Mayın 26-29-da Azərbaycanda ilk dəfə "TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir.
Birmənalı şəkildə onu demək olar ki, müasir dövrdə cəmiyyətin və iqtisadiyyatın inkişafında innovasiyanın rolu danılmazdır. Zamanın çağırışlarına cavab verib innovativ inkişafla ayaqlaşan ölkələr daim öncül sıralardadır. Son illər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məhz lV Sənaye İnqilabının çağırışlarına cavab vermək və rəqəmsal inkişafa nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin fəaliyyətini genişləndirməsinin şahidi oluruq.
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri nadir müttəfiqlik, dostluq, nümunəsidir. Bunun çox qədim tarixi var. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib: "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də - Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur. "Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən "TEKNOFEST Azərbaycan” festivalı bir çox tarixi məqamlarla yadda qaldı. İlk növbədə, qeyd etmək lazımdır ki, hazırda dünyada informasiya texnologiyalarının inkişafı, innovasiyalar, alternativ və daha sürətli həll mexanizmlərinin tətbiqi geniş vüsət alır. Ayrı-ayrı dövlətlər bu sahədə müxtəlif layihələr həyata keçirirlər. Bakıda keçirilən bu festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin inkişafına və gənclər arasında təbliğinə töhfələr verəcəkdir. Həmin sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gənclərimizdə bu sahəyə marağı daha da artıracaq. Prezident İlham Əliyevin dediyi kimi, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və "TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur "Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Onların hər ikisi gənclər üçün örnəkdirlər. Elm, texnologiya və innovasiya dövlətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. Ona görə də bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və fəaliyyət planları işləyib hazırlamağa ehtiyac vardır. Bütün bunlar isə müxtəlif ölkələrin insanının və dövlətinin inkişafı deməkdir. Dövlətin öz siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün yüksək texnologiyaya malik olması müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, "TEKNOFEST Azərbaycan” festivalının mühüm əhəmiyyəti vardır. Digər tərəfdən isə tədbirin elmi, iqtisadi imkanların genişləndirilməsi ilə yanaşı, onun siyasi mənasını da qeyd etmək lazımdır. Belə ki, festivalda çıxış edən dövlət başçıları təkcə regiona deyil, həm də dünya ictimaiyyətinə vacib mesajlar verdilər. Prezident İlham Əliyevin "Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”, Rəcəb Tayyib Ərdoğanın isə "Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq” söyləmələri ölkələrimizin qardaşlığının bütün dünyaya daha bir nümayişi oldu. Hər iki ölkə başçısı tarixi faktları misal çəkməklə həm də gələcək addımları açıqladılar. Əlbəttə ki, bunun əsasında Şuşa Bəyannaməsi dayanır.
Bu birlik həqiqətən də bölgədə ədalət prinsipinə əsaslanan münasibətləri reallaşdırır və dünyada gedən geosiyasi proseslər fonunda yeni model təqdim edir. Prezident İlham Əliyev Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri olduğunu qeyd edərək bildirdi ki, Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğuladı ki, hədəf dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir. Bütün bunları nəzərə alaraq söyləyə bilərik ki, artıq bölgədə yeni mərhələ başlayır.
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin
"Müasir Azərbaycan dili" kafedrasının müdiri,
filologiya üzre felsefe doktıru, dosent,
"Qabaqcıl təhsil işçisi" döş nişanı mükafatı laureatı
[email protected]