Müzəffər Ali Baş Komandanın şanlı Zəfəri nəticəsində bütün dövlət sərhəd xətti boyu Azərbaycan bayrağı dalğalanır

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin QULİYEV: "Dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır"

 

Vətən savaşında böyük tarixi Zəfərin qazanılmasında Silahlı Qüvvələrimizin tərkib hissəsi olan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti misilsiz fədakarlıq, şücaət nümayiş etdirdi. Müharibəyə qədərki mərhələdə ciddi təkmilləşmə keçərək peşəkar döyüş hazırlığına sahib olan sərhədçilərimiz Ali Baş Komandanın "İrəli!" əmrini də məharətlə icra etdilər. Son iki ildə isə işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin ən yüksəksəviyyəli mühafizəsini təşkil edir, yeni qəhrəmanlıq nümunələri yaradırlar.

II Qarabağ müharibəsinin başlanmasının ikinci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə  həmsöhbət olduq. Sərhədçilərimizin son iki ildə səngərdə və sərhəddə göstərdikləri məsuliyyətli xidməti fəaliyyətdən bəhs edən müsahibimizin fikrincə, sərhəd məntəqələrimizdə təxribat törədən düşmənə qarşı son döyüş əməliyyatları Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Silahlı Qüvvələrimizin yenilməzliyini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.

- Dövlət Sərhəd Xidməti Vətən müharibəsində möhtəşəm şərəf salnaməsi yaradaraq, böyük qələbənin əldə olunmasına əvəzsiz töhfələr verdi. Ancaq bir məqam da oxucularımıza maraqlıdır: sərhədçilərimizin bu savaşa hazırlıq prosesi necə gedirdi? Ali Baş Komandan tərəfindən qarşınıza nə kimi tapşırıqlar qoşulmuşdu və bu vəzifələrin icrasını necə təşkil etmisiniz?

- Öncə xüsusi vurğulamalıyam ki, Vətən Müharibəsində qazandığımız Böyük Zəfərin müəllifi və yaradıcısı, siyasi, diplomatik və hərbi müstəvilərdə atdığı ardıcıl, məqsədyönlü addımlar sayəsində bu qələbəni gerçəkləşdirən, xalqımıza qalibiyyət sevincini yaşadan şəxs - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir.

Silahlı Qüvvələrimizin, o cümlədən də Dövlət Sərhəd Xidmətinin 44 günlük Vətən müharibəsində göstərdiyi ciddi nəticələrin özülünü də məhz Müzəffər Ali Baş Ko-mandanımızın qarşımızda qoyduğu tapşırıqların doğru və dəqiq yerinə yetirilməsi təşkil edir. Bu gün biz böyük qürurla deyə bilirik ki, Vətən müharibəsindən əvvəl, döyüş əməliyyatlarının gedişatı zamanı və müharibədən sonrakı dövrdə qarşımızda qoyulmuş bütün tapşırıqlar layiqincə icra olunub.

İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin yaratdı.

Bu sırada - şəxsi heyətin Heydər Əliyev dövlətçiliyinə sədaqəti, hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsini, təmas xəttinin bilavasitə yaxınlığında xüsusi təyinatlı hərbi bazaların yaradılmasını, düşmən üzərində hərbi üstünlüyümüzü şərtləndirən əsas amillərdən biri olmuş pilotsuz uçuş aparatlarının alınmasını və həqiqi döyüş şəraitində effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılmasını xüsusi qeyd etməliyəm. DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılmasını və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsini, ən yüksək səviyyədə silahlar, döyüş sursatları və hərbi ləvazimatla təchizatlandırılmasını, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsini də əsas məqamlardan biri kimi vurğulayıram.

Eyni zamanda "AN-2" təyyarələrinin pilotsuz uçuş aparatı kimi modernləşdirilməsi və hərb tarixində yenilik, "nou-xau" kimi qiymətləndirilən, yanlış hədəf qismində düşmənin hava hücumundan müdafiə sistemini aşkarlamaq və zərurət olduqda dəqiq zərbə endirmək məqsədilə tətbiqi, bölmələrimizə 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumu həyata keçirmək imkanını vermiş döyüş vərdişlərinin yaradılması, düşmən bölmələrinin dislokasiyası və hərəkətləri barədə kəşfiyyat məlumatlarının əldə olunması və bu kimi digər məsələləri xüsusi qeyd etmək lazımdır.

2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının bir neçə gün ərzində darmadağın edilməsi zamanı da Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları yüksək səviyyədə icra olundu, o cümlədən "Harop" zərbəendirici pilotsuz uçuş aparatlarının ilk döyüş tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi.

2018-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını və şəxsi heyətinin peşəkarlığını nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu.

Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində 89 sərhəd döyüş məntəqəsi, "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qərargah kompleksi də daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, müqabil ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı.

- Bəs Azərbaycan Respublikasının sərhəd mühafizə orqanlarının maddi-texniki bazasının təkmilləşdirilməsi və mövcud texnikanın modernləşdirilməsi istiqamətində hansı işlər görüldü?

- Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb, lakin bir o qədər də şərəfli inkişaf yolu vaxtilə əlçatmaz kimi görünən zirvələrin fəth edilməsi yoludur. Çünki vaxtilə uzaq gələcək kimi qəbul etdiyimiz məsələlər vardı ki, onlar bu gün artıq günümüzün reallığıdır.

Məsələn, şimal və şimal-qərb sərhədlərində müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının, sahil mühafizəsinin yaradılması ilə yanaşı, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqi, sərhəd məntəqələrində radiolokasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsi, xidmət-daxili rəqəmsal informasiya sisteminin formalaşdırılması mühüm uğur kimi səciyyələnir.

Həmçinin DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində müasir tələblərə cavab verən, Xəzər dənizində mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqlarını icra etməyə qadir olan "Tufan" və "Şahdağ" tipli sərhəd gözətçi gəmilərinin inşası və DSX-nin tərkibində xüsusi hava əməliyyatları qüvvələrinin yaradılması, PUA-ların effektiv döyüş tətbiqi üzrə Azərbaycan sərhədçilərinin peşəkarlığının əksər xarici dövlətlərin ordularında etalon kimi qəbul edilməsi bütünlüklə Silahlı Qüvvələrimizin nailiyyətidir.

DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi tədris sisteminin formalaşdırılması, xarici dövlətlərin sərhəd mühafizə qurumlarının kursantlarının DSX Akademiyasında təhsil almaları və xarici həmkarlarımızdan bununla əlaqədar müraciətlərin daxil olmasının davam etməsi, eyni zamanda sərhədçilərin sosial-məişət vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər ötən müddət ərzində qazanılan ciddi müvəffəqiyyətlərdir.

Birmənalı olaraq vurğulanmalıdır ki, bütün bu nailiyyətləri mümkün edən Azərbaycan sərhədçilərinə göstərilən ali diqqət və qayğıdır. Şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə qaldırdığımız hər bir məsələyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman xüsusi həssaslıqla yanaşıb. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti, Səngəçal qəsəbəsində aviasiya bazası, "Sərhədçi" İdman Mərkəzi, Abşeron rayonunun Goradil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri inşa edilib, Dövlət Sərhəd Xidmətinin Aparatının binası əsaslı təmir olunub. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları tikilib, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. Respublika miqyasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib.

Prezident İlham Əliyevin qərarı ilə 2007-ci ildə Dövlət Sərhəd Xidmətinin Akademiyasının, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə DSX-nin tərkibində xüsusi təyinatlı tam orta təhsil müəssisəsinin - Xüsusi Məktəbin yaradılması, Heydər Əliyev Fondunun dəstəyilə zəruri tədris və maddi-texniki baza ilə təchiz edilməsi sayəsində bu illər ərzində Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırılmasına nail olunub. Nəticə etibarilə Xüsusi Məktəbdə 7 il, Akademiyada 4 il olmaqla, cəmi 11 il müddətində Vətəninə, Prezidentinə, dövlətçiliyinə sadiq vətənpərvər sərhədçi zabit korpusunun yetişdirilməsi üçün tam şərait yaradılıb.

Bu illər ərzində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissə və bölmələrinə 41 dəfə səfər edib. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, dünya miqyasında dövlət başçısı tərəfindən hərbi qurumlara göstərilən diqqət və qayğının bənzərsiz göstəricisi, sərhəd mühafizəsinə verilən ən yüksək qiymətdir.

- Azərbaycan sərhədçiləri Vətən müharibəsinin ilk anından etibarən silaha sarılaraq, döyüş tapşırıqlarını böyük şücaət və məsuliyyətlə həyata keçirdilər. Dövlət Sərhəd Xidmətinin bu yönümdəki şanlı fəaliyyətinin əsas istiqamətləri və nəticələri nə oldu?

- 2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.

Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi.

Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik. Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.

Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.

DSX-nin "Harop," "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarını peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin "SU-25" hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı "Harop" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı.

- Köhnəlmiş "AN-2" təyyarələrinin Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə modernləşdirilərək pilotsuz uçuş aparatına çevrilməsi Vətən müharibəsinin elə ilk saatlarında hərbi vəziyyəti əsaslı şəkildə xeyrimizə dəyişdi, ciddi strateji dönüşə səbəb oldu…

- Həqiqətən də, DSX-nın Vətən müharibəsində tətbiq etdiyi bu yenilik dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş "AN-2" təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi.

Ölkəmizin ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 kilometr, Ermənistanla dövlət sərhədinin 500 kilometrədək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyuldu. Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin eyni zamanda bir neçə müstəvidə fədakarcasına apardığı mübarizə, xalqımızın Ali Baş Komandan ətrafında "dəmir yumruq" kimi birləşməsi, Silahlı Qüvvələrimizin hərbi taktiki və strateji üstünlüyü, hərbçilərimizin yenilməz döyüş ruhu - bunlar 44 günlük müharibədə Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.

Vətən müharibəsində əldə edilmiş şanlı qələbə haqqında danışarkən Müzəffər Ali Baş Komandanımızın ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın böyük rolunu xüsusi qeyd etmək istəyirəm. Döyüş əməliyyatlarının planlaşdırılmasından və gedişatından tutmuş hərbi qulluqçuların təminatı, sağlamlıqlarının mühafizəsi, yaralıların müalicəsi, Şuşada və digər bölgələrimizdə qədim mədəniyyətimizə və tarixi irsimizə aid abidələrin müdafiəsi, mülki vətəndaşların düşmən zərbələrindən qorunması və bu kimi onlarca digər məsələni xüsusi diqqət mərkəzində saxlayan xanım Birinci vitse-prezidentin verdiyi tapşırıqlar və bu istiqamətdə gördüyü işlər böyük Zəfərin əldə olunması üçün son dərəcə əhəmiyyətli oldu.

- Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçularının ailələrinə, əlil və iştirakçılara hansı diqqət və qayğı göstərilir?

- İşğalçı düşmən qüvvələrinə qarşı böyük əzm və fədakarlıqla döyüşmüş sərhədçilərin döyüş məharəti Prezidentimiz, dövlət tərəfindən yüksək qiymətləndirilib, müxtəlif orden və medallarla təltif ediliblər. Döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub.

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhid ailələrinə dövlət bayramlarında, şəhidlərin doğum və anım günlərində DSX-nin ali hərbi rütbəli zabitləri tərəfindən onlara baş çəkilməsi, onların məzarlarının mütləq yad edilməsi təcrübəsi formalaşdırılıb, qazilərin müalicəsinə, onlara müharibə veteranı adının, sığorta və digər ödənişlərin alınması üzrə sənədləşmə işlərinin görülməsinə xüsusi diqqət göstərilib, şəhid ailəsi üzvlərinin Dövlət Sərhəd Xidmətində hərbi xidmətə və işə qəbul edilmələrinə, şəhid övladlarının DSX-nin Xüsusi Məktəbinə qəbul olunmalarına tam şərait yaradılıb. Bu günədək 12 nəfər şəhid ailəsi üzvü DSX-yə həqiqi hərbi xidmətə, işə, yaxud təhsil müəssisəsinə qəbul olunub.

- Vətən müharibəsindən sonrakı dövrdə Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin bütün növ hərbi birləşmələri qarşısında hərbi fəaliyyətin daha da təkmilləşdirilməsi, modernləşdirilməsi, xidmətdə yeni keyfiyyət mərhələsinə keçilməsi mühüm tapşırıq kimi müəyyənləşib. Dövlət Sərhəd Xidməti qarşısında da qoyulmuş bu vəzifələrin icrası necə gedir?

- Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan Azərbaycan sərhədçisi Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlət maraqlarımızı qorumaqdan qürurludur.

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir. İşğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarəti təşkil edilib. Hazırda Zəngilan Hava Limanında sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlıq tədbirləri görülür.

İşğaldan azad edilmiş ərazilərdə 106 km məsafədə yeni yollar çəkilib, 225 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 1556 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Prezident İlham Əliyevin 2021-ci ilin 26 aprel, 4 oktyabr, 20 oktyabr, 25 oktyabr tarixlərdə işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrinin açılışını etməsini, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşıladılar. Müzəffər Ali Baş Komandanın "Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm" sözləri isə hər birimizə böyük sevinc hissləri yaşatdı.

Xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.

Necə ki, sentyabr ayının 13-14-də sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu.

Sentyabrın 13-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi.

Bu döyüşlərdə qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza tez sağalaraq sıralarımıza qayıtmalarını arzulayıram.

Döyüş əməliyyatları zamanı "Harop" və "Quzğun" zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycan Respublikasının hava məkanını nəzarətdə saxlamaq imkanı verən 2 "S-300" zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu.

Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım attıdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi.

Qısamüddətli olmasına baxmayaraq, hərb tariximizdə öz yerini tutacaq bu döyüş əməliyyatları növbəti dəfə Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi.




[email protected]