Qafqazın ən böyük sənaye mərkəzi

İlham Əliyevin yaratdığı modern sənayeləşmə "Made in Azerbaijan” brendini dünyaya tanıdıb

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həm də regionun ən böyük sənaye mərkəzi kimi tanınır. Prezident İlham Əliyevin dövlətin gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlarından birinin modern sənayeləşməni təşkil etməsi Azərbaycan sənayesinin yüksəlişini şərtləndirib.

Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Təbii ki, sənayenin sürətli inkişafını təmin edən əsas amillər Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və logistik imkanlardır. Artıq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Bu gün ölkəmizdə istehsal olunan qeyri-neft sənaye məhsulları "Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılır.

 

Dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarına tələbat artır

 

Ölkənin qeyri-neft sektorunun inkişafını prioritet məsələ kimi görən Prezident İlham Əliyev sənaye zonalarının yaradılması istiqamətində mühüm addımlar atıb. Qısa zamanda ölkəmizdə yüzlərlə müəssisə və zavodlar inşa edilib. Həmçinin sənaye park və məhəllələri yaradılıb. Bu gün isə onlar İqtisadi Zonaların İnkişafı Agentliyinin tərkibində ölkə sənayesinin inkişafı, qeyri-neft məhsullarının istehsalı ilə məşğuldurlar.

Agentlik ölkədə fəaliyyət göstərən 6 sənaye parkının - Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının və 4 sənaye məhəlləsinin - Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələrinin və 51 aqroparkın idarəedici təşkilatıdır.

Sənaye zonaları üzrə ümumilikdə ölkə üzrə 95 sahibkarlıq subyektinə üzvlük (rezidentlik) statusu verilib və bunlardan 58-i hazırda istehsal fəaliyyəti ilə məşğuldur. Bu zamana qədər zonalar üzrə 6,3 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2 milyard manatı (təqribən 32 faizi) ixrac olunub. İstehsal olunan məhsullar "Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

 

17 müəssisəyə evsahibliyi edən kimya sənaye parkı

 

Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan, Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkındakı sənaye müəssisələrinin fəaliyyəti ilə maraqlandıq.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Parkın öncəliyi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafı üçün şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Sənaye parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edib. Hazırda isə parkın ərazisi 583,5 hektardır. Parkda ümumi investisiyaların həcmi 5,5 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si hazırda fəaliyyətdədir. İndiyədək 5,2 milyard manatdan çox investisiya yatırılıb və 5900-dək insan daimi işlə təmin olunub. Bu il ərzində Sumqayıt Kimya Sənaye Parkında daha 3 müəssisənin işə başlaması nəzərdə tutulur.

Sənaye parkındakı rezidentlər azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr və digər yeni məhsullar istehsal edirlər.

Sənaye parklarının əsas üstün cəhəti sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılmasıdır. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak və torpaq vergilərindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

 

8 peşə ixtisası üzrə peşəkar kadrlar hazırlanır

 

Parkın ümumi fəaliyyəti ilə tanış olduqdan sonra İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində olan Sumqayıt Sənaye Parkında yerləşən Peşə Təhsil Mərkəzinə üz tuturuq. Xatırladaq ki, 2020-ci ilin 14 sentyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub. 6 korpusdan ibarət olan mərkəz 500 nəfər tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar mövcuddur.

Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və zavodların tam əhatəsində yerləşir. Təhsil müəssisəsinin tələbələri mütəmadi olaraq buradakı sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və nəzəri biliklərini praktik əsaslarla təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti elə sənaye müəssisələrinin peşəkar mühəndisləridir.

Hazırda Peşə Təhsil Mərkəzində 8 ixtisas üzrə - torna və frezer dəzgahların, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb-dizayner və proqram təminatçısı ixtisaslarında 150-dən çox tələbə təhsil alır.

Birillik təhsil proqamı beynəlxaq təcrübələr əsasında hazırlanıb. Mərkəzə qəbul prosesi Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron qəbul sisteminə müvafiq sahə üzrə müraciət edən namizədlərin növbəti müsahibə mərhələsinə keçidi ilə aparılır. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Yaş məhdudiyyətinin olmaması isə bu sahəyə marağı olan hər kəsə əsl fürsətdir. Ötən il təhsil müddətini uğurla başa vuran mərkəzin ilk məzunları sənaye parkının nəzdindəki zavodların müxtəlif sahələrində fəaliyyətlərini davam etdirirlər.

Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev bildirir ki, gələcək  üçün  əsas hədəf ölkəmizdəki müəssisələrdə ehtiyac və zəruri olan sahələr üzrə tədris proqramı hazırlayıb peşəkar məzunlar yetişdirməkdir. O qeyd edir ki, peşə mərkəzinin əsas üstün cəhəti dərslərin 80 faizə qədərinin təcrübə əsasında öyrədilməsidir.

 

Azərbaycanda ilk şüşə istehsal edən müəssisə

 

Sənaye Parkının rezidentlərinin biri şüşə istehsal edən "AzerFloat”dır. Müəssisə Sənaye Parkında fəaliyyətə başlayan yeni rezidentlərdən biridir. Yeni olmaqla yanaşı, həmçinin ilk dəfə ölkədə bu fəaliyyətlə məşğul olan müəssisədir. Belə ki, ötən ilə qədər şüşə vərəqələri yalnız xaricdən idxal edilirdi.

2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan zavod 2021-ci ilin yanvarında açılıb və termoformasiya üsulu ilə vərəqə şüşə istehsal edir. Termoformasiya metodu yüksək təzyiq və istilik artımı ilə şüşənin düz səth formasına gətirilməsi prosesidir. Azərbaycanda bu işi ilk dəfə həyata keçirən "AzerFloat” alman, italyan, finland və çin istehsalı olan texnologiyalarla təchiz olunub.

150 nəfər işçi qüvvəsinə malik, 12 hektar ərazisi və investisiya dəyəri 100 milyon avro olan zavod ilin 365 günü fasiləsiz olaraq çalışır. İstehsal edilən şüşələrin qalınlığı

2 millimetrdən 12 millimetrə qədər ola bilir. Günlük istehsalat həcmi 300 ton olan müəssisə yerli bazarın tələbatını təmin etməklə yanaşı, xarici ölkələrə məhsul ixracı ilə də məşğuldur. İxracatda əsas yerləri Rusiya, Ukrayna, Türkiyə, Portuqaliya, İngiltərə, İspaniya və digər ölkələr tutur. Şüşənin hazırlanmasında lazım olan xammallar əsasən Türkiyə və Rusiyadan idxal edilir.

 

Şüşə 1570 dərəcədə əridilərək hazırlanır

 

Zavodun istehsalat hissəsinə daxil olduqda, sözün əsl mənasında, alovlu bir məkanla qarşılaşdıq. Zavodun daxili hissəsinin daim isti saxlanılması zəruri olduğundan içəridə ortalama temperatur yüksək olur. Əvvəlcə ilkin nöqtədən şüşə istehsalını izləyirik. Proses xammalın elevatorla ötürülməsi ilə başlayır.

Prosesi izah edən mühəndis Alim Hüseynov qeyd edir ki, qum, soda, əhəngdaşı, dolomit və sariədən ibarət qarışımlar daşınaraq sobaya daxil olur. Sobanın içərisində 1570 dərəcədə əridilərək qarışdırılır, davam edən xətlə lava şəklində olan maddə qalay vannasına tökülür. Silikatlaşma nəticəsində xammal şüşəyə çevrilir.

Növbəti mərhələdə şüşə tam tərkibi əldə edildikdən sonra soyutma hissəsinə ötürülür. 1500 dərəcədən 1100 dərəcəyə qədər soyudulan şüşənin xüsusi avadanlıqla eni, qalınlığı tənzimlənərək yenidən soyutma mərhələsində 60 dərəcə temperatura çatdırılır. Kəsim xəttinə daxil olan zaman kənarları kəsilərək keyfiyyətə nəzarət bölümünə ötürülür.

Alim Hüseynov onu da bildirdi ki, son nəzarət maşınına çatana qədər geridə bir neçə detektor yerləşir. Əgər tərkibdə və ya qalınlıqda hər hansı uyğunsuzluq aşkar edilərsə, o zaman şüşə elə yerindəcə parçalanaraq yenidən aşağıdan hərəkət edən konveyerlərlə istehsala qaytarılır. Mühəndis bildirir ki, müəssisədə şüşə istehsalı itkisiz keçir. Belə ki, hər bir qalıq yenidən istifadəyə yararlıdır. Keyfiyyətə nəzarətdən uğurla keçən şüşə sifarişə uyğun kəsilir. Sonuncu, yekun mərhələ robotların hazırlanan şüşəni müvafiq sayda cəmləyib paketləməsi və xüsusi maşınların anbara daşınması ilə başa çatır. Paketlərin sonrakı dayanacağı isə satılan şüşə emalı fabrikləri olur.

Zavodda tibb məntəqəsi fəaliyyət göstərir. Baş verə biləcək hər hansı arzuolunmaz hadisə zamanı burada ilkin tibbi yardım göstərilərək operativ şəkildə xəstəxanaya çatdırılır. Hazırda yalnız şəffaf şüşə istehsal edən müəssisənin gələcək planlarında rəngli və rəngli reflektiv şüşələrin istehsalı da nəzərdə tutulub. "Karabakh Glass” adlı yerli brendimiz ölkəmizi adı və keyfiyyəti ilə xarici bazarlarda təmsil edir.

Müəssisənin kollektivinə işlərində müvəffəqiyyətlər arzulayaraq növbəti zavoda istiqamətlənirik.

 

Yararsız akkumulyatorların istifadəyə qayıdışı

 

Gəldiyimiz müəssisə Sumqayıt Sənaye Parkının ən yeni 17-ci üzvüdür. Bura "Azmonbat” MMC-dir. Müəssisə Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ilin sentyrabrında fəaliyyətə başlayıb. "Azmonbat” MMC akkumulyator utilizasiyası və yeni akkumulyatorların istehsalına yönələn müəssisədir.

Zavod ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu da orta hesabla 800 min ədəd akkumulyatordan 15 min ton qurğuşun və 4,5 min ton gübrənin əldə olunmasına gətirib çıxarır. Burada həyata keçirilən proseslər zamanı ətraf mühitə zərər vurmadan, ekoloji strandartlara uyğun olaraq işlər görülür. Əmələ gələn zərərli qazlar xüsusi sistemlə təmizlənərək atmosferə buraxılır. İstifadə müddəti bitmiş akkumulyatorlar buraya respublika ərazisindən yığılıb gətirilir.

Müəssisədə bizi iş prosesi ilə tanış etmək və suallarımızı cavablandırmaq üçün zavodun mexaniki mühəndisi Rübail Bayramov müşayiət edir. O qeyd edir ki, iş prosesi hovuzdan başlayır. Gətirilən akkumulyatorlar hovuzdan kran vasitəsilə ələyə yüklənir. Daha sonra konveyerlə daşınaraq qırıcı aparata ötürülür. Bu aparat vasitəsilə akkumulyatorlar olduqca kiçik - 50-60 millimetrlik parçalara bölünür. Əldə edilən sulfatlı qurğuşundan sulfat turşusu ayrılaraq çənə daxil olur. Bu, ayrılan ilk maddədir. Daha sonra doğranmış hissələrdən geriyə yüngül, ağır plastiklər və qurğuşun qalır. Bunların hər biri də daşınan qurğularla müvafiq ayrılan hissələrə, anbarlara tökülür.

Rübail Bayramov deyir ki, əsas mərhələni  parçalanmış və ayrılmış maddələrin təkrar emala göndərilməsi təşkil edir. Yüngül plastiklər qranulyasiya edilir. Qurğuşunlar əridilir. Əldə olunan ammonium sulfatdan isə kristallaşdırılaraq gübrə hazırlanır. Mühəndisin sözlərinə görə, bu proseslər, yəni utilizasiya birinci fazaya aiddir. Zavodun ikinci fazadakı əsas istiqaməti isə yeni akkumulyatorların istehsalıdır. Hələlik yalnız utilizasiya ilə məşğul olan müəssisə yaxın vaxtlarda bu yöndəki işləri də həyata keçirəcək. Zavodda işlərin gedişatı nəzarət otağından daim diqqətlə izlənilir.

Bu müəssisənin digər bir özəlliyi də ondadır ki, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına öz töhfəsini verir. Yararsız və tullantı olan bir çeşid cihazın utilizasiya edilməsi ilə yenidən istifadəyə yararlı emalı ekoloji durumun qismən yaxşılaşmasına yardımçı olur. Bu zaman həm xammal əldə edilir, həm yeni məhsul hazırlanır, həm də yaşadığımız evimiz - Yerimiz çirklənmədən qorunur.

"Azmonbat” MMC-nin zərərsizləşdirməsi nəticəsində əldə etdiyi və istehsal edəcəyi məhsullar irəliləyən zamanlarda daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə də ixrac ediləcək.

Sumqayıt Kimya Sənaye Parkının digər zavodlarından olan reportajın davamını növbəti saylarımızda oxuya bilərsiniz...

 





[email protected]