SON XƏBƏRLƏR
"Dəmir yumruğ"un poladiradəli savaşçıları

Vətən müharibəsində qazanılan böyük qələbənin səbəbkarları olan qəhrəmanlarımıza dövlət tərəfindən daim diqqət və qayğı, hərtərəfli dəstək göstərilir. Bu istiqamətdə onların məşğulluğunun təmin edilməsi, şəhid ailələrinə ev, birdəfəlik yardımlar və avtomobillərin verilməsi bu qəbildəndir. 
Müharibədən dərhal sonra yaralıların müalicə və reabilitasiyası məsələsi Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bununla yanaşı, Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin daim qayğısına qalır. Döyüşlərdə yaralanıb xaricdə müalicəyə ehtiyacı olan hərbçilərimiz Türkiyəyə göndərilib, onların müalicəsi üçün digər ölkələrdən mütəxəssislər dəvət olunub, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. Hazırda da bu proses davam etməkdədir. 
Vətən müharibəsindən keçən iki il qazilərin protezlərlə təminatının hansı səviyyədə olduğunu, işlərin necə getdiyini öyrənmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə baş çəkdik. 

 

Heç kimin köməyi olmadan sərbəst gəzən igidlər

 

Mərkəz əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların və digər reabilitasiya məmulatlarının istehsalı, əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir.
Təməli möhkəm olan hər hansı bir iş daha dözümlü, uğurlu və faydalıdır. 44 günlük Vətən müharibəsi də göstərdi ki, möhkəm təməllər üzərində dayanan xalq və ordu istənilən zirvəni fəth edə bilər. Elə mərkəzin istehsalat birliyi ilə ilk tanışlığımda ağlımda bu fikirlər dolaşırdı. Hər halda qazilərə "qol-qanad" bəxş edən, kimisi üçün ayaq açıb yeriyən bu protezlərin də təməli burada qoyulur. Mərkəz protezlərin hazırlanması ilə yanaşı, qazilərin təkrar müayinəsi və protezlərin dəyişdirilməsi xidmətini də göstərir.
Giriş qapısının yaxınlığındakı otaqda həkimlərin əlillərə protez taxmağa hazırlaşdığını müşahidə etdik. Öyrəndik ki, müayinə otağında olan iki pasiyent Vətən müharibəsi iştirakçısıdır. Həm prosesi izləmək, həm də ilk olaraq onlarla həmsöhbət olmaq üçün otağa daxil olduq. 
Yüksək texnologiyalı protezlə təmin olunan mayor Vurğun Əbilov protezin yoxlanışı üçün mərkəzə gəlmişdi. 17 ildir hərbi sahədə çalışan zabit sağ ayağının dizdən aşağı hissəsini itirsə də, protezlə təminatı sayəsində sevdiyi sahədən belə ayrı düşməyib.
Hərbi xidmət dövrünü əsasən ön xətdə çəkən mayor deyir ki, Füzuli rayonunda leytenant, baş leytenant rütbələrində xidmət edib. Taqım və bölük komandiri, taborun qərargah rəisi vəzifələrində çalışıb. 44 günlük Vətən müharibəsində Horadiz uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan nəticəsində qəlpə yaraları alıb, amma döyüşü davam etdirib.

 

Cəmi 6 ayda protezə uyğunlaşan qazi avtomobili də rahat idarə edir

 

Daha sonra xidmətini 2021-ci ilin fevral ayından Dövlət Sərhəd Xidmətində davam etdirməyə başlayıb. Zəngilanın Vejnəli, Ağbənd kəndlərində xidmət keçən mayor 2022-ci ilin aprel ayında Vejnəli kəndində döyüş tapşırığını yerinə yetirərkən minaya düşüb. 
45 gün Dövlət Sərhəd Xidmətinin Hospitalında müalicə aldıqdan sonra əlillik qrupu təyin olunan hərbçi bu mərkəzə müraciət edib: "On gün müayinələrdən sonra protezlə təmin olundum. Hazırda normal hərəkət edirəm, heç bir problem yoxdur. Uyğunlaşmaq üçün məzuniyyətdəyəm, yenidən xidmətimə qayıdacam. Protez fəaliyyətimə mane olmur. Həkimlər daim nəzarətdə saxlayır, lazım olduqda müayinədən keçirirlər".
Vurğunun dik duruşu, məğrurluğu, cəmi 6 ayda protezə uyğunlaşması, xidmətinə tez qayıtmaq istəyi açıq aydın sezilirdi. Fiziki fəaliyyəti yüksək səviyyədə bərpa olunan cəsur hərbçi hətta avtomobili də rahatlıqla idarə edir. Bu, qazimizin şəxsi əzmi və iradəsinin, fiziki gücünün göstəricisi olmaqla bərabər, həm də Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin qazilərimizə göstərdiyi yüksək xidmətin nümunəsidir. Vurğun düşünür ki, adaptasiya mərhələsi insanın özündən asılıdır və istədiyi halda daha tez ayağa qalxa bilir. 

 

"Protez normal fəaliyyətimə imkan verir"

 

Digər hərbçimizin ayağına isə əməliyyatından 4 ay keçdikdən sonra yeni protez salınırdı. 8 ilə yaxın hərbi sahədə çalışan Məhəmməd Yusifzadə əsasən Tərtər, Ağdam istiqamətində xidmət edib. 
44 günlük müharibədə bölüyün həkimi, tibb işçisi olaraq Talış kəndində yaralıları ərazidən çıxararkən minaya düşərək sol ayağını itirib. Daha sonra Naftalanda əməliyyat olunub Bakıya Hərbi Hospitala göndərilib. Bir neçə dəfə əməliyyat olunduğunu deyən hərbi həkim bildirir ki, bu, Məhəmmədin ayağına taxılacaq ikinci protezdir: "İlk protezdən sonra ayağımda problem olduğu üçün əməliyyata ehtiyac yarandı. İndi yenisi ilə təmin olunacam. Protezə uyğunlaşmam 3-4 gün çəkir. İlk protezdə çətin olsa da, tez uyğunlaşdım. Protez normal fəaliyyətimə imkan verir". 
Daha sonra qazimizin ayağına protez salınması prosesini izlədik. Məhəmməd hazırda mərkəzin stasionar şöbəsində müalicə alır.

 

Müasir protezlər itirilən orqanların funksiyasını 70-90 faiz təmin edir

 

Sonra mərkəzin ikinci mərtəbəsində fəaliyyət göstərən protezlərin hazırlandığı sexə baş çəkib buradakı avadanlıqlarla tanış olduq. İndiyədək görülən işlər barəsində məlumat verən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov dedi ki, hazırda mərkəzdə yüksək texnologiyalı protezlər dünyada məşhur protez istehsalçılarından olan Almaniyanın "OTTO BOKK" və İslandiyanın "ÖSSUR" firmasının komplektləşdiriciləri əsasında hazırlanır.
Hazırlanan hər bir protez fərdi olduğu üçün istifadəçinin çəkisi, ölçüsü, aktivlik dərəcəsinə və bədən quruluşuna görə müəyyənləşdirilir. Son nəsil protezlər amputasiyanın səviyyəsindən asılı olaraq itirilən orqanların funksiyasını 70-90 faiz aralığında təmin edir. 
Asif Məcidov qeyd etdi ki, Vətən müharibəsi və ondan sonrakı dövrdə yaralanaraq ətrafları amputasiya olunmuş 214 nəfərin 223-nün protezə ehtiyacı olduğu müəyyənləşdirilib. Həmin şəxslərdən 199 nəfəri 208 ədəd protezlə təmin olunub. Onlardan 34 nəfərində yuxarı ətraf, 181 nəfərində isə aşağı ətraf protezləridir. 
Protezlərin sayları arasında fərq bir şəxsin bir neçə protezə ehtiyacı ilə əlaqədardır. Vətən müharibəsindən sonrakı dövrdə mina partlayışı nəticəsində xəsarət almış, həmçinin sentyabr döyüşlərində yaralanmış, ümumilikdə 15 nəfərin protezləşdirilməsi istiqamətində isə işlər gedir. İlin sonuna kimi onların protezlə təminatı başa çatdırılacaq. 
Direktor dedi ki, onların güdülləri (amputasiya edilmiş, travmatik qopan hissə) formalaşmadığından proses ilin sonuna kimi çəkir, çünki amputasiyadan sonra protezin salınmasına qədər 2 aydan 6 aya kimi vaxt tələb olunur. Bu, gənclərdə daha az çəkir.
Asif Məcidov Birinci Qarabağ müharibəsində yaralanaraq ətrafları amputasiya olunmuş şəxslərin müasir protezlərlə təminatı barədə də məlumat verdi. Onun sözlərinə görə, müharibə iştirakçısı olmuş bu cür yaralıların 168 nəfəri 174  protezlə təmin olunub. 

 

Protezlərin hazırlanma prosesi və istifadə müddəti...

 

Protezlər xaricdən gətirilən komplektləşdiricilər ilə mərkəzin mütəxəssisləri tərəfindən hazırlanır. Hər hansı müasir protezlərin hazırlanmasında ilkin olaraq istehsalçı xarici şirkətin nümayəndələri tərəfindən azərbaycanlı mütəxəssislərə təlimlər keçirilir, onlara prosedur qaydaları izah olunur. Onlar sertifikat aldıqdan sonra isə həmin protezlərin hazırlanması işinə icazə verilir. Protezlərin istifadə müddəti hazırlanmasında istifadə edilən komplektləşdiricilərdən asılı olaraq 2 -5 il arasında dəyişir.
Sexdə olduğumuz zaman gənc mütəxəssislərin məşğul olduqları prosesi izlədik. Onlar işlərindən ayrılmayaraq verdiyimiz sualı ümumi cavablandırdılar. Bildirdilər ki, ölçülər müəyyən olunduqdan, sifariş götürüldükdən sonra bir protezin hazırlanması bir həftəyə qədər çəkir. Hər protezin üzərində isə bir mütəxəssis çalışır. 
İş prosesinə mane olmamaq üçün suallarımızı yenidən mərkəzin direktoruna ünvanladıq. Bəlli oldu ki, yüksək texnologiyalı protezlər aktivlik dərəcəsinə görə fərqlənir. Yuxarı ətraf protezləri aşağı ətraf protezlərindən daha mürəkkəb və funksionallıq tələb edən vasitədir. Ona görə də həmin protezlərin hazırlanması daha çox vaxt tələb edir. Eyni zamanda yuxarı ətraf protezlərində elektron dirsək mexanizmi olur ki, bu da tam yüksək texnologiya sayılır. Yuxarı ətraf protezlə təminat zamanı istifadəçilərə "iPod" verilir. Onlar bunun vasitəsilə müəyyən funksiyalarda yenilənmə edə, əzələ impulslarını hərəkətə gətirə bilirlər. Digərləri isə aktiv müasir protezlərdir. 
Asif Məcidov dedi ki, protezin yüksək texnologiyalı olması elektron demək deyil: "Aşağı ətrafların protezlərində elektron hissə olmasa belə onlar yüksək texnologiyalı sayılır. Protezdəki nasos vasitəsilə güdüldəki hava xaric edilir və onun ayaqda qalmasını təmin edir".
Protezlə təminatdan sonra qazilərin daim nəzarətdə saxlanıldığını deyən direktor bildirir ki, ilkin protezləşmədən sonra güdüldə müəyyən dəyişikliklər baş verdiyi üçün  korreksiyaya ehtiyac yaranır. 

 

"Protez taxan kimi ayağa qalxan iki qazidən biri mən oldum"

 

İstehsal sexi ilə tanışlıqdan sonra Bakı Reabilitasiya Mərkəzinə, stasionarda qalan qazilərə baş çəkdik. Öyrəndik ki, postmüharibə dövründə mərkəz tərəfindən 1630 müharibə əlilinə 25 mindən çox reabilitasiya vasitəsi verilib. Burada qazilər reabilitasiyaya cəlb olunur, eyni zamanda onlar protezlə təmin olunduqdan sonra uyğunlaşma üçün bir müddət mərkəzdə qalırlar. 
Adaptasiya müddəti pasiyentin fiziki durumundan və güdülün formalaşmasından asılı olaraq dəyişir. İki ayağı amputasiya olunanlarda bu prosesin daha uzun çəkdiyi qeyd edilir. Amma elə qazilər var ki, əsadan belə istifadə etmədən protez taxılan kimi ayağa qalxaraq yeriyə bilirlər. 
Onlardan biri də Vətən müharibəsi iştirakçısı Kənan Musayevdir. O, sentyabrın 27-dən Talışkənd, Ağdərə, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Ayın 29-da hərbçi yoldaşını ərazidən təxliyə etmək istəyərkən minaya düşərək sol ayağını dizdən aşağı itirib. Kənan deyir ki, hərbidən tərxis olunandan, ona əlillik qrupu müəyyənləşdikdən sonra mərkəzə gəlib. Artıq iki ildir ki, protezlə təmin olunan qazimiz heç bir problemi olmadığını bildirir: "Mərkəzdə 25 günlük müalicə müddətindən sonra protezlə təmin olundum.  Bir neçə gün uyğunlaşma müddəti təyin olunsa da, protez taxılan kimi ayağa qalxan iki qazidən biri idim". Adaptasiyaya belə ehtiyacı olmayan döyüşçümüz hər üç aydan bir mərkəzə gələrək 15 gün müddətinə reabilitasiyaya cəlb olunur. Müalicənin sonunda protezinin dəyişdiriləcəyini deyən qazi qeyd edir ki, hər hansı problem yarananda əlaqə saxlayıb dərhal müayinəyə gəlirlər. Mərkəzdə qazilərə bütün xidmətlər dövlət hesabına həyata keçirilir. 
Məlumat üçün qeyd edək ki, protezlə təmin olunan hər bir qaziyə istifadə qaydaları barədə təlimat verilir. Onlar daim nəzarətdə saxlanılır, vaxt təyin olunaraq müayinəyə çağırılırlar. 
2020-ci ilin dekabrından etibarən müharibə əlillərinin son nəsil protezlərlə təminatı, iki ilə yaxın müddətdə bu istiqamətdə görülən bütün işlər Vətən müharibəsindən sonra qazilərimizlə bağlı həyata keçirilən genişmiqyaslı dəstək tədbirləridir. Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətini təşkil edir.  Müharibə əlillərinin və şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi üçün mühüm addımlar atılır. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kursu keçmələri işləri davam edir. Əlbəttə ki, bizə zəfəri bəxş edən, 30 illik erməni işğalına son qoyan, yurdlarından didərgin düşmüş vətən həsrətlilərini vüsala çatdıran qəhrəmanlarımızın sağlamlıqlarının bərpası və cəmiyyətə inteqrasiyası hər şeydən öndə gəlir. 




[email protected]