Azərbaycan müstəqil dövlətdir. Bu töhfə eyni zamanda qərinələrlə, əsrlərlə milli azadlıq mücadiləmizin məntiqi yekunudur. Artıq illərdir ki, biz bu yolla gedirik. Bu yolda kifayət qədər çətinliklər və maneələr də olmuşdur. Müstəqilliyi qorumaq, saxlamaq və möhkəmləndirmək onu qazanmaqdan da çətindir. Şanlı tariximizin bu səhifələrinin yazılmasında dünyanın ən görkəmli ictimai-siyasi dövlət xadimlərindən biri ümummilli lider Heydər Əliyevin rolu, xidmətləri əvəzolunmazdır. Bu gün müstəqil Azərbaycanımızın dünya birliyində yeri Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, uzaqgörən çoxşaxəli fəaliyyətinin nəticəsində gündən-günə möhkəmlənir.
Вu şərəfli fəaliyyətdə möhtərəm Prezidentimizlə onun həyat yoldaşı, millət vəkili, Azərbaycan Mədəniyyətinin Dostları, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, xalqın dərin hörmətini və məhəbbətini qazanmış Mehriban xanım Əliyeva da qoşa addımlayır. O da sözün həqiqi mənasında tarixi şəxsiyyət olduğunu özünün çox istiqamətli fəaliyyəti ilə artıq çoxdan sübut etmişdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini istər mətbuatımız və istərsə də nəşr edilmiş ədəbiyyatlar tam olmasa da işıqlandırıblar. Bütün bunlara baxmayaraq ümumxalq məhəbbəti qazanmış, ürəyində intəhasız vətən sevgisi gəzdirən Mehriban xanım Əliyeva haqqında bir məqalə çərçivəsində böyük minnətdarlıq hissi ilə ürək sözlərimi qələmə almağı özümə borc bildim. Çünki mənim dünyaya göz açdığım Hacıqabul rayonunun Qızılburun kəndində də yüksək səviyyəli yeni məktəbin inşası, onun kompyuterləşdirilməsi, kəndə asfalt yolun çəkilməsi bu xeyirxah xanımın adı ilə bağlıdır.
Mehriban xanım Əliyeva iki böyük məktəbin yetirməsidir. İlk öncə xalqımızın böyük yazıçısı Mir Cəlalın milli vətənpərvərlik ruhunda yazılmış əsərlərindən bəhrələnmiş, doğma xalqına məhəbbət və sevgi, milli dəyərlərə hörmət qanına hopmuşdur. Görkəmli ziyalı, akademik Arif Paşayevin, nəinki keçmiş SSRİ məkanında, bütün Şərqdə tədqiqatçı-alim kimi tanınan Aida xanım İmanquliyevanın ailəsində milli ruhda böyüyüb, boya başa çatan, onların tərbiyə məktəbindən keçən məmləkətin birinci xanımı belə də olmalı idi.
Mehriban xanım mükəmməl təhsil almış yüksək intellektə malik bir şəxsiyyət kimi formalaşmışdır. Belə ki, orta məktəbi qızıl medalla başa vuraraq, M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, həkimlik peşəsinə yiyələnmiş, Elmi-Tədqiqat İnstitutunda bilik və təcrübəsini daha da zənginləşdirmişdir. Fəlsəfə elmləri namizədidir. Elmin bu sahəsinə maraq onun milli ruhundan, tarixi adət-ənənələrimizə bağlılığından, milli mədəniyyətimizə dərin hörmətdən yaranmışdır.
Onun bir şəxsiyyət kimi formalaşmasında Ulu öndər Heydər Əliyev siyasi məktəbinin güclü təsiri olmuş, onun bir siyasi və dövlət xadimi olaraq bilik və təcrübəsindən, qeyri-adi zəkasından bəhrələnmişdir. Heydər Əliyev ideyalarına, vətənə, xalqa bağlılığı, zəngin mədəniyyətimizə dərin hörmət və qayğısı Mehriban xanımın həyat amalına çevrilmişdir.
Fürsətdən istifadə edərək, bu gün doğum günü olan Mehriban xanımı təbrik edirik. Bu məqalədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, qəlbi vətən sevgisi, xalq məhəbbəti ilə döyünən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin cüzi bir hissəsinə işıq sala bildik. İnanırıq ki, məmləkətin birinci xanımı möhtərəm Prezidentimiz İlham Əliyevlə çiyin-çiyinə öz xalqı, vətəni naminə bundan sonra da böyük işlər görəcəkdir. Bu şərəfli və işıqlı yolda ona uğurlar arzulayırıq.
Günel Dadaşova
Azərbaycan Dövlət Pedaqoji Kollecinin
Azərbaycan dili və ədəbiyyat müəllimi
[email protected]