Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi

Əliyeva Könül Rasim qızı
ADPU-nun Kimya və biologiya fakültəsi,
Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müəllimi


Bu gün ölkənin Birinci xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın doğum günüdür. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdən biridir.
Mehriban xanım müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərib və göstərməkdə də davam edir. Reallıq odur ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Onun timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir. Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki o, həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi.
Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.
Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan Birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.
“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Azərbaycana layiqincə xidmət etməyə çalışacağam. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".
Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Bu gün biz Mehriban xanımın söylədiyi fikirləri real həyatda uğurla həyata keçirdiyinin şahidiyik.
Bəli, nəcib və ali məqsədlər naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı xüsusi çəkilir. Mehriban xanım qayğıkeşliyi, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Əminliklə deyirik ki, o, öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açıb.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban xanımın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Xeyirxahlığına, bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Mehriban xanım danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.
Bu gün Mehriban Əliyeva özünəxas olan yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Təkcə Birinci vitse-prezidentin ötənilki fəaliyyətinə nəzər yetirsək, görərik ki, Mehriban Əliyeva ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına necə böyük töhfələr verib.

26.07.2025



26.07.2025


[email protected]