Dövlətçilik tarixinin zirvəsi: "Konstitusiya və Suverenlik İli"nin təcəssümü

Babayeva Gülnarə Vəli qızı
ADPU-nun "Analitik və üzvi  kimya”  kafedrasının dosenti,
"Heydər Əliyev-100” media mükafatı laureatı

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çətin dövrlərdən keçdi. Xüsusilə 1991-1993-cü illərdəki hakimiyyət boşluğu və cəmiyyətdəki anarxiya səbəbindən ölkəmiz ciddi böhranla üzləşdi. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə respublikada sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün sağlam təməlin əsası qoyuldu. 1995-ci ildə qəbul edilən ilk Konstitusiya isə Azərbaycanın hüquqi və institusional inkişafının əsasını təşkil etdi, müstəqilliyin qorunması və daxili siyasi-sosial sabitliyin təmin edilməsində həlledici rol oynadı. Azərbaycan Konstitusiyasının preambulasında ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması əsas prinsiplərdən biri kimi qeyd olunmuşdu.
Lakin Ermənistanın uzunmüddətli işğalı Azərbaycan Respublikasının suveren hüquqlarını bu torpaqlarda tam tətbiq etməyə imkan vermədi. Bu səbəbdən də işğalın sona çatması və ərazi bütövlüyünün bərpası ölkəmizin milli ideyasının ən vacib hədəfi idi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə uğurlu antiterror tədbirləri ilə isə suverenliyimiz tam bərpa olundu. Bu hadisələr Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsini bütün ərazilərdə təmin etməklə yanaşı, ölkənin suverenliyini də möhkəmləndirdi. Hətta 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başlandı.
Ötən il əldə olunan bu nailiyyətlərin fonunda Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd ediləcəyi Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla rəsmi olaraq təsdiqlənib. Sərəncamda müstəqil və suveren dövlət qurmağın, milli-mənəvi dəyərlərə, həmrəylik və ədalət prinsiplərinə əsaslanmış inkişaf etmiş cəmiyyət yaratmağın Azərbaycan xalqının əsrlər boyu arzuladığı bir məqsəd olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı tarix boyu müxtəlif xarici təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq, milli kimliyini qoruyub saxlayıb, mübarizə əzmini itirməyib və öz müstəqillik ideallarına sadiq qalıb.
Sərəncamın qəbul edilməsi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu bir dövrə təsadüf edir. Belə ki, 2025-ci ildə həm Konstitusiyanın qəbul edilməsinin 30 illiyi, həm də Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümü qeyd olunacaq. Bu da "Konstitusiya və Suverenlik İli"nin birgə keçirilməsinin mənasını izah edir. Milli Məclisin deputatı Hikmət Babaoğlu bununla bağlı bildirib ki, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi yeni reallıqlarla bağlıdır: "Azərbaycan öz müstəqilliyini 1990-1991-ci ildə elan etsə də həqiqi müstəqilliyinə yalnız 2020-ci ildən sonra qovuşmağı bacardı. Çünki müstəqilliyimizi əldə etdikdən sonra ərazimizin 20 faizindən çoxu işğal altında idi. Suveren hüquqlarımızın bərpası isə yalnız 2023-cü il sentyabr ayının 19-20-də keçirilən lokal antiterror tədbirlərindən sonra mümkün oldu. Suverenliyimiz və Konstitusiyamızın Azərbaycanın bütün ərazisində bərpa edilməsi hadisəsi yalnız 2023-cü ildən sonra baş tutdu. Doğrudur, biz 1995-ci ildə Azərbaycan Respublikasının Konstitutsiyasını qəbul edərkən yenə də ərazi bütövlüyü və suveren hüquqlarımıza istinad edirdik. Onu xüsusi olaraq bəyan edirdik, amma bu, real deyildi. Bu reallığı biz yalnız və yalnız 2023-cü ildə yarada bildik. Ona görə də Azərbaycan xalqının suveren və hüquqi dövlətinin qurulması, konstitusion hüquqi münasibətlər sisteminin yaradılması və onun bütün ərazisində bu hüquqların bərpa olunması həmin dövrdən sonra mümkün oldu. Bu, bir millətin dövlətçilik taleyində mühüm bir hadisədir. Ona görə də düşünürəm ki, 2025-ci il həm Konstitusiyamızın yaranmasının 30 illiyinin təbliği üçün yeni fürsət yaradacaq, həm də suveren hüquqlarımızın bərpa olunması üçün hansı yollardan keçdik, buna necə nail olduq, bu tarixi mərhələni necə arxada qoya bildik, bunlar Azərbaycan dövlətçiliyinin inkişaf tendensiyasının təbliği ili olacaq. Yəni 2025-ci il ölkəmizdə dövlətçilik və Konstitusiya ilə bağlı maarifləndirmə ili kimi yadda qalacaq. Bu, həm də zəfər yolunun yenidən öyrənilməsi və xalqın qarşısında milli hesabatı mərhələsi olacaq. Gələn il Azərbaycanın daha da güclü dövlətçilik şüurunun bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edəcək".
Bu gün Azərbaycan müstəqil siyasətini daha cəsarətlə davam etdirir və Konstitusiyanın tələblərinə əsaslanaraq gələcəyə doğru inamla addımlayır. Yeni reallıqlar şəraitində ölkəmiz həm daxili, həm də xarici siyasətini öz suveren hüquqlarına və xalqın milli maraqlarına uyğun şəkildə qurmağa davam edir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" olaraq qeyd edilməsi bu uğurların bir daha təntənəli şəkildə xatırlanması və gələcək inkişaf perspektivlərinin daha da möhkəmlənməsi üçün əhəmiyyətli bir dövr olacaq. Yəni gələcək perspektivdə rəsmi Bakının Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə nail olması qaçılmazdır.

28.05.2025


[email protected]