İlham Əliyevin liderlik formulu - Güclü və haqlı

İlham Əliyevin liderlik formulu - Güclü və haqlı 

Liderlik, sadəcə pərdəarxası oyunlar, manevrlər, bir çox hallarda isə təsadüflər nəticəsində siyasi proseslərin ön cərgəsinə çıxmaq bacarığı, yaxud imkanı deyil, bəlkə də daha çox öz xalqının maraqlarını sonuna qədər, qətiyyətlə, bir addım geriyə çəkilmədən, dəmir məntiqə, iti zəkaya əsaslanaraq müdafiə etmək və eyni zamanda istibdadın, zülmün, neokolonializmin məngənəsində sıxılan xalqların hüquq və azadlıqlarını qorumaq, başqalarına münasibətdə də ədalətli olmaq məharətidir. Siyasi liderlərin cılızlaşdığı və bir çox hallarda, nəinki yönəltdikləri dövlətlərin, hətta təmsil etdikləri siyasi qrupların "sərhədlərini qorumaq” potensialına malik olmadığı, gücün ədalətə, iqtidbadın istiqbala meydan oxuduğu müasir dünyada belə şəxsiyyələrin sayı çox azdır. Hətta bir əlin barmaqlarının sayı qədər də deyil...

Məhz bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünyanın ədalətsiz düzənindən əzab çəkən, bu və ya digər səbəblərdən hüquq və azadlıqlarını açıq, cəsarətli və qətiyyətli bir şəkildə müdafiə edə bilməyən xalqların yanında olması, hətta onların rəhbərlərinin deyə bilmədiklərini yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi XXI əsr üçün, özündə klassik liderlik ənənələriylə çağdaş düşüncəni birləşdirən fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə, Bandunq Konfransından 65, Hərəkatın institusional əsasının qoyulmasından isə 50 il sonra üzv olub və qısa bir zaman kəsiyində, təsisatın beynəlxalq münasibətlər sitemində öz mövqelərini gücləndirməsi, söz sahibi olması, prinsipial və qətiyyətli mövqe sərgiləməsi baxımından, bəlkə də 100 illik bir məsafənin qət edilməsində lokomotiv rolunu oynayıb.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmini, mübaliğəsiz olaraq, "Hərəkatın qızıl dövrü” dövrü adlandırmaq olar. Və təbii ki, təkcə Qoşulmama Hərəkatının və onun üzv olduğu Birləşmiş Millətlər Təşkilatının tarixində bir sıra ilklərə imza atıldığına görə deyil, həm də Hərəkatın prinsiplərinin qətiyyətli və açıq bir şəkildə təqdim olunmasına, qorunmasına görə...

İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə öz qətiyyətli xarakterini, haqqın, ədalətin, beynəlxalq hüququn keşiyində dayanmaq məharətini bu təsisatın vahid iradəsinin formalaşması prosesinə daşımağı və Azərbaycanın mənəvi, siyasi sərhədlərini hərəkatın sərhədləri qədər böyütməyi bacarıb. Azərbaycanın sədrliyi dönəmi Qoşulmama Hərəkatının institusionallaşmasına və fəaliyyətinə elə bir dinamika gətirib, elə bir yüksək fəaliyyət həddi müəyyənləşdirib ki, bundan sonra prosesin ləngidilməsi, geriyə qaytarılması mümkün olmayacaq və hərəkat yeni dünya düzənindəki mövqelərini daha da gücləndirəcək, müstəmləkəçiliyə, neokolonializmə qarşı mübarizənin ruporuna, haqqın, ədalətin barışmaz keşikçisinə çevriləcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən son toplantısında iştirakçıların İlham Əliyevin Fransanın müstəmləkəçilik, neoimperialist siyasətini ifşa edən çıxışına heyranlıqla yanaşmaları, dövlətimizin başçısının nitqindən sonra istibdada, zülmə, ədalətsizliyə qarşı daha qətiyyətli mövqe sərgiləmələri, onların Azərbaycan Prezidentinin şəxsində şahidlik etdikləri yüksək liderlik nümunəsindən nə qədər cəsarətləndiklərini, dünyaya meydan oxuyan haqsızlıqlara qarşı mübarizə aparmağın mümkünlüyünə inandıqlarını sübuta yetirir.

İkinci Dünya müharibəsinin, artıq sıradan çıxmaqda olan reallıqları nəticəndə Birləşmiş Millətlər Təşkilatının daimi üzvü, nüvə dövləti olan və hələ də müstəmləkəçiliyini, Afrika xalqlarını istismar etmək siyasətini dəyişməyən Fransaya qarşı bu qədər açıq, faktlara, inkarı mümkün olmayan arqumentlərə söykənən ittihamlarla çıxış etmək, yüksək məntiq, intellektlə yanaşı, polad iradə, cəsarət və bəlkə də daha çox daxili azadlıq tələb edir. Bu xüsusda, əsərlərinə tez-tez müraciət etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan azadlığı ilə bağlı məqalələsindən gətirəcəyim kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm.

Nikolay Berdyayev yazır: "Azadlıq, ən dərin qatlarda hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox, əsl insan olmaq üçün ondan tələb olunandır”.

 
 
 

 

Bəli, yalnız haqqın keşiyində dayandıqlarına əmin olanlar azadlığı ilk növbədə öz vəsifələri hesab edir və başqalarının azadlığı, hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər şəraitdə belə mübarizə apara, qalib gələ, tarixin axarını belə dəyişməyi bacarırlar.

Əslində şəxsiyyətlərin tarixi proseslərin gedişatını dəyişmək bacarığının sirrini və Qərb siyasi sisteminin, o cümlədən Emmanuel Makron kimi siyasətçilərin hansı səbəblərdən güclü xarakterə, strateji baxış bucağına, dərin məntiqə, iti zəkaya malik xarizmatik liderləri sevmədiklərinin səbəbini də elə burada axtarmaq lazımdır.

Qlobal proseslərə, illərdən bəri formalaşdırdıqları, oturuşmuş mexanizmlərlə nəzarət edən güc mərkəzlərini narahat edən əsas faktor da, məhz güclü şəxsiyyət amilidir.

Bu baxımdan, Emmanuel Makronun "mən İlham Əliyevə təzyiq göstərirəm” deməsi, qənaətimə görə, özünətəsəllidən və güclü xarakter qarşısında acizliyin etirafından başqa bir şey deyil. Makron, sadəcə buna cəhd edir və hər dəfə İlham Əliyevin, onun üçün gözlənilməz olan soyuqqanlı qətiyyəti, prinsipal mövqeyi və qlobal proseslərin inkişaf dinamikasını ən incə detallarınma kimi hesablamaq məharəti və təbii ki, Azərbaycan xalqının milli iradəsinə söykənən liderliyi qarşısında uğursuzluğa düçar olur.

İlham Əliyev Azərbaycanın dövlət başçısı seçildiyi gündən ölkəmizə qarşı həyata keçirilən saysız-hesabsız yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə, ölkəmizin inkişafdan saxlanılmasına, "buyruq quluna” çevrilməsinə xidmət edən çoxsaylı ssenarilərin müəllifləri və icraçılarıyla mücadilə aparıb və qalib gəlib.

Bizi təslimçi sülhə sövq etmək, meydanda tək qoymaq, hər cür dəstəkdən məhrum etmək istəyənlərin "futbol diplomatiyası” oyunlarını, Barak Obamanın və Ağ Evdən idarə olunan dönüklərin Türkiyə-Ermənistan protokolları ilə bağlı təzyiqlərini,  Azərbaycan xalqının və dövlətinin müqavimətinin qırılmasına xidmət edən "rəngli inqilab”, "Milyonerlər ittifaqı” və digər bu kimi mənfur ssenariləri, milli birliyimizin pozulmasını, milli-mənəvi dəyərlərimizin sıradan çıxarılmasını hədəfləyən Soros layihələrini, "beşinci kolon”un xəyanətlərini və daha nələri... unutmamışıq. Bu günün yol ayrıcından geriyə baxanda, bütün bu ədalətsizliklərin, haqsızlıqların və xəyanətlərin fonunda, yalnız İlham Əliyevin qalib obrazının İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərlə işıqlanan aydın obrazını görmək mümkündür.

Bütün bu təzyiqlərin isə, əsas hədəfi Azərbaycanı inkişafdan saxlamaq, ölkəmizdə dirijor çupuğu, yaxud "fit”lə idarə olunan marionet idarəçilik rejimi formalaşdırmaq, dövlətimizi, ordumuzu gücləndirməyə və təbii ki, Qarabağımızı azad etməyə imkan verməməkdən ibarət idi... Amma Azərbaycan öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi ilə bağlı aydın təsəvvürlərə, strateji baxış bucağına, konseptual yol xəritəsinə malik olması səbəbindən, üzərinə dünyanın dörd bir yanından hücum çəkən şərə, qaranlığa, ədalətsizliyə sinə gərməyi və bu qeyri-bərabər mücadilədə müzəffər olmağı bacardı. İndi bizi heç kim mühakimə edə bilməz. Çünki həm güclü, həm də haqlıyıq!

Bu səbəbdən, kimlərsə bizə təzyiq etdiklərini düşünürlərsə, ən yaxşı halda hikkə və qəzəbdən çat vermiş siyasi obrazlarına "təsəlli boyası” vurmaqdan başqa heç nəyə nail ola bilməyəcəklər.

Elçin Mirzəbəyli




[email protected]