30 ilin həsrətinə son qoyan Vətən savaşının əks-sədası bütün dünyaya səs saldı.
Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixinə qəhrəmanlıq dastanı yazdı.
Cəmi 44 gün davam edən savaşda əsgər və zabitlərimiz təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri düşməndən azad etdilər. Noyabrın 10-da imzalanmış üçtərəfli sazişlə isə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən Azərbaycana qaytarıldı.
Lakin düşmən müharibə günlərində hər cür çirkin əməllərə əl atdı - mülki əhalini atəşə tutdu, insan tələfatı ilə nəticələnən terror aktları törətdi, cəbhədən xeyli aralıda yerləşən yaşayış məntəqələrinə bombalar və hətta qadağan olunmuş raketlər atdı. Azərbaycan isə tam əksinə - beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək öz torpaqları uğrunda yalnız cəbhədə savaş apardı.
Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni də raket atəşinə tutdu. Şəhər sakinləri o müdhiş gecələri indi də böyük həyəcanla xatırlayır, uçmuş evlərin daşları altında qalmış insanların fəryadını unutmurlar. Ancaq başlarına gətirilən bu faciə şəhər sakinlərini qətiyyən ruhdan salmırdı. Onlar yaxşı bilirdilər ki, ermənilər tərəfindən törədilən bu faciədə həlak olanların qanı yerdə qalmayacaq. Belə də oldu. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz böyük qələbə qazandı.
Oktyabrın 4-də birinci dəfə atılan raketlərə görə Azərbaycan məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, qarşı tərəf bu ittihamı rədd etdi. Hücuma görə məsuliyyəti keçmiş Dağlıq Qarabağın rəsmiləri öz üzərlərinə götürdülər. Onlar hədəfin dinc əhali yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Hava Limanı olduğunu bildirdilər. Halbuki Gəncədə, ümumiyyətlə, hərbi təyinatlı binalar yox idi və bu gün də yoxdur. Xatırladaq ki, həmin gün atılan üç raket zərbəsi nəticəsində bir nəfər həlak olmuş, 36 nəfər müxtəlif bədən xəsarətləri almışdı. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən evlər tamamilə dağılmış, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdi.
Oktyabrın 5-də atılan növbəti raketlər Gəncənin "Grand Qafqaz” Ticarət Kompleksinə düşdü. Səhər saatlarında atılan 3 raket zərbəsi nəticəsində 3 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirildi. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə isə külli miqdarda ziyan dəydi. Bundan başqa, "İmamzadə” dini kompleksində də dağıntılar oldu.
Ermənilər oktyabrın 8-də Gəncəni üçüncü dəfə raket atəşinə tutdular. İnsanların şirin yuxuda olduğu vaxt - gecə saat 3-də endirilən zərbə nəticəsində ölən və yaralanan olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Raket Həsən Əliyev və Pərviz Səmədov küçələrində yerləşən qeyri-yaşayış obyektlərində də xeyli dağıntı törətdi, bir avtomobil tamamilə yararsız hala düşdü. Bundan başqa, 1887-ci ildə xeyriyyə vəsaiti ilə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə də ziyan dəydi.
Oktyabrın 11-də yerli vaxtla gecə saat 2-də atılan raketlər də yaşayış ərazisinə düşərək ətrafda olan bütün binaları dağıtdı. Böyük dağıntılar törədən raket 31 mənzili tamamilə uçurdu, hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan vurdu. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşdü. 10 nəfər həlak oldu, 34 nəfər yaralandı.
Oktyabrın 17-də gecə saat 1-də atılan raketlər də şəhərdə böyük dağıntılar törətdi. Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə endirilən raket zərbələri nəticəsində 20 ev dağıldı, xeyli sayda mülki şəxs dağıntının altında qaldı. Hücum nəticəsində 15 nəfər həlak oldu, 54 nəfər yaralandı.
Ümumiyyətlə, Gəncəyə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həlak oldu, 31-i uşaq olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirdi.
Həmin ağır günlərdə Prezident İlham Əliyev əsl müdrikliklə cəbhədə olduğu kimi, informasiya müharibəsində də Azərbaycanın haqq işini bütün dünyaya bəyan etdi. Azərbaycanı istəyən və istəməyən xarici ölkə jurnalistlərini qəbul edərək əsl həqiqətləri ortaya qoyan dövlət başçısı xüsusilə Gəncəyə atılan ballistik raketlərin törətdiyi dəhşətləri onların nəzərinə çatdırdı. Sübut etdi ki, Azərbaycan törədilən bu təxribatlara ancaq döyüş meydanlarında cavab verir.
Dövlət başçısının gərgin əməyi sayəsində dünyanın bir çox tanınmış kütləvi informasiya vasitəsi əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı, Azərbaycanın haqq savaşından bəhs edən çoxsaylı məqalələrlə çıxış etdi. Türkiyə, Argentina, Xorvatiya, İsrail, Malayziya, İndoneziya, Pakistan və s. ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun qazandığı uğurlardan, eləcə də Ermənistanın dinc əhaliyə qarşı apardığı terror aktlarından bəhs edən materiallar dərc olundu.
İlham Əliyev Gəncədə törədilən faciələrin fəsadlarının aradan qaldırılmasını daim diqqətdə saxlayırdı. Onun tapşırıqları ilə şəhər rəhbərliyi tez-tez dağılmış ərazilərdə olur, törədilmiş faciənin nəticələrinin aradan qaldırılması üçün insanlara hər cür kömək göstərirdi. Prezident onların tezliklə yeni mənzillərlə təminatı üçün göstərişlər verirdi. Artıq qısa vaxt ərzində bu ailələr yeni mənzillərlə təmin olundular. Prezident İlham Əliyevin 2021-ci ilin iyul ayında Gəncəyə növbəti səfəri zamanı dağılmış ərazilərdə olması da onu deməyə əsas verir ki, Prezident çətin gündə də, xoş gündə də gəncəlilərin yanındadır.
Dövlət başçısı Gəncəyə və gəncəlilərə diqqətini növbəti dəfə bu günlərdə bir daha nümayiş etdirdi. Yanvarın 30-da Gəncəyə səfər edən dövlət başçısı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə Regional "ASAN xidmət” mərkəzinin və Azərbaycan Dəmir Yolları QSC-nin lokomotiv deposunun açılışında iştirak etdi, Gəncə İdman Sarayında aparılan tikintinin gedişi ilə tanış oldu, sonra ermənilər tərəfindən dağıdılmış ərazilərdə raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstələri qoydu. Elə həmin gün dövlət başçısı burada ucaldılacaq Memorial Kompleksin təməlini qoydu ki, bu da gəncəlilərə olan ehtiramın əyani sübutudur.