Xəyanətlə verilən Şuşa mərdliklə qaytarıldı, məhəbbətlə qurulur
Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.
İlham ƏLİYEV
Şuşaya daxil olan hər bir azərbaycanlı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq arasında böyük şöhrət qazanmış bu kəlamını qeyri-ixtiyari olaraq pıçıldayır:
"Əziz Şuşa, biz qayıtmışıq!”
Sonra sinədolusu nəfəs alır, gözdolusu ətrafa baxır!
Nə gözəldir qalib xalq kimi yenidən doğma Şuşaya qayıtmaq!
Nə gözəldir qələbə sevincini, qələbə qürurunu Şuşada da yaşamaq!
Nə gözəldir Vətəninə, torpağına sahib çıxmaq!
Nə gözəldir Vətən uğrunda "uf” demədən canını şəhid edən qəhrəman övladlara, iğid əsgər və zabitlərə sahib olmaq, onlarla qürur duymaq!
Nə gözəldir İlham Əliyev kimi rəhbəri, Sərkərdəsi olmaq!
Bax, onda qalib xalqa çevrilirsən!
Bax, onda məğrur, qürurlu millət sayılırsan!
Bax, onda dünyada da tanınırsan və sevilirsən!
Bax, onda sənə hörmətlə yanaşırlar, müharibə təcrübəndən öyrənərək bəhrələnirlər!
Bütövlükdə itirdiklərini döyüşərək geri qaytarmaqla Vətəninə, torpağına yiyə durmuş olursan!
***
Əziz Şuşa, biz qayıtmışıq!
Növbəti dəfə bu sözləri Milli Məclisin bir qrup deputatı böyük sevinclə, fərəhlə, inamla söylədi!
Hamımızın ən böyük arzusu idi ki, Milli Məclisin iclaslarından birini azad Şuşada keçirək!
Bu arzumuza yaşıl işıq yandıranlar var olsunlar.
Bizə bu bəxtəvərliyi qismət etdilər...
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasının Şuşada keçirilməsinə qərar verildi!
Xəbəri eşidəndə minnətdarlıq etməyə söz tapmadıq!
Erməninin saxta parlamenti və onun Şuşadakı yeni binası gorbagor ediləndən sonra Azərbaycan Parlamentinin üzvlərinin burada iclas keçirmələri düşmənə daha bir zərbə sayılır!
Bəli, Azərbaycan Respublikasının Milli Məclisi də Şuşaya qayıtdı!
Orada ilk komitə iclasını keçirdi.
***
Böyük sevinc və həyəcanla yola düzəldik.
Bu gün Azərbaycanda ümumilikdə 2 mənzərə var:
İşğal zonasına qədər müasir Azərbaycanın görünüşü və işğal ərazilərinin ürəkağrıdan mənzərəsi.
Bakıdan çıxıb ölkənin istənilən bölgəsinə üz tutsan, hər yerdə geniş və rahat yollar, yaraşıqlı, gözoxşayan evləri olan abad yaşayış məntəqələri, əkin sahələri və bağ-bağçalar görərsən.
İşğaldan azad olunmuş ərazilər isə erməni vəhşiliyinin və vandallığının əlamətləri olan dağıntı və xarabalıqlardır.
Ancaq bu viran qoyulmuş yurd yerləri, qırılmış meşələr və kimsəsiz torpaqlar bizim üçün daha çox doğma və əzizdir!
Çünki ata-baba torpaqlarımızdır!
Çünki onları döyüşərək, qan tökərək geri qaytarmışıq!
Çünki onları şəhid verərək geri qaytarmışıq!
İşğal ərazilərinin əsas simvolu Zəfər yoludur!
44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan döyüşçüsünün günlərlə rəşadətlə irəlilədiyi, bütün təhlükələrə sinə gərdiyi, nəhayət, əlbəyaxa döyüşlə qədim Şuşamızı geri qaytardığı cığır qısa müddətdə dövlət başçımız cənab İlham Əliyevin iradəsi ilə "Zəfər” adını daşıyan qələbə yoluna çevrildi.
Bu gün azad Qarabağın şah damarı Zəfər yolu sayılır!
Artıq işğal ərazilərində çoxsaylı yollar çəkilir, quruculuq, abadlıq işləri aparılır, böyük qaydışa sürətli hazırlıq işləri görülür.
Yolboyu əsasən rast gəldiklərin torpaq, qum, çınqıl, mişar daşı daşıyan ağırtonnajlı yük maşınları, bir də xüsusi geyimli inşaatçılar olur!
Daş, qum-çınqıl karxanaları, sement zavodları dayanmadan işləyir.
Elektrik xətləri hər elə-obaya işıq, nur daşıyır!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xarabalıqların laləzarlığa çevrilməsi üçün genişmiqyaslı nəhəng işlər görülür.
***
Şuşanı təkcə şuşalılar, qarabağlılar deyil, bütün Azərbaycan xalqı ürəkdən sevir!
Hərə öz sevgisini bir tərzdə, bir formada ifadə edir!
Mənim təsəvvürümdə isə bu qədim şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyev qədər sevən tapılmaz!
Mübaliğə etmirəm!
Hamının gördüyünü, bildiyini dilə gətirirəm!
Bir də qısa müddətdə İlham Əliyevin etdiklərini xatırladıram:
* Şuşa Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qeyri-adi hücumla alındı;
* Döyüşlər vaxtı şəhərdə heç bir dağıntıya yol verilmədi;
* Şuşa ilə bağlı xüsusi qanun qəbul edilərək şəhərə fərqli status verildi;
* Heydər Əliyev Fondunun xətti ilə tarixi abidələrin və dini məbədlərin bərpasına başlanıldı;
* Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi;
* 2022-ci il Azərbaycanda Şuşa ilinə çevrildi;
* Şuşada bir-birinin ardınca mədəniyyət, musiqi tədbirləri keçirilməyə başladı!
* Cıdır düzündə Novruz tonqalı qalandı;
* Azərbaycan-Türkiyə qardaşlığını strateji müttəfiqliyə çevirən Şuşa Bəyannaməsi bu şəhərdə imzalandı!
* Şuşadakı erməni vəhşiliyini və vandallığını bütün dünyaya nümayiş etdirmək üçün beynəlxalq KİV-lərin, QHT-lərin, din xadimlərinin, bloqçuların, tanınmış insanların buraya çoxsaylı səfərləri təşkil edildi;
* Şuşanın bərpasını və insanların qayıdışını təmin etmək üçün zəruri işlərin görülmə sürəti artırıldı...
Bütün bunların hamısını Prezident İlham Əliyev etdi!
Öz düşüncəsi, öz iradəsi, öz təşəbbüsü ilə!
Bununla həm də doğma yurda, doğma Azərbaycana tükənməz sevgisini bir daha büruzə verdi!
Həm də bir daha Vətənin, xalqın sevgi və ehtiramını qazandı!
***
Milli Məclisin budəfəki iclası qeyri-adi idi.
Ona görə yox ki, iki komitə birgə tədbir keçirirdi.
Ona görə yox ki, iclas parlament binasında deyildi.
Bir neçə komitənin eyni vaxtda toplaşması və iclasların birlikdə keçirilməsi təcrübəsi dəfələrlə baş vermişdi.
Qeyri-adilik onda idi ki, Milli Məclis komitələrinin birgə iclası Şuşada keçirilirdi!
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Şuşada!
Yeni dövrünü, yeni həyatını yaşayan Şuşada!
Dövlət başçısı tərəfindən mədəniyyət paytaxtı elan olunmuş Şuşada!
2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşada!
Həm də Şuşa ilində!
Cənab İlham Əliyev bu xoşbəxtliyi də bizə qismət elədi!
Ermənilərin Şuşada qondarma parlament yaradaraq qondarma qurumlarının iclaslarını bu qədim Azərbaycan şəhərində keçirmək istəklərini gözlərində qoydu!
Parlament binalarını gorbagor etdi!
***