Tarixin unudulmaz faciəsi
Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası
kafedrasının dosenti
Xocalı faciəsi XX əsrin sonunda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən həyata keçirilmiş ən qanlı soyqırımı aktıdır. Birinci Qarabağ müharibəsinin gedişində erməni cəlladları xalqımızın mübarizə əzmini qırmaq, torpaqlarımızın işğalını daha asan və müqavimətə rast gəlmədən reallaşdırmaq üçün bu cür qanlı qırğınlar törədib. Bunu sonrakı dönəmlərdə Ermənistana rəhbərlik etmiş qaniçən, cəllad Serj Sarkisyan da etiraf edib.
Ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab edilir. Xocalı faciəsi tarixdə baş vermiş ən qanlı Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Srebrenitsa kimi dəhşətli soyqırımlarla müqayisə olunur. Bu mənada XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.
Xocalı soyqırımından 33 il ötməsinə baxmayaraq bu qanlı faciəni xalqımız unutmur. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib. Hücum başladıqdan sonra Xocalıda qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etsələr də, əhali pusquya salınıb. Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən dinc əhali atəşə tutularaq amansızlıqla qətlə yetirilib, sağ qalanlar isə əsir götürülüb. Bu soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib, onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla öldürülüb. Bütün bu qəddarlıqlar isə ermənilərin Azərbaycan xalqına qarşı XX əsrdə törətmiş ən qanlı soyqırım aktı idi.
Xocalı soyqırımına Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. Bu qanlı faciənin əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açılıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət xalqımıza qarşı erməni şovinizminin ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi addımlar atılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevinin təşəbbüsü ilə Xocalı soyqırımı ilə bağlı həqiqətlər daimi olaraq təbliğ edilir. Eyni zamanda, Xocalı həqiqətlərinin dünyaya ictimaiyyətinə çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Bu kampaniyaya 2008-ci ildə start verilib.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri ilə Xocalı şəhəri işğaldan azad edildi. Azərbaycan öz əraziləri üzərində konstitusiya quruluşunu tam bərpa etdi. Suverenliyimiz bərpası başa çatdı. Ölkə ərazisində uzun on illiklər mövcud olmuş separatizmə birdəfəlik son qoyuldu. Bu gün Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərimizdə şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Xocalıda digər ərazilərimizdə olduğu kimi, erməni vandalizminin izləri silinir.
Xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
25.02.2025
[email protected]