İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı qəbul edib.

Vitse-prezident Fuat Oktay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakı məmnunluqla qeyd edildi. Rəcəb Tayyib Ərdoğan ilə iki gün əvvəl telefon danışığını xatırladan dövlətimizin başçısı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirdi.

Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olundu. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edildi, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulandı.

Görüşdə, eyni zamanda, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin Şuşaya planlaşdırılan səfərini alqışladığını bildirdi.




[email protected]