Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev


Muxtarova Rəna Niftalı qızı
KTM (Semaşko) həkim-nevroloq


Qeyd etmək lazımdır ki,  1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. Dahi  Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Və qısa müddətdə, ərazisinin 20%-dən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın  qaçqın və məcburi köçkünün  vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bölgənin ən güclü ölkələrindən birinə çevrildi.
Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.  Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq lazım idi. Bütün bunlar praktiki olaraq sıfırdan başlanıldı, heç kimin dəstəyi olmadan həyat keçirilirdi. Sonradan, əlbəttə ki, bir çox ölkələr, ilk növbədə Türkiyə, bir sıra digər müttəfiqlərimiz bizə dəstək oldular,  çox böyük kömək etdilər. Yeri gəlmişkən, Ulu Öndər müdrik uzaqgörənliklə Türkiyə ilə münasibətləri daha da yaxınlaşdırdı.  Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olmasını bəyan edirdi. Ümumiyyətlə, Heydər Əliyev Türk dünyasının yenidən güclənməsi üçün çalışırdı. Və biz bu ədəbi qardaşlığın sonradan Prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə daha da inkişaf etdiyinin, Türk Dövlətlərinin  bir-birinə daha da yaxınlaşdığının şahidiyik. 
Artıq Azərbaycanın hərbi texnika almaq və ən əsası hərbi müdafiəni, hərbi sənayeni yenidən təchiz etmək, peşəkar kadrlar hazırlamaq imkanı var idi. Bütün bu illər ərzində diplomatik arenada inanılmaz güclü təzyiqlər altında Azərbaycan öz mövqeyini müdafiə edə bilmişdir. ATƏT -in Minsk Qrupu ölkələrinin bölgəsinə sonsuz səfərlər, təklif olunan mümkün kompromis həllər, hamısı rədd edildi, çünki bunlar, ilk növbədə, ölkəni zəiflətmək, əraziləri itirmək  demək idi. Bunu isə Ümummilli Lider  Heydər Əliyev heç bir zaman qəbul etmədi və bu gün də  eyni siyasət Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir. Azərbaycan müstəqil və suveren dövlətdir, onun ərazi bütövlüyü hər kəs tərəfindən qəbul edilməlidir. Bu idi Ulu Öndərin, Prezidentimizin əsas amalı! Ölkə başçısı İlham Əliyev ölkə iqtisadiyyatını daha da gücləndirdi. Əməkdaşlıq haqqında imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, müxtəlif iqtisadi komissiyaların yaradılması, bütün bunlar Azərbaycanın iqtisadi potensialını ortaya çıxardı. Azərbaycan tezliklə bir  çox nəqliyyat dəhlizinin yaradılmasına təşəbbüs göstərən ölkəyə,  bir çox strateji  layihələrin  müəllifinə çevrildi. 
Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, açılışlar edir, bir zamanlar zorla öz doğma yurdlarından məcburi köçkün düşmüş insanlar böyük həvəs və arzularla öz evlərinə qayidir.  Böyük Qayıdışın reallaşır, Ermənistandan  deportasiya edilən yüz minlərlə insanların haqlarının bərpa olunması, onların öz dədə-baba yurdlarına qaytarılması  istiqamətində  tədbirlər həyata keçirilir.
Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Bu gün  onun yolunu və ideyalarını dünyanın nüfuzlu dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir və  daha da gücləndirirlər. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.  Bütün  ömrünü  Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir.

14.06.2024


[email protected]