SON XƏBƏRLƏR
Şuşanın suları indi gur axır

Kiçik Kirs dağından, Zarıslıdan Zəfər qalamıza gələn həyat mənbəyi daha heç vaxt kəsilməyəcək

 

Yolumuz Zəfərimizin zirvəsinə - Şuşayadır... 
Zəfər yolu ilə Qarabağın ecazkar mənzərəsinə tamaşa edə-edə irəlilədikcə əsrarəngiz gözəllik insanın ruhunu oxşayır. 
Daşaltıdan şəhərə doğru qalxarkən Şuşanın içməli su ilə təmin edən "Azərsu" ASC-nin əməkdaşlarının Kiçik Kirs dağı istiqamətində yeni tikilmiş obyektdə işlədiklərini görüb istiqaməti dəyişirik. 
Əraziyə çatanda bizi "Azərsu" ASC-nin xidmət rəisi, "Əmək" ordenli Oqtay Həziyev qarşılayır. Çox iti yaddaşı var Oqtay müəllimin. Çünki bizi görən kimi ötən ilin yayında Şuşaya ilk səfərimiz zamanı şəhərə içməli su xəttinin çəkilməsi prosesinin necə aparıldığı barədə reportaj hazırlayarkən onunla söhbətləşdiyimizi xatırladı. Həmin vaxt Kirs dağı istiqamətindən Şuşaya gələn su xəttinin hamısının üstü açılaraq köhnə borular yenilənir və qazılmış hazır xəndəklərə basdırılırdı. Oqtay Həziyev isə bunu belə izah etmişdi ki, tarixən qış aylarında Şuşada su çətinliyi, qıtlığı olub. Hətta qışda şəhərdə su pula satılıb, çünki şaxta bütün xətləri dondururmuş. İndi isə Şuşaya çəkilən bütün su xəttləri izolyasiya edilir və torpağın 1,7  metr dərinliyinə basdırılır. Bu isə o deməkdir ki, Şuşa daha qışda susuz qalmayacaq, şəhər 24 saat daimi su ilə təmin ediləcək. 
Söhbət zamanı Oqtay Həziyevdən Kiçik Kirs dağından şəhərə gələn su xəttinin hansı mərhələlərdən keçdiyini xəbər aldıqda isə maraqlı təklif səsləndirdi: "Mən bu bərədə sizə məlumat verə bilərəm və siz də, sadəcə, yazı xətrinə bunu məqaləyə çevirə bilərsiniz. Amma yaxşı olardı ki, burdan birbaşa suyun mənbəyinə baş çəkək və öz gözlərinizlə bizim gördüyümüz işlərə şahidlik edin". Təbii ki, bu maraqlı təklifi geri çevirə bilməzdik və avtomobillərə əyləşərək yüksəkliyə üz tuturuq...  
 

Şuşanın içməli su təminatı necə reallaşdı?

 

Avtomobillə çətin dağ relyefi ilə hərəkət edə-edə Oqtay Həziyevlə söhbətləşirik. Bəlli olur ki, 44 günlük Vətən müharibəsi dövründə düşmən qüvvələri şəhəri tərk edərkən magistral su kəmərlərini də sıradan çıxardıblar. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilib və Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılıb. 
Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 mm olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 km uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəza var. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və material tələbatı müəyyən edilib, həmçinin "Azərsu" ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası və maşınları Şuşaya ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və Kiçik Kirs mənbəyində uzunluğu 9,4 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılıb. Qısa müddət ərazində Kiçik Kirs - Şuşa və Zarıslı - Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən  şəhərə suyun verilməsi təmin olunub. Şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. Hazırda "Azərsu" ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.
Şuşaya iki mənbədən - Zarıslı və Kirs dağının ətəyindən içməli su xətti çəkilib. Əvvəllər bu xətlər ayrı-ayrılıqda Şuşanı su ilə təmin edirdi. Ancaq sonradan nasosxana və təzyiqqırıcı inşa edildikdən sonra hər iki xətt bir məntəqədə birləşir və oradan şəhərə suyun verilməsi təmin edilir. Yəni şəhər 24 saat dayanıqlı içməli su ilə təmin olunur. Şəhərin daxilində mövcud 6 qazanxana da su ilə təchiz edilib. 

 

Kiçik Kirs su mənbəyində ikikameralı ötürücü qurğu yaradılıb

 

Xeyli yüksəkliyə qalxdıqdan sonra suyun mənbəyinə yetişirik. Mənbədə bütün işlər tamamlanıb və ərazi təhlükəsizlik baxımından məftillərlə hasara alınıb. Oqtay Həziyev deyir ki, ərazidə iki kameradan ibarət qurğu qurulub. Dağlardakı bulaqlardan su sakit axınla gəldikdə birinci suqəbuledici kamera işləyir. Yağıntılı dövrlərdə çaylarda axın çoxalanda ikinci kamera da işə düşür. Bu qurğuda toplanan su 325-lik diametrli özüaxınlı kəmərlə Şuşaya ötürülür. 
"Şuşa işğaldan azad olunarkən bu ərazi çox acınacaqlı vəziyyətdə idi. Su sistemi də bərbad hala salınmışdı. Prezident İlham Əliyevin göstərişi ilə bu durumun tez bir zamanda aradan qaldırılması üçün vəsait ayrıldı və "Azərsu" ASC ləngimədən  şəhərin su təminatını bərpa etdi", - deyən Oqtay Həziyev bildirdi ki, hazırda Şuşa şəhəri iki istiqamət üzrə su ilə təmin edilir. Bunlar Kiçik Kirs dağlarından, və Zarıslı istiqamətindən gələn xətlərdir. 
Ümumiyyətlə, bu cür çətin relyeflərdə belə qurğuların qurulması insana möcüzə kimi gəlir. Hərəkət etmək belə çətin olan ərazilərdə Azərbaycan oğulları xariqələr yaradırlar. Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trass salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Su kəmərlərinin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurulub hazır vəziyyətə gətirilir. Sonra borular qaynaq edilərək xəndəklərə yerləşdirilir. Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün həmin hissələr izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu borunun üzərinə xəbərdaredici lentlər çəkilir.
Bütün bunların soyuq-şaxtalı havalarda həyata keçirilməsini nəzərə alsaq onda deyə bilərik ki, Azərbaycanın qəhrəmanları Vətən müharibəsində sıldırım qayalara dırmaşıb Şuşanı işğaldan necə azad ediblərsə, indi burada çalışanlar o igidlərdən örnək götürüb gecə-gündüz yorulmadan çalışırlar. 

 

Daşaltıda tutumu 25 min kubmetr olan yeni bənd tikilib

 

Buradakı vəziyyətlə tanış olduqdan sonra Şuşa şəhərinin daim içməli su təminatını həyata keçirmək üçün yaradılan bəndə üz tuturuq. 
Qeyd edək ki, Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında sutoplayıcı bənd də tikilib. Bəndin tikintisini həyata keçirən, infrastruktur layihələrinin icrasında böyük təcrübəyə və müasir maddi-texniki bazaya malik "Protean Construction" ASC şirkətinin rəisi Rasim Yaqubovla söhbətləşirik. Bəlli olur ki,  mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərin tikintisi işləri aparılıb. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir: "Şuşa şəhərinin su sisteminin yenidən qurulması layihəsi çərçivəsində nəzərdə tutulmuş işlərin böyük hissəsi yerinə yetirilib. Yerinə yetirilmiş işlərdən ilk növbədə Kiçik Kirs mənbəyindən Şuşa şəhərinə gələn polad borunun çəkilişi başa çatdırılıb. Hazırda Şuşaya su yeni boru xətti ilə verilir. Layihə çərçivəsində ikinci mühüm işlərdən biri Kirs dağından gələn suların toplanması üçün böyük sutoplayıcı bəndin tikilməsidir. Məqsəd mövsümi olaraq suların bulaqlarda azaldığı vaxtda bənddə toplanan istənilən qədər suyun Şuşa şəhərinə nəql edilməsidir. Bənddən suyun Şuşa şəhərinin yeni tikilmiş nasosxanasına nəql olunması üçün metal borular çəkilib və montaj işləri yerinə yetirilib. Nasosxanada 4 ədəd nasos var. İstənilən vaxt istifadəsi mümkündür. Əgər elektrik enerjisi kəsilərsə, generatorlar işə düşür və su təminatında problem yaranmır". 
Uzunluğu 200 metr, eni 25 metr, dərinliyi 7 metr 30 sm olan bəndin ümumi su tutumu 25 min kubmetr təşkil edir. 
Maraqlıdır ki, dağların zirvələrində bu cür su bəndi necə yaradılıb?
Rasim Yaqubov deyir ki, bənd salınan ərazi əvvəlcə meşə sahəsi olub. Əvvəlcə Daşaltı çayının məcrası dəyişdirilib ki, işlərə maneçilək yaratmasın. Sonra ərazidən 50 metr eni, 60 metr uzunu və 12 metr dərinlikdə olan quyunun qaya suxurları tamamilə çıxarılıb. Torpağın üzərinə 6 metrdən çox hündürlüyündə gil qatı verilib. Onun da hər 30 sm hündürlüyünün üzərinə su tökülərək yoxlanılıb. Yəni suyun sızıb-sızmaması prosesinin öyrənilməsi hər 30 santimetrdən bir təkrarlanıb. Gil qatı tam kipləşdikdən sonra armaturlarla ikiqat lövhə  toxunub və onun üzərinə 420 kubmetr həcmində B25 markalı, suyadavamlı, xüsusi maddə qatılmış beton tökülüb. Bununla da bənd hazır vəziyyətə gətirilib.

 

Yeni anbarlar tikiləndən sonra şəhərdaxili şəbəkə yenidən qurulacaq

 

Su bəndi ilə tanışlqdan sonra Şuşa şəhərində görülən işlərlə tanış olmaq üçün Qalaya üz tuturuq. 
Yeni layihələr barədə məlumat verən Oqtay Həziyev bildirir ki, Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili şəbəkələrin tamamilə yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur. Hazırda "Azərsu" ASC-nin və məsləhətçi şirkətlərin mütəxəssisləri bu istiqamətdə axtarış və tədqiqat işlərini davam etdirirlər. 
Təsdiqlənmiş layihəyə uyğun olaraq Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 mərkəzi anbarın tikintisinə də başlanılıb. Layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb. Bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.
"Şuşanın dayanıqlı içməli su ilə təmin olunmasında əsas amillərdən biri su anbarlarının yaradılmasıdır. Hazırda şəhərdə anbar sahəsində qazıntı işləri aparılır. Bu anbarlar tam hazır olduqdan sonra Şuşanın bütün su sistemi yenilənəcək.  Hazırda isə burada olan Azərbaycan Ordusunun şəxsi heyəti, Şuşanın yenidən qurulmasında iştirak edən hər kəsin içməli su təchzatı 1000 və 800 kubmetr həcmində olan 2 su anbarı vasitəsi ilə həll edilir. Gələcəkdə bu imkanlar xeyli artırılacaq".
Göründüyü kimi, Prezidentin tapşırıqlarına uyğun olaraq şəhərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə mühüm işlər görülür. Bütün bunlar Şuşanın fasiləsiz su təminatının reallaşması üçün həyata keçirilir. Gördüklərimizə, eşitdiklərimizə əsasən deyə bilərik ki, tezliklə şəhərin su təchizatı daha mükəmməl şəkildə qurulacaq. 
Elə bu xoş təəssüratlarla Şuşanın yenidən qurulmasında tarix yazan "Azərsu" ASC-nin əməkdaşlarına işlərində uğurlar arzulayıb onlarla sağollaşırıq. 
Onu da vurğulayaq ki, hazırda təkcə Şuşada deyil, Şərqi Zəngəzurda da "Azərsu" ASC tərəfindən mühüm işlər həyata keçirilməkdədir. 2022-ci il avqustın 26-dan Azərbaycanın tam nəzarətinə keçmiş Laçın şəhərində qısa müddətdə xeyli iş görülüb. Ermənilər tərəfindən dağıdılmış mənbələr və şəbəkələr bərpa edilib, hazırda Laçında xidmət aparan hərbçilər, abadlıq-quruculuq işləri görən mülki vətəndaşların hamısı dayanıqlı içməli su ilə təmin ediliblər. 
Azərbaycanın zəfərinə güc qatan su təsərrüfatı işçilərini qarşıda daha böyük işlər gözləyir. İşğaldan azad olunmuş ərazilərdə "ağıllı su" layihələrinin icrasını hədəfləyən "Azərsu" ASC-nin mütəxəssisləri Qarabağın və Şərqi Zəngəzurun içməli su ehtiyatlarının və mənbələrinin müəyyən edilməsi, hər bir şəhər, qəsəbə və kənd üçün müfəssəl layihələrin hazırlanması məqsədilə mühəndis axtarış işlərini davam etdirirlər.




[email protected]