Prezident İlham Əliyev: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir

Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Xüsusən energetika sahəsində daha geniş əməkdaşlıq imkanları var.

ictimaifikir.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edərkən bildirib.

Prezident ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran dövlətimizin başçısı hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etdiyini xatırladan Prezident İlham Əliyev deyib ki, dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.




[email protected]