Tezliklə keçmiş məcburi köçkünlər işğaldan azad edilən torpaqlarımızda əbədi yaşamağa qayıdacaqlar
"Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz...”
Cəmi yeddi sözdən ibarət, amma mənası milyonlarla qəlbə sevinc atəşi saçan bu ifadəni duymaqdan ötrü neçə illər həsrətlə gözləmiş, intizarla yaşamışdıq...
Bu, el-obasından, doğma yurdlarından, isti yuvasından didərgin düşərək, düz bir qərinədir ki, vətəndə qəribçilik çəkənlərin ürəyinin arzusu idi...
Bu, bir daha doğulduğu torpaqlara qayıda bilməyəcəyinin qorxusunu ürəyində daşıyanların son istəyi idi...
Nəhayət, gözlərimiz önündə İlahi möcüzə baş verdi, o müqəddəs məqam yetişdi və doğma Qarabağın qurtuluş anına şahidlik etdik...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu qarış-qarış Vətən torpaqlarımızı azad edərək milyonlarla məcburi köçkünə doğma yurda qayıdış xoşbəxtliyi, bütün xalqımıza isə Zəfər sevinci, qüruru ərməğan etdi...
Möhtəşəm Qarabağ Zəfərinin üzərindən heç bir gün keçməmiş, 11 noyabr 2020-ci ildə Ali Baş Komandan
İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı məcburi köçkünlərə gözaydınlığı verdi, tezliklə doğma torpaqlarına qovuşacaqlarının şad xəbərini çatdırdı: "...Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq...”
Bəli, elə təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan zəfərin əsas qayələrindən biri də məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlərboyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması idi...
Yeni yollar çəkilir, hava limanları inşa olunur, şəhərlərin baş planları təsdiq olunur...
Hazırda işğaldan azad edilən yurdlarımıza yenidən həyat qaytarılır, Azərbaycanın tarixi torpaqları və ən gözəl güşələrindən olan Qarabağ və Şərqi Zəngəzur əsl cənnət məkanına çevrilir.
Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında bu yerlərdə əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, hava limanları istifadəyə verilir, şəhərlərimizin müfəssəl hazırlanan baş planları təsdiq olunur. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları ucalır...
Dövlət başçısı Qarabağda həyata keçirilən bütün işlərlə şəxsən maraqlanır, o yerlərə səfərlər edir, tikintisi, təmiri başa çatan obyektlərin açılışını edir, yeni-yeni layihələrin uğurlu təməllərini qoyur.
Azadlığa qovuşdurulan əzəli Vətən torpaqlarımızda sürətlə həyata keçirilən bütün kompleks tədbirlər isə keçmiş məcburi köçkünlərin qısa zamanda öz dədə-baba torpaqlarına qayıtmasını təmin etmək üçündür...
Bitən Şuşa həsrəti...
Və artıq bu müqəddəs missiyanın ilk addımları da atılmağa başlanıb. Məcburi köçkünlər qrup-qrup öz doğma ocaqlarına ziyarətə gedirlər. Şuşalılar 30 illik uzun zaman dilimindən sonra doğma şəhərlərinə səfər etdilər. Cıdır düzündə oldular, Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət etdilər, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün heykəllərini ziyarət etdilər. Doğulduqları evlərə getdilər, kandarlarına qədəm qoydular, illərin ayrılığından sonra doğma ocağa qovuşmağın sevincinə, sınan Şuşalı xatirələrinin, itirdikləri doğmalarının, əzizlərinin hüzn göz yaşlarına boğuldular...
Ömürlərinin ən gözəl illəri keçən Şuşanı bir daha görmək xoşbəxtliyini onlara nəsib etdiyi üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun döyüşçülərinə təşəkkür etdilər.
Avqustun 29-da Şuşaya səfər edən zaman İlham Əliyev də bir daha bəyan etdi ki, burada görülən kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir. İndi şuşalılar həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, həm də burada açılmış yeni müəssisə və obyektlərdə işlə təmin edilirlər.
Kəlbəcərə qovuşmağın sevinci
İllərdən sonra bir qrup Kəlbəcər sakini də doğma yurdları ilə görüşdü. 28 ildən sonra ilk dəfə ayaq basdılar ana yurda, ətirli havasını çəkdilər sinələrinə, illərlə həsrətini çəkdikləri Vətənə gözüdolusu baxdılar...
Kəlbəcərlilər rayonda "Tunel qətliamı”nın, Başlıbel faciəsinin baş verdiyi ərazini ziyarət etdilər, Günəşli kəndində oldular, doğma şəhərlərində görülən yenidənqurma işləri ilə tanış oldular.
Kəlbəcər sakinləri Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun məzarına ziyarətə gəldilər, şəhidin həyat yoldaşı Elnurə Əliyeva bu səfər sayəsində uzun illər sonra ilk dəfə ailəsi ilə birgə Kəlbəcərə gəlib, həyat yoldaşının məzarına baş çəkdi...
Səfərdən böyük təəssüratlarla, tezliklə doğma yurda qayıdacaqlarına əminliyi ilə ayrılan kəlbəcərlilər bir daha Preziden İlham Əliyevə təşəkkürlərini bildirdilər. Xüsusilə də bu çətin relyefli ərazini misligörünməmiş döyüş taktikası həyata keçirərək bir güllə belə atmadan, bir şəhid belə vermədən azadetmə məharətinə görə Ali Baş Komandana sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Bəli, bundan sonra da mərhələli şəkildə digər işğaldan azad edilən yurdlarımıza sakinlərin bu cür səfərləri təşkil olunacaq, onlar öz əzəli yurdlarına ziyarətə gələcəklər...
Amma o gün də uzaqda deyil ki, bütün məcburi köçkünlər doğma Cəbrayıla, Zəngilana, Füzuliyə, Qubadlıya, Ağdama, Laçına, Şuşaya, Kəlbəcərə və digər işğaldan azad edilən dədə-baba yurdlarımıza əbədi yaşamağa qayıdacaqlar...
Yenə də o torpaqlarda həyat qaynayacaq, insanlar xoşbəxt yaşayacaq ...