Müqəddəs torpağı qoruyanlara dövlət qayğısı

Vətən müharibəsindən bizi ayıran hər gün işğaldan azad olunan ərazilərin bərpasından, xalqımıza və dövlətimizə vurduğu yaraların tezliklə sağalacağından, verilən sözlərin qısa zaman kəsiyində reallaşacağından xəbər verir. Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına göstərilən dövlət qayğısı da xalqımız tərəfindən birmənalı şəkildə  bəyənilir və ölkə rəhbərinə təşəkkürlər edilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin açarlarını təqdim etmələri də dövlət qayğısının bariz nümunəsidir.

Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında bildirdi ki, bu dəfə 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunur: "Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir...”

Hazırda dünyada pandemiyanın müəyyən çətinliklər yaratmasına baxmayaraq, Azərbaycanda bu işlər uğurla davam etdirilir. Avqustun 25-də Prezident İlham Əliyevin "Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Mənzil və avtomobillə təmin edilən şəhid ailələri, eləcə də Vətən müharibəsi qaziləri dövlət başçısına həm əldə edilən şanlı qələbə, həm də onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.

Vətən müharibəsinin şəhidi Rüstəmli Əmrahın anası İsayeva Heyran Nuhbala qızı da həmin tədbirdə iştirak edirdi. Deyir ki, oğlum Rüstəmli Əmrah Natiq oğlu 2001-ci ildə Bərdə şəhərində anadan olsa da, sonradan Sumqayıta köçdüyümüz üçün orta təhsilini bu şəhərdə 27 nömrəli məktəbdə alıb: "...Əmrah 2019-cu il iyulun 22-də həqiqi hərbi xidmətə çağırıldı. Vətənə xidmət göstərmək üçün çox sevinirdi. Ötən il  sentyabrın 27-də o da digər Azərbaycan oğulları kimi, döyüşlərə qatıldı. Bilirdik ki, döyüşlərin qızğın yerindədir. Amma bizə heç nə demirdi. Döyüş yolu da ömrü kimi qısa oldu. Oktyabrın 3-də Füzuli rayonunun Alıxanlı kəndi uğrunda şəhid olanlardan biri də mənim balam idi. İgid balam ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "İgidliyə görə”,  "Füzulinin azad edilməsinə görə”, "Vətən uğrunda”, "Cəsur döyüşçü "medalları ilə təltif edilib. Amansız düşmən gülləsi onu susdursa da, Əmrah qəhrəman oğullar sırasına adını yazmaqla anasının, tək qardaş və bacısının başını uca etdi. Sanki bizi Şuşaya apardı.

Dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə, ümumiyyətlə, xalqımıza göstərdikləri səmimi münasibətə, mehribanlığa, qayğı və diqqətlərinə görə minnətdarlığımızı bildiririk. Bizim ailəyə də üçotaqlı mənzilin verilməsi, ilk növbədə, Azərbaycan xalqına diqqət, daha dəqiq desək, şəhidlərimizin ruhuna hörmətdir...”

 Şabanov Vüsal  Zabit oğlu, mayor, qazi. "...Müharibə bitdi, həm də xalqımızın, Ali Baş Komandanımızın rəhbərliyi, Milli Ordumuzun qazandığı şanlı qələbə ilə! Bu zəfəri yalnız biz qazilər və şəhidlərimiz yox, bütünlüklə xalqımızla ordumuzun birliyi  qazanıb! Onu da qeyd edim ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz nailiyyətləri dünyaya bəyan etməsi bizi daha da ruhlandırırdı. 

Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri və  qazilərlə görüşü birinci dəfə deyildi. Bizimlə görüşənədək belə ziyarətlərin çox şahidi olmuşuq. Bu, xalqa sevginin, Vətənə məhəbbətin ifadəsidir. Tədbirdə səsləndirilən fikirlərdə bildirildi ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcəyi də nəzərdə tutulub.

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub. 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub.

Bu rəqəmlər dövlətimizin həm də iqtisadi inkişafı deməkdir. Cənab İlham Əliyevin son 17 illik fəaliyyəti dövründə qazandığımız hər bir uğur dövlətimizin güclənməsinə və nəhayət, Qarabağımızın işğaldan azad edilməsinə hesablanan iqtisadi-hərbi siyasətin nəticəsi idi. Beləliklə, Azərbaycan ədaləti və beynəlxalq hüququ bərpa etdi - öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı.

Şəhid ailələrini, Qarabağ qazilərini mənzillərlə təmin etmək dövlətimizin  sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bunun şahidiyik. Doğrusu, şəhid ailələrinə mənzillərin və minik avtomobillərinin verilməsində mənə də pay düşməsindən razılığımı necə edəcəyimi bilmədim. Azərbaycan Prezidenti daim Vətən oğullarının, istər şəhid ailələrinin, istərsə də yarımcan olan qaziləmizin yanında olub. Bu dəfə də biz həmin istiqanlılığın, səmimiyyətin şahidinə çevrildik”.

 




[email protected]