Muradova Elnarə Müzəffər qızı
ADPU-nun Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti
20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələr sanki dünən baş vermişdir. O qanlı gecədə sinələrini düşmən gülləsinə sipər edən, ayaqdan- başa qədər ən müasir silah-sursatla təchiz olunmuş imperiya ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız Bakının ən uca zirvəsində salınmış, bu gün hər bir kəsin ziyarətgahına çevrilmiş "Şəhidlər xiyabanı”ında uyuyurlar. Qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir. Vaxtilə bu qanlı hadisələrə görə daha çox ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlənməklə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Bu gün hər bir vətəndaşımız Qalib Azərbaycanda yaşamasından qürur hissi keçirir. Bu qalibiyyətin əsasını da, şübhəsiz ki, qəhrəman 20 Yanvar şəhidləri qoydu.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu şəhid verdi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Vətənin bir qarışını belə düşmənə qıymayan cəsarətli, qorxmaz, mərd övladlarımız misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə Ulu öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: "1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu faciəyə ilk ilk siyasi-hüquqi qiymət də ulu öndər tərəfindən verildi. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Xalqın təkidi ilə müstəqil Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra Heydər Əliyev təhlükələrdən qorxub çəkinmədi. Sovet hakimiyyətinin 20 Yanvar cinayətinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
Heydər Əliyevin yolunu, siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan SOS siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
20.01.2024
[email protected]