"Şərq şairlərinin günəşi"

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/05/show-photojpg-1714861812.jpg


Dünyada Füzulini ən çox sevən və ən yaxşı anlayan avropalı tədqiqatçı alimlərdən biri olan ingilis şərqşünası Gibbin sözləriylə desək, XVI yüzildə Bağdad göylərində bir günəş doğdu. Bu, üç dildə ölməz əsərlər yaradan Məhəmməd Füzuli günəşi idi. Özü də elə bir günəş  ki, gur şəfəqlərini getdikcə Azərbaycan-türk dili başa düşülən bütün ölkələrə, məmləkətlərə saçdı. 530 ildir ki, çeşidli qitə və iqlimlərdə yaşayan milyonlarla insan istilik və hərarəti bir an da azalmayan bu günəşin şəfəqlərindən qızınır, işığından nurlanır, gözəlliyindən zövq alırlar.
Orta çağlardan üzü bəri bütün anadilli ədəbiyyatımızın ən yüksək zirvəsi, doğma dilimizi ilk dəfə ərəb və fars dilləriylə yanaşı dura biləcək poeziya dili səviyyəsinə qaldıran, həqiqətən, Füzuli şeiriyyətidir. Türk dilinin fonetik-leksik qanunlarına və ruhuna yad olan əruz vəzni ilə "barışmasında", daha doğrusu, türk dilinin əruz vəzninə uyğunlaşdırılmasında da Füzuli bütün bacarıq və istedadını sərf etmiş, əsl ustadlıq göstərmişdir. İslam dini və mədəniyyətinin yayılmasında türk hökmdar və sultanlarının qılınc gücünə gördükləri işləri Füzuli öz qələmiylə görmüş, "pəhləvan" qüdrətli sözləriylə dünyanı tutmağa nail olmuşdur.
Məhəmməd Füzulinin doğum tarixi 1494-cü il qəbul edilib. Atası Süleyman kişi mənşəcə Azərbaycandan olub, sonralar öz elatıyla  İraqa köçüb Bağdad civarında yerləşən  Azərbaycan türklərindən biri idi. Hətta Füzulinin uşaq yaşlarında öz ailəsiylə oraya köç etdiyini ehtimal edənlər də olmuşdur. Təsadüf deyil ki, böyük şair   əsərlərində yeri gəldikcə özünü "qərib" adlandırmış, ömrüboyu vətən həsrəti, doğma yurd nisgilindən şikayətlənmişdir. 
Dövrünün ziyalı və mədəni adamlarından olan Süleyman kişi oğlu Məhəmmədə yaxşı təhsil vermək üçün əlindən gələni etmiş, savadlı müəllimlər tutmuş, onun oxuması üçün hər bir şəraiti yaratmışdır. Şairin atasının Hillədə müfti olması fikri bəzi kitablarda yer alsa da, tarixi faktlarla sübut olunmur. Məhəmmədin uşaqlıq və gənclik illəri Kərbəla, Nəcəf, Hillə və Bağdad kimi şəhərlərdə keçmiş, təhsilini də elə bu şəhərlərdə tamamlamışdır. Uşaqlıqdan elmə və biliyə böyük həvəs göstərən Məhəmməd dövrünün bir çox elmini - dil, ədəbiyyat, məntiq, fəlsəfə, tibb, riyaziyyat, astronomiya, nücum, fiqh və b. mükəmməl öyrənir. Bu, gələcəkdə böyük şairin ölməz əsərlərində bədii formada - çeşidli məcaz və təşbehlər geyimində verdiyi bilgi və məlumat bolluğu şəklində özünü göstərəcəkdi. Bəzi rəvayətlərə görə, ədəbiyyat müəllimi dövrünün tanınmış şairi Həbibi, ərəb dili müəllimi isə Xacə Rəhmətullah əfəndi olmuşdir. Deyilənə görə, gənc Füzuli müəllimi Xacə Rəhmətullahın qızına dəlicəsinə vurulmuş, ancaq ilk məhəbbəti uğursuz olmuşdur. Gəncliyində ilk sarsıdıcı mənəvi zərbə alan Füzulinin gələcəkdə ürəkləri sızladan, yandırıb-yaxıcı lirik-aşiqanə qəzəllər yazmasında bu əzablı sevgi böhranı da öz rolunu oynamışdır. Hətta ölməz məhəbbət dastanı - "Leyli və Məcnun"da   şairin özünün iztirab dolu qarşılıqsız məhəbbət macərasını təsvir etdiyini deyənlər də vardır.
Gənc Məhəmmədin çox erkən yaşlarından yaradıcılığa başladığını, tez də məşhurlaşdığını öz sözlərindən öyrənirik:
                   
Seyti-fəsahət ilə sözüm tutdu aləmi,
Mən məhdi-etibardə tifli-zəbun hənuz.                                    
Buyi-xoşumla oldu müəttər dimağlər,
Mən nafeyi-vücuddə bir qətrə xun hənuz. 

Ancaq özünü bütünlüklə bədii yaradıcılığa həsr etməzdən öncə artıq qeyd etdiyimiz kimi, 
ozamankı bütün elmləri oxuyub mənimsəmişdir. Eyni zamanda, öz doğma dilindən başqa, ərəb və fars dillərini də o dillərdə gözəl şeirlər yazacaq səviyyədə öyrənməsi və yalnız bundan sonra "ilhamının köhlən atına" geniş meydan verməsini də dahi sənətkar dibaçədə xüsusi vurğulayır. 
Gənc yaşlarında keçirdiyi faciəvi sevgi böhranından özünə gələn Füzuli sonralar əsl müsəlman kişisi kimi ailə həyatı qurmuş, ev-eşik sahibi olmuşdur. Fars dilində qələmə aldığı bir qəzəlində özünün toy gecəsini təsvir etdiyi ehtimal olunur:
Vəslin mənə novruz gecəsi oldu müyəssər,
Sanki o gecəm gündüz ilə oldu bərabər. 

Ümumiyyətlə, şair ailəni cəmiyyətin əsas dayaqlarından saymış, islamda ailə məsələləri və prinsiplərinə böyük hörmətlə yanaşmışdır. Bunu "Rind və Zahid" əsərində ata Zahidin oğlu Rində verdiyi məsləhətlərdən də aydın görmək olur. Şairin bu evlilikdən doğulan  yeganə oğlu Fəzli dövrünün görkəmli ziyalılarından olmuş, hətta şair kimi tanınmış, daha çox müəmma və  "maddeyi-tarix"lər yazmışdır. 
Füzuli çox çətin və ziddiyyətli bir  dövrdə yazıb-yaratmışdır. O, üç fərqli hökmdarın hakimiyyəti altında yaşamış, hakimiyyət dəyişikliklərinin sadə xalqın həyatında heç bir yaxşılaşma yaratmadığını, əksinə, insanların güzəranını daha da pisləşdirdiyini  gözləriylə görmüş,  əsərlərində yeri gəldikcə  bu məsələlərə əsl demokratik mövqedən öz münasibətini bildirmişdir. Şairin uşaqlıq çağı Ağqoyunluların hakimiyyəti dövründə keçmiş, bir şair və ziyalı kimi məşhurlaşması Səfəvilərin hökmranlıq illərinə düşmüş, yetkin və qoca yaşlarında Osmanlı imperiyasının təbəəsi olmuşdur. 
İlk irihəcmli əsəri - "Bəng və Badə" ("Tiryək və Şərab") poemasını Səfəvi hökmdarı şah İsmayıl Xətaiyə həsr etmişdir. Bəzi Səfəvi hakim və əmirlərinə qəsidələr də yazmışdır. 1534-cü ildə Bağdadı alan Osmanlı imperatoru Sultan Süleyman Qanuninin özünə, Ayas paşa, Cəfər bəy, Mustafa Çələbi və Veys bəy kimi Osmanlı vali və bəylərinə daha çox qəsidə və məktublar yazmışdır. Bəzi mənbələrə görə, Bağdada gələn Sultan Süleymanla da görüşmüş, onun gəlişi münasibətilə yazdığı qəsidəsini şəxsən sultanın hüzurunda oxumuşdur. Füzulinin sultanın özü ilə Bağdada gətirdiyi Osmanlı şairlərindən Mehmet Xəyali (ölm. 964/1557) və Taşlıcalı Yəhya bəylə (ölm. 990/1582) də görüşdüyünü və şeir-sənət söhbətləri apardığını  xəbər verən qaynaqlar mövcuddur. Tədqiqatçıların fikrincə, Füzulini "Leyli və Məcnun" poemasını yazmağa həvəsləndirən "Rum zərifləri" elə həmin şairlər - Xəyali və Yəhya bəy olmuşlar.
Saraydakı Nişançı Mustafa paşa kimi xeyirxah və sənətsevər adamların məsləhəti ilə Sultan Süleyman Qanuni uzun illər nöqsansız xidmətlərini və qocalığını nəzərə alıb şairə gündə doqquz axça təqaüd verilməsi haqqında barat-fərman imzalamışdır. Ancaq şair bu baratın faydasını görməmiş, yalançı, acgöz və rüşvətxor məmurların "sayəsində" bu təqaüdü ala bilməmişdir. Dahi sənətkarın gördüyü haqsızlıqlardan təsirlənərək öz dostuna yazdığı bu məktub sonralar "Şikayətnamə" adı ilə məşhur olmuşdur. 
Cəmiyyətdə tanınan, müəyyən söz və mövqe sahibi olan Füzulinin bütün şiə müsəlmanların ən müqəddəs ziyarətgahları sayılan Həzrət Əli, yaxud İmam Hüseyn türbəsində uzun müddət xidmət etdiyi bəllidir. Fars dilində yazdığı bir qitədə bu barədə belə deyir:
Ruzi yeyənik ali-rəsulun qapısında,
Bir ömrdür olmuş bizə bu ruzi müqərrər. 
Bu ruzi yolu bizlərə bağlanmamış əsla,
Layiq bizik aləmdə belə ruziyə yeksər.
Dünyada qənaətlə bizik kim, bəyənildik,
Ağgün qocalar, həm ürəyi varlı fəqirlər. 

Bu misralardan şairin "Ətəbati-aliyədə" uzun müddət, özü də qoca yaşlarınadək işlədiyini öyrənirik. Bu müqəddəs yerdə onun öz  qulluğu ilə fəxr etməsi də misralardan aydın görünür. Nəcəf türbəsini ziyarətə gəlmiş Hindistan hakimi Nizamülmülkə təqdim etdiyi qəsidəsində isə həyatının böyük bir hissəsini burada xidmətdə keçirdiyini, bu işdə qədd-qamətinin əyildiyini bildirir:
 
Ey sərvər, müddətdir ki, 
        övliya şahının məddahıyam,
Mənaqibdə əlli il söz sərf etmişəm.
Tağ kimi bu ulu dərgahda mənim 
        sabitliyimə bir şahid yoxsa da,  
"Dal" hərfi kimi ikiqat olmuş qəddim bəsdir. 

Nəcəf türbəsində "əlli il" qulluq edən, hətta belinin "dal hərfi " kimi ikiqat olduğunu deyən şairin çox qoca yaşlarında dünyasını dəyişdiyi məlum olur. Bunu şairin türk divanından gətirdiyimiz aşağıdakı beytlər də təsdiqləyir:
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Yetirdi başini gərdun ayağə bari-möhnətdən,
Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?  
   
Ey Füzuli qədimiz qıldı fələk xəm, yəni                           
Vəqtdir çıxmağa dünya qapısından, əyilin. 

Bu misralardan, həqiqətən, şairin saç-saqqalının ağardığı, beli büküldüyü, bədəninin zəifləyib  taqətdən düşdüyü, hətta bəzən özünə ölüm arzuladığı açıq-aydın görünür. Bir çox füzulişünas alimin fikrincə, şair qoca yaşlarında tutduğu dini vəzifədən uzaqlaşdırılmış, doğulub boya-başa çatdığı Kərbəla şəhərinə qayıtmış, ömrünün son illərini də orada yaşamışdır. 
M.Füzulinin doğum tarixindən fərqli olaraq, vəfat tarixi dəqiqdir. Şairin hicri tarixlə 963-cü ildə Bağdadda geniş yayılan "böyük taun" (vəba) epidemiyası zamanı vəfat etməsi təzkirələrdə "keçdi Füzuli" maddeyi-tarixiylə qeyd olunmuşdur. Bunu şairin dostu və müasiri, dövrünün tanınmış şairi və ziyalısı  Əhdi Bağdadidən başlayaraq bir çox təzkirəçi öz əsərlərində göstərmişdir. Bu isə miladi tarixlə məhz 1556-cı ilə düşür. 
"Bütün türk şairlərinin babası" (Firidun bəy Köçərli) Məhəmməd Füzuli əlli ildən artıq yorulmadan qələm çalmış, özündən sonra üç dildə kamillik və təravətini bu gün də itirməyən misilsiz əsərlər qoyub getmişdir. Ərəb, fars və türk dillərində yazıb-yaradan, hər üçündə ölməz əsərlər müəllifi olan M.Füzuli kimi nəhəng ədəbi simalar dünya ədəbiyyatında çox azdır. Elmi-fəlsəfi bilgilərlə zəngin əsərləri göstərir ki,  o, bütün Yaxın və Orta Şərq ədəbiyyatına, incəsənətinə, ictimai-fəlsəfi fikir tarixinə yaxından bələd olmuşdur. Bəzi lirik əsərlərində az da olsa qarşılaşdığımız avtobioqrafik cizgilərdən bəlli olur ki, o, şair kimi məşhurlaşmamışdan öncə dövrünün bütün elmlərini, eləcə də ərəb, fars, yunan, Misir və yəhudi ədəbi-mədəni və ictimai-fəlsəfi təmayüllərini dərindən öyrənmişdir. Təsadüf deyil ki, öz sağlığından başlayaraq, "molla", "mövlana"- (bizim ağamız), "mütəfəkkir şair", yaxud "alim şair" kimi adlarla tanınmışdır.
Dahi şairimizin ədəbiyyatımız və dilimiz qarşısındakı xidmətlərini vaxtilə gənc C.Cabbarlı görün necə dəqiqliklə göstərmişdir: "Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxartmış, yenicə yaranmaqda olan ədəbiyyatımızı çiyinlərinə almış, ən yüksək zirvələrə qaldırmış və öz yaradıcılığı ilə on illərlə orada saxlamışdır". 
M.Füzuli ədəbiyyat tariximizdə ilk dəfə Azərbaycan türkcəsində "nəzmi-nazik" - "incə, zərif şeir" yaratmaq istədiyini qarşısına əsas məqsəd kimi qoymuş, bu işə bütün bilik və istedadını sərf etmiş və öhdəsindən layiqincə gəlmişdir. Üç dildə Şərq şeirinin bütün janrlarında qələmini sınayan şairimiz hansı mövzuda yazıbsa, həmin mövzuda özündən əvvəl və özündən sonra   əsər yazmış əksər Şərq şairlərini kölgədə qoymuşdur. Təxəllüs seçimində olduğu kimi, heç nədə şəriklik və ortaqlığı bəyənməmiş, əl qoyduğu hər bir işdə yalnız birincilik, yeganəlik tərəfdarı olmuşdur.
Doğma türkcəmizdə farsdilli "Leyli və Məcnun"lar səviyyəsində eyniadlı poema, "Şikayətnamə" kimi təzə və orijinal nəsr örnəyi, "Hədisi-ərbəin" - "Qırx hədis" adlı çağdaş tələblərə cavab verən klassik tərcümə əsəri, ölməz şəhidlik abidəsi - "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") kimi məqtəl-dastanı da neçə belə ilklərə imza atmış Füzuli qələminin məhsuludur. 
Füzulinin ölməz ədəbi irsi türkcə və farsca "Divan"ları, azərbaycanca, farsca və ərəbcə qəsidələr "Divan"ı, "Bəng və Badə", "Yeddi cam" (fars dilində) alleqorik poemaları, "Leyli və Məcnun" lirik-epik poeması, "Rind və Zahid", "Səhhət və Mərəz" kimi farsca yazılmış alleqorik-fəlsəfi nəsr əsərləri, "Şikayətnamə" də daxil olmaqla olduqca orijinal əsər təsiri bağışlayan məktubları, "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") adlı türkcə nəsr əsəri, "Hədisi-ərbəin" ("Qırx hədis") in tərcüməsi və "Mətləül- etiqad" ("Etiqadın başlanğıcı") kimi ərəbcə yazdığı elmi-fəlsəfi əsərlərindən ibarətdir.
Şairin qəzəl janrının üstünlük təşkil etdiyi türkcə və farsca  divanlarında rübai, qitə, tərcibənd, tərkibbənd, mürəbbe, müxəmməs və müsəddəs kimi Şərq şeir şəkillərində yazılmış lirik əsərləri də yer alıb. Hansı formada, hansı janrda, hansı bəhrdə (ölçüdə) yazmağından asılı olmayaraq, irili-xırdalı bütün əsərlərindən Füzuli qəlbi, Füzuli ruhu, Füzuli zəkası, Füzuli məntiqi boy göstərir. 
Füzuli əsərləri XVI yüzil Bağdad mühitini əks etdirən poetik güzgü, ümumən orta çağlar müsəlman Şərq dünyasını gözlərimiz qarşısında canlandıran obyektiv ədəbi-bədii salnamədir. Bu əsərlər Məcnunun nalə və fəryadı, Leylinin gizli hıçqırıqları və qəlbinə axan göz yaşları, gənc Rindin ədalətli cəmiyyət və əzablı mənəvi-irfani axtarışları, qoca Zahidin daxili dünyası ilə övlad məhəbbəti arasındakı qəlb çırpıntıları və s. duyğu və düşüncələrdən yoğrulmuşdur. Füzuli yaradıcılığı türk dilinin, türk ruhunun, türk zəkasının vulkan püskürtüsü, Azərbaycan bədii fikrinin ən yüksək zirvəsidir. Füzulinin  böyüklüyü bir  də ondadır ki, ustadı Nizamidən fərqli olaraq, bədii yaradıcılığında ana dilinə məqsədli şəkildə üstünlük vermiş, mükəmməl divanı ilə yanaşı, "Leyli və Məcnun", "Hədiqətüs-süəda" kimi lirik-epik məzmunlu şah əsərlərini də məhz bu dildə yazmışdır. 
 Füzuli poeziyası nəinki Azərbaycan, hətta bütün Yaxın və Orta Şərq ədəbiyyatında böyük təsir buraxmış, Türkiyə, İran, özbək, türkmən, tatar şair və yazıçıları uzun müddət onun əsərlərindən bəhrələnmiş, incə qəzəllərinə bənzətmə və nəzirələr yazmışlar. Böyük türk alimi M.F.Köprülünün  XX yüzilin əvvəllərində Füzuli poeziyasının təsir gücü və diapazonu barəsində söylədiyi fikirlər bu gün də çox aktualdır: "Yalnız Füzulini yetişdirən Azəri sahəsi deyil, Osmanlı və Cığatay ədəbiyyatları da əsrlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır. Daşkənddən Qazana, Krımdan Macarıstan sərhədlərinə, Bağdaddan Qahirəyə, Təbrizdən Buxaraya və İstanbula qədər bütün türk sahəsi əsrlərcə onun tərənnümlərini dinlədi. Azərbaycan, İran və Güney Qafqaz türklərinin fars dilinin müdhiş təhəkkümünə rəğmən, əsrlərcə türklüklərini mühafizə etmələrində, türk aləminin mənəvi vəhdətinin pozulmamasında Füzulinin pək böyük bir təsiri vardır". Füzuli bu gün də bütün türk xalqlarını birləşdirən ortaq dəyər, ortaq mənəvi sərvət xəzinəsidir.    



[email protected]