Xoş niyyətli, xoş məramlı Birinci Xanım

Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent 


Dünyanın nüfuzlu "The Times" qəzetinin apardığı araşdırmaların nəticəsi kimi Mehriban xanım Əliyevanın Eleanora Ruzvelt, Hillari Klinton kimi qadınlarla bir sırada dünyanın ən tanınmış 5 fəal birinci xanımı siyahısına daxil edilib. Məşhur “Vogue” dərgisi Mehriban xanıma həsr olunmuş yazıda onun dünyanın ən yüksək zövqlü xanımlarından biri olduğunu yazıb. “Washington Times” qəzetində Mehriban Əliyeva haqqında dərc edilən məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanırdı. Məqalədə Bakıda qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan roluna həsr olunmuş beynəlxalq konfransdan da söz açılır və Mehriban xanım uzun müddət xoşməramlı səfir olmuş məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edilir, bildirilir ki, konfrans iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyevanın Şərq və Qərb dünyasında eyni səviyyədə ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulayıb. Rumıniya mətbuatı isə onu “Miss NATO” tituluna layiq görmüşdü. Birinci Xanım zəmanəmizin bir sıra görkəmli qadınları, o cümlədən İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqalarının da layiq görüldüyü “XXI Əsrin Böyük Qadını” titulunun nominantıdır.
Mehriban xanım Əliyeva 1994-cü ilin mayından Heydər Əliyev Fondunun prezidenti kimi genişmiqyaslı ictimai fəaliyyətə - cəmiyyətimizin sosial müdafiəyə ən çox ehtiyacı olan, az qala yaddan çıxmış hissəsinin-valideyn himayəsindən məhrum, yetim, fiziki və əqli-psixoloji qüsurlarla doğulmuş, əlil, eləcə də talassemiya və diabet xəstəliyinə mübtəla olmuş uşaqların, atılmış, tənha, xəstə qocaların, bu insanların məskun olduqları evlərin, internat məktəblərinin çoxsaylı problemlərinin öyrənilməsi və həlli ilə başladı. Bakıdakı 29 belə evin istisnasız olaraq hamısında qısa zamanda əsaslı təmir, yenidənqurma işləri aparıldı, əlavə yardımçı binalar tikildi, istilik sistemləri quraşdırıldı, bütün avadanlıq - yataq dəstindən tutmuş mətbəx əşyalarına qədər, yemək rasionundan təlim-tərbiyə proqramlarınadək hamısı yeniləşdi, diqqət və nəzarət gücləndi, ayrı-ayrı vətəndaşlar, qurumlar tərəfindən xeyriyyəçilik, humanitar yardım aksiyaları davamlı ənənəyə çevrildi. Bu iş regionlarda da vüsət aldı. Birinci xanım həmin məktəb-evlərin hər birində azı 3-4 dəfə olub. Uşaqlara və qocalara məhəbbət ən ülvi hissdir. Onun bu istiqamətdə fəaliyyəti minlərlə insanın - körpə, uşaq, gənc və qocanın yaşayış tərzini yaxşılaşdırıb. Buraya Fondun həyata keçirdiyi layihələri çərçivəsində müxtəlif bölgələrdə tikilib istifadəyə verilmiş 300-dən çox məktəbi, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə davamlı qayğını, Pakistanın zəlzələdən uçub dağılmış ərazisində qızlar məktəbinin tikilməsini, Moskvada Azərbaycan məktəbinin açılmasını da əlavə etməliyik. Ölkədə talassemiya və şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların da bütün müalicə, dərman ehtiyacını Fond ödəyir. Birinci xanımın təşəbbüsü ilə ölkəmizdə keçirilən yüksək səviyyəli beynəlxalq konfranslar Azərbaycanı qloballaşan dünyada sivilizasiyalararası dialoqun, tolerantlığın mərkəzinə çevirib. Bakıda inşa edilən Muğam evi, Xalça muzeyi, onlarla kitabxana, muzey, məscid və ziyarətgahların təmiri, bərpası, yolların çəkilməsi, bulaqların tikintisi və s. də bu sıraya aiddir. Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Birinci Xanım Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) “Türk dünyasına xidmət” mükafatına layiq görülüb.
Mehriban xanımın Milli Məclisin üzvü kimi fəaliyyətində iki amili qeyd etmək lazımdır: onun təşəbbüsü ilə qəbul edilən amnistiya aktları nəticəsində bir neçə yüz məhkum həyatda ən şirin nemət olan azadlığa qovuşmuşdur, Birinci Xanımın deputat seçildiyi Xəzər rayonu bütünlüklə simasını dəyişdirmiş, illərlə yığılıb qalmış sosial problemlər həllini tapıb.
16 ildən çox AzərTAc-ın müxbiri olaraq tam 4 il həm də Heydər Əliyev Fondunun vəBirinci Xanımın fəaliyyətini, keçirdiyi tədbirləri işıqlandırmaq, görülən xeyirxah işləri cəmiyyətə, gələcək nəsillərə çatdırmaq missiyasını yerinə yetirmişəm. Bu müddətdə Birinci Xanımın fəaliyyətinin fəlsəfəsinə və mənəviyyatına, fərdi xarakterinə ayna tutan, portret cizgilərini canlandıran çoxsaylı əhvalatlara şahid olmuş, inanmışam ki, insanlara sevgi, qayğı, səmimiyyət, yaxşılıq, mərhəmət kimi nəcib insani duyğular Mehriban xanım Əliyevaya ümumxalq sevgisi qazandıran əsas amillərdir.
Tanrı Mehriban xanım Əliyevanın qismətinə adlı-sanlı, əsilli, köklü nəsillərin özülləri üzərində pərvəriş tapmağı qismət edib. Atası akademik Arif Paşayev fizika, texnika və kosmonavtika elmləri sahəsində tanınmış alim, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudur. Ata babası məşhur yazıçı, ədəbiyyatşünas alim, professor, maarifçi, əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətindən olan Mir Cəlal Paşayevdir. Anası Aida xanımın nənə-babaları Zəngəzur və Şirvanın çox hörmətli, sayılan əsilzadələrindən, maarifçilərindən olmuşlar, həyatdan vaxtsız getmiş Aida xanım ərəb-məhcər ədəbiyyatının dünyada ilk tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, professor idi, atası Azərbaycan mətbuatında məxsusi məktəb yaratmış çox dəyərli jurnalist-publisist Nəsir İmanquliyevdir. Mehriban xanım 34 il Azərbaycana rəhbərlik etmiş görkəmli siyasi xadim Heydər Əliyev və oftalmoloq alim, akademik Zərifə xanımın gəlinidir. Həyat yoldaşı və məsləkdaşı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Allah onlara üç övlad, üç nəvə payı verib...
Bu fikirlər Mehriban xanım Əliyevaya məxsusdur və həmin qiymətli fikirlərə heç bir şərh lazım deyil: “Mən öz ailəmi çox istəyirəm və ailə ənənələrinə hörmətlə yanaşıram. Əgər evdə qarşılıqlı münasibət, qarşılıqlı yardım və hörmət varsa, hesab edirəm ki, qalan hər şey öz axarına düşəcək... Son illər mənə yalnız həyat yoldaşım deyil, sanki birdən-birə böyüyən qızlarım da mənəvi dəstək olublar. Oğlumla təmasda olmaq isə gün ərzində yığılmış yorğunluğu aradan götürür... Ailə və ailə dəyərləri prioritet olmalıdır. Ailə, ilk növbədə, həmfikirlər deməkdir. Bu insanlar oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə, sözün radikal mənasında, müxalifət olmamalıdır. İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Biz, ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarıyıq. Belə köklərə malik olmaq xoşbəxtlikdir.

25.07.2025


[email protected]