlardan biri də Azərbaycan xalqının tarixi həqiqətlərinin təhrifinə qarşı elmi əsaslı mübarizənin vacibliyi idi. Bu məsələdə alimlərimizin, tarixçilərimizin, ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür. Biz öz tariximizi yalnız tədqiq etməməli, həm də dünyaya elmi əsaslarla təqdim etməliyik.
Cənab Prezident İlham Əliyevin AMEA-nın 80 illiyində etdiyi çıxış təkcə elm bayramı münasibətilə deyilmiş sözlər deyil, bu, gələcək inkişafın strateji manifestidir. Elm, təhsil, texnologiya, milli tarix, dil və dövlətçilik məsələlərini vahid ideoloji xəttdə birləşdirən bu nitq müasir Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideya təməlini təşkil edir. Azərbaycan alimləri, ziyalıları və gəncləri bu çağırışlardan ruhlanaraq ölkəmizin dayanıqlı, texnoloji və intellektual inkişafı naminə daha əzmlə çalışmalıdırlar. Çünki bu gün biz təkcə müstəqil dövlətin deyil, həm də Zəfər qazanan, elmə və intellektə söykənən qalib millətin nümayəndələriyik

08.11.2025


[email protected]