Müstəqillik Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əbədi irsi
ASTANOVA ARZU DAĞBƏYİ QIZI
ADPU-nun “Analitik və üzvi kimya”
kafedrasının baş müəllimi
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü tamam olur. Bu şanlı tarix ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Cümhuriyyət müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoymuşdu. Ona görə də, 28 May – Müstəqillik Günü xalqımız üçün dəyərli və müqəddəs bayramlardan biridir. Xalq Cümhuriyyəti milli tariximizin şanlı səhifələrindəndir. Ümumiyyətlə, milli dövlətçilik tariximizdə Xalq Cümhuriyyəti müstəsna yer tutur. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Bu dövləti yaradan xalqımızın oğulları əsl vətənpərvərlik nümunəsi göstərdilər. Məhz buna görə də, cümhuriyyət qurucularının xidmətləri daim dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir, onların əziz xatirəsi hər zaman uca tutulur.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirilməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir. Məhz bundan sonra, o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi. Eləcə də, 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.
Prezident İlham Əliyev bu ənənəni layiqincə davam etdirir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu. Bu gün çox qürur duyuruq ki, Müstəqillik Gününü ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması şəraitində qeyd edirik. Bütövlükdə, Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycanın üçrəngli Bayrağını Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bütün bölgələrdə qürurla ucaltması xalq olaraq bizi hədsiz dərəcədə iftixarlandırır. Bu Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Eləcə də, 28 May-Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə dünyanın aparıcı ölkələrinin rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları və məktublarda Azərbaycanın inkişafı, yüksək beynəlxalq nüfuzu, həyata keçirdiyi uğurlu siyasətlə bağlı önəmli fikirləri bir daha müstəqil dövlətimizin gücünün, qüdrətinin, Prezidentimizin dünya miqyasında yüksək nüfuzunun parlaq nümunəsidir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan qarşıdakı dövrlərdə yeni-yeni nailiyyətlər, qələbələr əldə edəcək.
28.05.2025
[email protected]