20 Sentyabr xalqımız üçün əziz, dövlətimiz üçün dəyərli olan günlərdən biridir. 28 il əvvəl - 1994-cü ilin həmin günü Azərbaycanın yeni neft strategiyasına start verən "Əsrin müqaviləsi" imzalanmışdır. 2001-ci il avqustun 16-da isə Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək qərara almışdır ki, hər il sentyabrın 20-si respublikamızda "Neftçilər günü" peşə bayramı kimi qeyd olunsun. "Əsrin müqaviləsi"nin 20 illiyinin qeyd edildiyi 2014-cü ilin 20 sentyabr günü tariximizi daha bir mühüm səhifə ilə zənginləşdirmişdir. Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin təməli qoyulmuşdur.
Əsrlərə hesablanmış müqavilə
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə gerçəkləşdi. Bu kontrakt miqyasına və əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını aldı.
"Əsrin müqaviləsi"ndən sonra Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Buna görə də AÇG-nin işlənməsi əslində əsrlərə hesablanmış bir layihədir. Onun reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.
Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs həm də dövlətin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.
"Əsrin müqaviləsi" çərçivəsində artıq 25 ildir neft hasil olunur. Bu gün AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Cari ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Bu yataqlar blokundan ümumi hasilat 77 milyon barel, yəni 10 milyon ton olub. Belə ki, gündəlik orta hasilat "Çıraq"dan 25 min, "Mərkəzi Azəri"dən 108 min, "Qərbi Azəri"dən 109 min, "Şərqi Azəri"dən 62 min, "Dərinsulu Günəşli"dən 78 min və "Qərbi Çıraq"dan 42 min, ümumilikdə 424 min barel təşkil edib. AÇG-də 136 neft hasilatı, 37 su injektor və 8 qaz injektor quyusu istismardadır.
Bu yataqlardan neftlə bərabər səmt qazı da hasil edilir ki, onun da bir hissəsi təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Mavi yanacağın böyük hissəsi isə təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir, yəni Səngəçaldan SOCAR-ın "Azəriqaz" sisteminə ötürülür.
Azərbaycanın yeni neft strategiyası düzgün və böyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. Beş il əvvəl AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha təsdiq etdi. Əvvəlki tərəfdaşlarla razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, sözügedən dövr ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 28 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.
Xatırladaq ki, AÇG-də iştirak payları belədir: bp (30,37 faiz, o həm də operatordur), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor" (7,27 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,31 faiz).
Prezident İlham Əliyev Azərbaycanın bu və digər layihələrdə yaratdığı əməkdaşlıq və tərəfdaşlıq platformasının əhəmiyyətini dəfələrlə vurğulamışdır. Dövlət başçısı çıxışlarının birində bu barədə belə demişdir: "Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə bp şirkətini qeyd etmək istərdim. Çünki bp şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur...Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var".
"Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ildən bəri Azərbaycanda həmçinin ən müasir və zəngin neft-qaz infrastrukturu yaradılıb. Çoxsaylı tikinti-quraşdırma sahələri, terminal və ixrac kəmərləri, digər obyektlər "Əsrin müqaviləsi"nin və ondan sonrakı sazişlərin reallığa çevrilməsində mühüm rol oynayıb. Bu infrastruktur hələ uzun illər Azərbaycana xidmət edəcək. Mövcud layihələr bitəndən sonra isə həmin obyektlərin hamısı mülkiyyət kimi dövlətimizə, sərvət kimi xalqımıza qalacaq.
Çox gərəkli Azərbaycan qazı
"Əsrin müqaviləsi" böyük sabaha hesablanmış bir saziş olduğunu təsdiqləyərək yeni qlobal layihələrə yol açdı. Səkkiz il əvvəl, 2014-cü il sentyabrın 20-də Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin təməlinin qoyulması bu həqiqətin daha bir sübutu oldu.
"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaqdır. "Şahdəniz"dən 16 ildən çoxdur qaz hasil edilir. Bu yataq Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi tanıtdı. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri "Şahdəniz-1" qazını Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə mavi yanacaq həm də Türkiyəyə nəql olunur. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmər birləşdirilir və o, Azərbaycan qazını Ərzurumadək aparır. İndi artıq fəaliyyətdə olan "Cənub qaz dəhlizi"nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz Bakı-Tbilisi-Ərzurum kəməridir. Beləliklə, bu dəhliz möhkəm təmələ əsaslanır və onun birinci hissəsi əslində 2007-ci ildə istifadəyə verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.
Genişləndirilmiş CQBK "Cənub qaz dəhlizi"nin birinci hissəsidir. Dəhlizin ikinci kəməri TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də istifadəyə verilib. Sonuncu seqment olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin son günündə istismara daxil olub.
Beləliklə, "Cənub qaz dəhlizi" üç boru kəmərindən ibarət inteqrasiya edilmiş ixrac xətləri sistemidir. Bu dəhliz Azərbaycandan və Gürcüstandan keçən genişləndirilmiş CQBK, Türkiyənin ərazisi boyu 1850 kilometr yol qət edən TANAP və sonuncu seqment olan TAP-ın birləşməsindən yaranıb. Prezident İlham Əliyev dəhlizi belə xarakterizə edir: "O, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".
Zaman "Cənub qaz dəhlizi"nin də nə qədər dəyərli bir layihə olduğunu sübuta yetirdi. Xüsusilə son dövrlər Azərbaycanın Avropaya nəql etdiyi qaza tələbatın artmasından, 2027-ci ilədək ixracın 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasından tez-tez söhbət gedir. Bu məsələ Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda da öz əksini tapmış, həmçinin Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumdakı çıxışının və həmin ölkənin "İl Sole 24 Ore" qəzetinin müxbirinə verdiyi müsahibənin başlıca mövzularından olmuşdur.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladaraq dövlət başçısı demişdir: "Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir".
"Cənub qaz dəhlizi" Azərbaycanın təşəbbüsü və liderliyi ilə, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində gerçəkləşən layihədir. Təsadüfi deyil ki, 2015-ci ildən başlayaraq ölkəmiz "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının toplantılarının hamısına (2021-ci ildə koronavirus səbəbindən onlayn keçirilən müşavirədən başqa) evsahibliyi edib. Bu toplantılar layihənin irəliləməsində mühüm rol oynayıb, burada görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bütün müsahibə və çıxışlarında artan ehtiyacı təmin etmək üçün sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyac olduğunu bir daha vurğulayıb. Tərəfdaşlarının etibar və inamını qazanmış ölkəmizin onların ehtiyaclarını qarşılamaq üçün əlindən gələni əsirgəməyəcəyi bildirilib.
Bütün zamanlarda hörmətli peşə
Zəngin "qara qızıl" və mavi qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada "Neft ölkəsi", "Odlar diyarı" kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.
XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Keçmiş sovetlər birliyinin hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri var. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları "İkinci Bakı", "Üçüncü Bakı" adlandırılırdı.
Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dənizdəki neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 kilometrlik məsafədə "Neft Daşları" yatağından neft çıxarılıb. Bu, dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdən neft hasilatı idi.
Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Bu gün onların - qurudakı mədənlərdə, dənizdəki estakada və meydançalarda, özül və platformalarda çalışan fədakar insanların bayramıdır. Sentyabrın 20-si hər il ölkəmizdə Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycan neftinin Bibiheybətdən, Balaxanıdan, Ramanadan, Pirallahıdan başlanan salnaməsi illər keçdikcə yeni səhifələrlə zənginləşib.
Xəzərin fırtınalı qoynunda, açıq dənizdə, sahildən 100 kilometr aralıda ilk quyunun fontan vurduğu vaxtdan 73 il keçir. Neft Daşları dünyada dəniz nefti erasının başlandığı məkandır. Yəni dəniz neftinin beşiyi də Azərbaycandır.
Ulu Öndər Heydər Əliyev "Əgər Neft Daşları olmasaydı, nə "Azəri" olardı, nə "Çıraq", nə də Bakı-Tbilisi-Ceyhan..." deyib. Azərbaycanın Xəzər dənizində beynəlxalq şirkətlərlə birgə həyata keçirdiyi nəhəng layihələrin uğuru məhz "Möcüzələr adası" adını almış Neft Daşlarının təcrübəsinə əsaslanır.
Beləliklə, Azərbaycan neftçisi "Azəri-Çıraq-Günəşli" platformalarına qədər uzun və şərəfli yol keçib. Bu gün təbiət ona daha bir şans verib, ehtiyatları onilliklərə hesablanmış təbii qaz da hasil edir. "Şahdəniz" bütün dünyaya səs salıb. Sırada isə növbəti karbohidrogen yataqlarının kəşfi və işlənməsi dayanır.
Bununla yanaşı, dövlətimiz köhnə sahələrdə də hasilatın sabit saxlanılmasını, onilliklərdir istismar edilən yataqlarını imkanlarından səmərəli istifadə olunmasını qarşıya məqsəd qoyub. Neftçilərimiz bu vəzifənin də öhdəsindən layiqincə gəlirlər.
Vaxtilə quruda və dənizdə Usta Piri, Ağa Nemətulla, Hacı Dəmirxanov, Ağadadaş Kərbəlayı oğlu, Neftçi Qurban, Mixail Kaveroçkin, Musa Bayramov və yüzlərlə digər adlı-sanlı neftçilərimiz olub. Daha sonra onları İsrafil Hüseynov, Məmməd Qənbərov, Adil Məmmədov, Akif Cəfərov və başqaları əvəz ediblər. Estafet möhkəm və etibarlı əllərdədir. Bunu hazırda əmək meydanında onları əvəz edən Azərlərin, İlqarların, Abdullaların, Hüseynlərin, Namiqlərin, Adillərin, Muradların hünəri və Azərbaycanın neft-qaz sahəsində qazandığı misilsiz nailiyyətlər təsdiq edir.
Prezident İlham Əliyev neftin və qazın ölkə iqtisadiyyatının əsas potensialı olduğunu vurğulayır. Azərbaycan neftçisi də bu potensialı üzə çıxararaq gücümüzü, sərvətimizi artırır. Dövlət başçısı bu çətin və şərəfli peşə sahiblərinin əməyini həmişə yüksək qiymətləndirir: "Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər".
Bayramın mübarək, neftçi qardaş! Torpağın təkindən, dənizin dibindən çıxardığın nemət tükənməsin. Məhsulun bol, qazancın çox olsun. Hünər meydanın qurudakı mədəndirsə, qışın şaxtasında üşüməyəsən, yayın qızmarında yorulmayasan. Xəzərdəsənsə, sən dənizə gələndə dəli-dolu dalğalar sakitləşsin, tufanlar yatsın...