SON XƏBƏRLƏR
Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür

Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıqdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atmışdır.Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.
Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.
Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənizmiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. Belə ki, İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi ulu öndərin siyasi varisi, layiqli davamçisı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan ümummilli liderimizin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyev demişdir: "Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.
"Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” - söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır.
Prezident İlham Əliyev böyük əzmlə həyata keçirdiyi quruculuq proqramının gerçəkləşməsi yolunda ciddi tədbirlərin görüldüyü vaxtda xalqımızın 2003-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevi itirməsi bütün cəmiyyətimizi sarsıtdı. Lakin kədərimiz nə qədər ağır olsa da, xalqımız özünün görkəmli oğlu Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi kursuna dəstək verdi.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın Heydər Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.
İndi ulu öndərin vəfatından altı il keçsə də, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir. O, Azərbaycan xalqının dahilik rəmzidir. Akademik Ramiz Mehdiyev yazır: "Heydər Əliyevə siyasət səhnəsində heç kim qalib gələ bilməmişdir. O, dövlətçilik tarixində "qalib lider” obrazını yaratdı. Azərbaycan tarixində böyük uğurları ilə yanaşı, həm də ən müxtəlif səbəblərdən məğlubiyyət anı yaşayan liderlər çox olmuşdur. Heydər Əliyev isə Azərbaycan xalqına qalibiyyətin canlı obrazını, lider örnəyini bəxş etdi. Bu, tariximizdə həmişəlik qürur ünvanı kimi qalacaq və onun siyasətinə də alternativ yoxdur”.
 Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür
Vəfa Məmmədova 
Bakı şəhəri, Səbail rayonu 50 nömrəli tam orta məktəbin direktoru



[email protected]