Heydər Əliyevin neft strategiyasından başlanan 44 günlük Zəfər yolu

 
 
 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

 

Müasir Azərbaycan tarixinin böyük bir dövrü və ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin sonlarında ölkəmizin yenidən əldə etdiyi dövlət müstəqilliyini, bərpa etdiyi dövlətçiliyini mövcud ictimai-siyasi böhran şəraitində qoruyub saxlaya bilməsi, daha sonra isə inkişaf yoluna qədəm qoyması Tanrının Azərbaycan xalqına bəxşişi olan Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin adı xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı kimi tariximizə qızıl hərflərlə əbədi həkk olub. Məhz Ulu Öndərin sayəsində Azərbaycan xalqı həm sovet dövründə, həm də müstəqillik dövründə öz tarixinin ən mühüm nailiyyətlərini qazanıb, başqa sözlə desək, ən böyük uğurlarımız xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin liderliyi və müəllifliyi ilə ərsəyə gəlib.

Fitri istedada,  son dərəcə geniş dünyagörüşünə malik olan, doğma xalqını və Vətənini hədsiz məhəbbətlə sevən Heydər Əliyev   fenomenal şəxsiyyət, dəmir iradə və cəsarət simvolu idi. Onun doğma Vətəninin, xalqının mənafelərini hər şeydən uca tutaraq ən mürəkkəb vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığı, uzaqgörənliyi, mübarizliyi, qətiyyətliliyi, fədakarlığı və əzmkarlığı bir insan şəxsiyyətinə sığışması əslində mümkün olmayan inanılmaz dərəcədə nadir hadisə, Tanrı möcüzəsi idi.  

Heydər Əliyev hər şeydən əvvəl ən böyük azərbaycanlı idi. Onun bütün fəaliyyəti, bu və ya digər hadisə və proseslərə baxışı və mövqeyi, ilk növbədə, milli mənsubiyyətindən doğan bənzərsiz milli təəssübkeşliyindən və vətənpərvərliyindən qaynaqlanırdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və qeyri-adi uzaqgörənliyi, dövrün çağırışlarına adekvat və tutarlı cavab vermək, bu xüsusda düzgün qərarlar qəbul edib qətiyyətlə həyata keçirmək kimi idarəçilik istedadı və ustalığı ilə xalqımızın taleyində həlledici rol oynayıb, Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb. Əgər birinci dəfə sovet Azərbaycanına rəhbərlik edərkən Heydər Əliyev respublikanı müstəqilliyə hazırlamışdısa, ikinci dəfə artıq yenicə müstəqillik qazanmış, lakin müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş  ölkənin dövlət başçısı olarkən xalqımızın əsrlərlə qəlbində yaşatdığı azadlıq ideallarını gerçəkləşdirərək müstəqilliyimizin sarsılmazlığını, əbədiliyini və dönməzliyini təmin etdi.

Belə ki, Ulu Öndərin uzaqgörənliyi və tarixi xidmətləri sayəsində hələ sovetlər dövründə Azərbaycanın iqtisadi müstəqilliyinin təməli yaranmış, daha sonralar müstəqillik əldə edildikdə isə dövlətin təməlini möhkəmləndirmək, dövlətçilik ənənələrini yaratmaq və inkişaf etdirmək üçün Ümummilli Lider yüksək peşəkarlıq və fədakarlıq göstərmişdir. Nəticə etibarilə bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəri, tarixi fəaliyyətinin bəhrəsidir.

Hələ ötən sərin 40-cı illərindən dövlət təhlükəsizliyi orqanlarında  fəaliyyətə başlayan Heydər Əliyev milli kadr kimi qarşılaşdığı maneələrə baxmayaraq,  respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş,  Azərbaycan xalqının mənafeləri naminə bu orqanın milli kadrların cəlb edilməsi mənasında "milliləşdirilməsi” üçün mühüm işlər görmüşdü.

60-cı illərin sonunda isə Heydər Əliyevin xidməti yüksəlişində baş vermiş  tarixi hadisə, respublikada ən yüksək vəzifəyə irəli çəkilməsi xalqa xidmət yolunda onun üçün böyük imkanlar açdı və onun fəaliyyətinin daha genişmiqyaslı, çoxşaxəli, strateji hədəflər baxımından perspektiv əhəmiyyətə malik son dərəcə məsul  və Azərbaycan xalqı üçün taleyüklü bir dövrü başlandı.

1969-cu il iyulun 14-də Heydər Əliyevin sovetlər dönəmində ölkəyə faktiki rəhbərlik edən partiya sistemində respublikada birinci vəzifəyə - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə Azərbaycanı öz tarixində yeni dövrə qədəm qoydu. Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə hərtərəfli yeniləşmə, köklü dəyişikliklər, dinamik inkişaf illəri kimi daxil oldu. 80-ci illərin axırları - 90-cı illərin əvvəllərində baş vermiş sonrakı proseslər, tarixin gedişatı aydın şəkildə göstərdi ki, bugünkü müstəqil Azərbaycanın təməlini Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi olarkən qoymuşdu.

Heydər Əliyev respublika partiya təşkilatının rəhbəri vəzifəsinə  seçiləndə Azərbaycan öz inkişaf səviyyəsinə görə Sovet İttifaqı respublikaları arasında ən aşağı yerlərdə qərarlaşmışdı, bütövlükdə iqtisadiyyatda geriləmə, tənəzzül və durğunluq prosesləri daha da dərinləşir, bütün sahələr üzrə göstəricilər, o cümlədən sənaye və kənd təsərrüfatı istehsalının həcmi ilbəil azalırdı.

Zəngin və fitri idarəçilik təcrübəsinə və istedadına malik olan Heydər Əliyev sovet rejiminin bütün imkanlarından dərindən düşünülmüş uzaqgörən siyasət və ustalıqla istifadə edərək Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq,  həyatın bütün sahələrində respublikanın gələcək müstəqilliyinə xidmət edəcək strateji layihələr, uzaqmənzilli proqramlar gerçəkləşdirmək üçün məqsədyönlü addımlar atmağa başladı.

Heydər Əliyev  özünəməxsus səriştə və təcrübə, hərtərəfli ölçülüb-biçilmiş addımlar və incə siyasətlə  respublikanın perspektivə hasablanan potensialını yaratmaq üçün sosial, iqtisadi və mədəni quruculuq sahəsində kompleks inkişaf proqramlarını həyata keçirməyə başladı. Beləliklə də Azərbaycan tarixində Heydər Əliyevin adı ilə bağlı olan yüksəliş, tərəqqi və intibah dövrü başlandı.

Heydər Əliyevin titanik səyləri, misilsiz bacarığı və təşkilatçılıq məharəti sayəsində tez bir zamanda Azərbaycan keçmiş SSRİ  miqyasında qabaqcıl respublikalar sırasına çıxdı, Sovet İttifaqında mərkəzdən dotasiya almayan iki respublikalardan biri oldu. Heydər Əliyevin başlıca məqsədi Azərbaycanı iqtisadi cəhətdən qüdrətli bir respublikaya çevirmək idi.

Məhz o illərdə Azərbaycanda sənayenin, kənd təsərrüfatının maddi-texniki bazası möhkəmlənmiş və inkişaf etmiş, istehsalın həcmi və nomenklaturu artmış, infrastruktur layihələrinin icrası sahəsində çox böyük işlər görülmüşdü. Bütün bu işlər bu gün müstəqil Azərbaycanın iqtisadi potensialının bünövrəsini təşkil edir. Neft-qaz, maşınqayırma və emal sənayesinin inkişafı sahələrində əldə edilmiş nailiyyətlər, yaradılmış iri müəssisələr bu gün müstəqil Azərbaycana sanballı xidmət göstərir.

1969 - 1982-ci illər sovet Azərbaycanının tarixinə böyük inkişaf illəri,  fəal quruculuq dövrü kimi daxil oldu. Respublika iqtisadiyyatının bütün sahələrində canlanma baş verdi, struktur dəyişiklikləri həyata keçirildi. Hələ o vaxtlar sənayenin şaxələndirilməsi,  sənaye istehsalının proporsional və coxşaxəli inkişafı, çoxprofilli sənaye müəssisələrinin yaradılması üçün mühüm işlər görüldü.

Heydər Əliyevin məqsədyönlü və qətiyyətli fəaliyyəti, dərin təsərrüfatçılıq səriştəsi sayəsində Azərbaycan kənd təsərrüfatı istehsalı, xüsusən də pambıqçılığın və üzümçülüyün inkişafı sahəsində dinamik addımlar ataraq yüksək rekord göstəricilər qazandı. Bununla eyni zamanda Azərbaycan kəndi dirçəlməyə başladı, kənd əhalisinin sosial rifahı yüksəldi, şəhərlə kənd arasında fərqin azaldılması kimi irəli sürülmüş sosializm şüarının həqiqətən gerçəkləşdirilməsinə başlandı.

Bütövlükdə respublika ərazisində yüzlərlə yeni zavod, fabrik, istehsalat sahələri yaradıldı, iri sənaye müəssisələri, aqrosənaye kompleksləri  işə salındı. Sənaye və kənd təsərrüfatı istehsalı məhsullarının həcmi və ixrac coğrafiyası xeyli dərəcədə genişləndi.

Azərbaycanın rayonları və paytaxt Bakı geniş tikinti meydanına çevrildi. İri sənaye müəssisələri, istehsal kompleksləri, infrastruktur obyektləri sürətlə inşa edilərək istismara verildi.

70-80-ci illərdə Azərbaycanda elm sahəsi də sürətlə inkişaf etməyə başladı. Sovet rejiminin bütün məhdudiyyətlərinə, fəaliyyət üçün müəyyən olunmuş dar çərçivələrə baxmayaraq, Heydər Əliyev milli-mənəvi dəyərlərin və milli ruhun qorunması və təbliği, milli ədəbiyyat, incəsənət və mədəniyyət məsələlərini daim diqqət mərkəzində saxlayırdı. Təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda məhz Heydər Əliyevin təkidi ilə Azərbaycan dili Konstitusiyaya ana dili kimi daxil edilmişdi.

Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksəkixtisaslı mütəxəssislər yetişdirmək idi. Bu məqsədlə respublika iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün zəruri ixtisaslar üzrə kadrlar hazırlayan və ya onların yenidən hazırlığını həyata keçirən ali və orta ixtisas məktəblərinin geniş şəbəkəsi yaradıldı.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin hamisi olmuşdur. O,  elm və təhsili milli intibahın təminatında başlıca vasitə hesab edirdi. O,  SSRİ-nin ən qabaqcıl ali məktəblərində Azərbaycan üçün kvota alaraq hər il 1000-ə yaxın gəncin həmin ali məktəblərə  təhsil almağa göndərilməsinə nail olmuşdu. Onun  təşəbbüsü ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində ən müxtəlif ixtisaslar üzrə 15 mindən çox azərbaycanlı ali təhsilli mütəxəssis hazırlanmışdır.

Mənim üçün böyük şərəfdir ki, Ulu Öndərin xeyir-duası ilə həmin gənclərdən biri kimi Bakıda orta məktəbi bitirdikdən sonra G.V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutuna göndərilmiş və bu nüfuzlu ali məktəbdə təhsil almışam.

Ulu Öndərin dövlətçilik konsepsiyasında ən mühüm müddəalardan birini də ordu quruculuğu tuturdu. Heydər Əliyev keçmiş ittifaq dövründən başlayaraq böyük uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük cəsarət tələb edirdi. Bu ideya yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edən dahi şəxsiyyətə - Heydər Əliyevə mənsub ola bilərdi.

1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi internat məktəbin təsis edilməsi Azərbaycanın gələcək zabitləri üçün ilk məktəb olmaqla Heydər Əliyevin məqsədyönlü, dərindən düşünülmüş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq ifadəsi idi. Müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunda, Ermənistan tərəfindən işğala məruz qalmış torpaqlarımızın azad edilməsi üçün yüksək təhsilli hərbi qulluqçulara böyük tələbat yarananda Heydər Əliyevin bu hərbi məktəbi yaratmaqda çox böyük uzaqgörənliyinin bir daha şahidi olduq.

Həmin məktəbin müdavimləri işğal olunmuş torpaqlara Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 2016-cı ilin Aprel döyüşlərindən başlamış  böyük qayıdışın zirvəsi olan 2020-ci ilin 27 sentyabr - 9 noyabr Zəfər savaşında misilsiz  qəhrəmanlıqlar, yüksək peşəkarlıq və taktiki hazırlıq nümunəsi göstərərək xalqımızın 30 illik həsrətinə, nisgilinə, əzab-əziyyətinə son qoyub doğma Qarabağımızı düşmənin çəngindən xilas edənlər sırasında öndə irəlilədilər.

Bütövlükdə ötən əsrin 70-80-ci illəri Ulu Öndərin müstəsna xarakterli idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan öz tarixində hələ o vaxtadək görünməmiş dərəcədə böyük inkişaf yolu qət etdi. Respublikamızın hərtərəfli yüksəliş illəri kimi tariximizə daxil olmuş məhz bu dövrdə hələ Sovet İttifaqının tərkibində ikən Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm bünövrəsi yaradıldı.

Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində Heydər Əliyevin başçılığı ilə respublikamızın qazandığı nailiyyətlər, respublika liderinin  özünün fəaliyyəti, təbii ki, ittifaq rəhbərliyinin diqqətini cəlb edirdi. Tezliklə, 1982-ci ildə Heydər Əliyev Moskvaya dəvət edildi və ona Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi daha yüksək vəzifə həvalə olundu. Super dövlətin rəhbərliyində olmaq, Baş nazirinin birinci müavini kimi mötəbər bir vəzifə tutmaq, əlbəttə ki, Heydər Əliyevin son dərəcə istedadlı, peşəkar və işgüzar bir rəhbər xadim olduğunun təsdiqi idi.

Heydər Əliyev Moskvada bu yüksək vəzifələri tutduğu 1982-1987-ci illərdə nəhəng Sovet İttifaqının həyatının ən ağır sahələrinin idarə olunmasında əldə etdiyi uğurlarla az bir vaxt içərisində bütün SSRİ miqyasında böyük nüfuz qazanmışdı. Bu isə İttifaqın rəhbərliyində təmsil olunanların Heydər Əliyevə qarşı qısqanclığına səbəb olur, ona qarşı məkrli planlara rəvac verirdi.

Ulu Öndər həm də artıq o vaxtlar yenidən baş qaldırmağa çalışan separatçı qüvvələrin, erməni millətçilərinin, onların ideoloqlarının, himayədarlarının və liderlərinin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq yolunda atdıqları addımlar qarşısında başlıca maneə idi. Odur ki, bütün bu şər qüvvələrin birgə səylərinin nəticəsi olaraq xalqımızın dahi oğlu Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən dərhal sonra erməni millətçiləri Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün geniş cəbhəboyu fəaliyyətə keçdilər.

SSRİ rəhbərliyini tərk etdikdən sonra 1987-1990-cı illərdə üzləşdiyi bütün təqiblərə baxmayaraq, Heydər Əliyev Azərbaycan naminə öz mübarizəsini qətiyyətlə davam etdirirdi. Qarabağda cərəyan edən proseslər dalğasında Azərbaycanda alovlanmağa başlamış milli azadlıq hərəkatına qarşı törədilən 1990-cı il 20 yanvar faciəsinin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib orada mətbuat konfransı keçirməsi, azadlıq mücadiləsinə qalxmış xalqımızı cəzalandırmaq və ona divan tutmaq məqsədilə sovet ordusu tərəfindən həyata keçirilmiş hərbi müdaxiləyə qarşı dərhal öz etiraz səsini ucaltması, 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət adlandırması, sovet rəhbərliyini bu cinayətdə ittiham etməsi, rəhbərliyin siyasətini və hərəkətlərini qətiyyətlə pisləməsi o vaxt sovet məkanında çox nadir bir hadisə idi. Çünki hələ Sovet İttifaqının dağılmasına 2 ilə yaxın vaxt var idi və heç kimin də ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması Heydər Əliyevin öz xalqına nə qədər bağlılığını, onun mənafelərini hər şeydən üstün tutduğunu, nə qədər fədakar və cəsarətli olduğunu bir daha nümayiş etdirirdi.

20 Yanvar faciəsi ilə bağlı verdiyi sərt bəyanatdan, tutduğu prinsipial mövqedən sonra Heydər Əliyevə qarşı təzyiqlərin, təqiblərin, hər cür qarayaxma, şər, iftira kampaniyasının daha da güclənməsinə və yeni dalğasına start verilməsinə baxmayaraq, bütün bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilmədi və o, baş verənlərə etiraz əlaməti olaraq, uzun illər ərzində sədaqətlə xidmət etdiyi Kommunist Partiyasının sıralarını könüllü surətdə tərk etdi.

Artıq Moskvada yaşamağın çox təhlükəli olduğu bir vəziyyətlə üzləşərək Heydər Əliyev Vətənə döndü və sovet imperiyasının fitnəkarlıq törətmək üçün uzun əllərinin paytaxt Bakıya da asanlıqla çatdığından doğma Naxçıvana üz tutdu. 

Heydər Əliyev Ermənistan tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvanın ən ağır vaxtlarında bu diyara rəhbərlik edərək onu çıxılmaz vəziyyətdən qorumaqla yanaşı, Azərbaycanın qurtuluş mücadiləsinə misilsiz töhfələr verdi. Tarixə  geniş spektrdən nəzər salanda aydın görünür ki,  o illər müstəqilliyimiz üçün həlledici illər idi, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvandan başlamışdı. Belə ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə İlham Əliyevin 44 günlük Vətən savaşında xalqımızın ən böyük arzusunu, istəyini həyata keçirərək, torpaqlarımızı 30 illik erməni işğalından azad edərək qürur mənbəyimiz, Zəfər rəmzimiz kimi Şuşada dalğalandırdığı müqəddəs üçrəngli dövlət bayrağımız ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırılmış və dövlət bayrağı elan edilmişdi. O vaxt hələ Sovet İttifaqının mövcud olduğu illər idi və Sovet İttifaqının dağılacağı hələ çoxlarına bir nağıl və əfsanə kimi görünürdü.

Azərbaycan isə 1990-cı illərin əvvəlində alışıb-yanırdı. Respublikada vəziyyət gündən-günə pisləşir, tənəzzül prosesləri dərinləşirdi. Siyasi böhran özünün ardınca, təbii ki, iqtisadi böhrana yol açmışdı. Digər yandan isə, Ermənistan tərəfindən torpaqlarımızın işğalı gündən-günə genişlənir, yaşayış məntəqələrimiz bir-birinin ardınca düşmənin əlinə keçir, soydaşlarımız doğma yurd-yuvalarını tərk edib, didərgin düşür, öz doğma Vətənlərində qaçqına, məcburi köçkünə çevrilirdi. Xüsusən strateji ərazilər olan Şuşa, Laçın, daha sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yarandığından düşmən tərəfindən torpaqlarımızın işğalı daha da asanlaşmış və belə bir imkanın yaranması nəticəsində o, ərazilərimizi öz əlinə keçirmək üçün daha da güclənmişdi. Azərbaycan tam olaraq uçurumun kənarında idi. Digər tərəfdən də, şimalda və cənubda baş qaldırmış separatçı qüvvələrin məkrli planları işə düşmüş və ölkə tamamilə dağılmaq, yox olmaq və dünya xəritəsindən silinmək reallığı ilə üz-üzə qalmışdı.

1993-cü ilin yayı ərəfəsində Azərbaycanda mövcud ictimai-siyasi, iqtisadi, hərbi böhran son həddə çatmışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Xalq vahimə və təşviş içində idi və ovaxtkı iqtidara inamını tamamilə itirmişdi. AXCP-Müsavat cütlüyünün təmsil etdiyi hakimiyyət ölkəni xaos vəziyyətinə gətirib çıxarmış, iyunun əvvəllərindən etibarən cərəyan edən hadisələr nəticəsində Azərbaycanda qardaş qanı axıdılmış, faktiki olaraq vətəndaş müharibəsi başlanmışdı.

 Belə bir ağır vəziyyətdə xalq yenə də imdad üçün Heydər Əliyevə üz tutdu. Xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidi ilə, vəziyyətdən çıxış yolu tapmaqda aciz olan iqtidarın özünün inadlı xahişləri ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı.

Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev xalqın dadına çatdı. Vətəni və xalqı naminə ozamankı iqtidarın təklifini qəbul edərək rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi.

Elə həmin gündən Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsi son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Heydər Əliyev vahid komandanlıq altında nizami ordu quruculuğuna başlayaraq tez bir zamanda müharibənin gedişində dönüş yarada bildi. Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında əks-hücum əməliyyatları keçirərək düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənməkdə olan Silahlı Qüvvələrimizin gücünün açıq-aşkar artmasından və işğal olunmuş torpaqları geri qaytarmaq üçün keçirdiyi ilk uğurlu əməliyyatlardan zərbələr alan Ermənistan ordusu atəşi dayandırmağa məcbur oldu.

Heydər Əliyevin döyüş meydanında dönüşə nail olması atəşkəs müqaviləsinin imzalanmasına imkan verdi. 2020-ci ildə qazandığımız tarixi zəfərimiz sayəsində torpaqlarımızın işğaldan azad olunması bir daha göstərdi ki, müzəffər ordumuzun formalaşdırılması üçün bu müqavilə nə qədər əhəmiyyətli idi. Heydər Əliyev bu prinsipə üstünlük verirdi ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Ulu Öndər münaqişənin həlli ilə bağlı böyük uzaqgörənliklə bildirirdi ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Məhz bu prinsipə sadiq qalmaqla Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev uzun illər ordu quruculuğuna xüsusi diqqət yetirərək, tarixi Zəfərimiz üçün ordumuzu hər cəhətdən ən yüksək hazırlıq səviyyəsinə çatdırdı. 

Beləliklə, 1994-cü ilin may ayında elan edilmiş atəşkəsdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı. Atəşkəs Azərbaycanın xaosdan çıxması, hər mənada özünə gəlməsi, toparlanması və inkişaf yoluna qədəm qoyması üçün çox vacib idi. Yaranmış vəziyyətdə atəşkəs Heydər Əliyevin strateji planlarının həyata keçməsi üçün ilkin addım idi. Atəşkəs sonralar Azərbaycanın görünməmiş sürətlə inkişafı, qüdrətli dövlətə çevrilməsi və İkinci Qarabağ savaşında möhtəşəm qələbəsi üçün lazım idi. Zaman Heydər Əliyevin nə qədər böyük siyasətçi,  strateq, uzaqgörən və tədbirli dövlət başçısı olduğunu tarixi zəfərimizlə bir daha sübuta yetirdi.   

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişaf dövrünün əsası qoyuldu, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklər başlandı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı.

Azərbaycanın dövlət quruculuğunda və idarəçiliyində bütün sahələr üzrə daim inkişaf və tərəqqiyə aparan nəhəng işlərin memarı və qurucusu olan Heydər Əliyev ölkənin iqtisadi potensialının yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edirdi. Bu baxımdan Ümummilli Liderin hər zaman aktual olan "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası onun həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mərkəzində dururdu.

Respublikanın sənaye potensialının gücləndirilməsi, enerji sektorunda qlobal layihələr, kənd təsərrüfatına sistemli yanaşma, torpaq islahatı, hərbi quruculuq, milli kadr potensialının yaradılması, elmin, təhsilin və mədəniyyətin inkişafına ümummilli meyarlar əsasında yanaşmaq Ulu Öndərin adı ilə bağlıdır.

Ümumxalq səsverməsi ilə 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya ölkənin yeni iqtisadi sistemə keçidinin hüquqi əsasını yaratdı və iqtisadi həyatın yeni inkişaf mərhələsi başlandı. Heydər Əliyevin iqtisadi konsepsiyasında enerji təminatının şaxələndirilməsi, sənaye potensialının yaradılması, infrastrukturun yaxşılaşdırılması, ərzaq təhlükəsizliyi, insan resurslarının inkişaf etdirilməsi hər zaman prioritet yer tuturdu.

Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, azad bazar iqtisadiyyatının bərqərar olmasına təkan verdi. Görülmüş işlər nəticəsində Azərbaycan dayanıqlı inkişaf yoluna qədəm qoydu, iqtisadi inkişafın "Azərbaycan modeli” yaradıldı.

Heydər Əliyevin inkişaf konsepsiyasında çoxşaxəli və çoxprofilli iqtisadi modelə üstünlük verilirdi. Burada ölkəmizin iqtisadi cəhətdən reallıqları nəzərə alınmaqla, yanacaq-energetika, nəqliyyat-kommunikasiya sektorları aparıcı yer tuturdu. Zəngin karbohidrogen ehtiyatlarının verdiyi imkanlardan yararlanmaqla, ilk növbədə, məhz bu iki sektorda nailiyyətlər əldə etmək və regional miqyaslı layihələrin təşəbbüskarı və müəllifinə çevrilmək mümkün oldu. Bununla yanaşı, iqtisadiyyatın bütün digər sahələrinə - qeyri-neft sənayesindən tutmuş, kənd təsərrüfatına, turizmə, xidmət sahələrinin inkişafına hər zaman xüsusi diqqət yetirilirdi.

Müstəqilliyin ilk illərində respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və inflyasiyanın qarşısını almaq üçün aparılan sərt büdcə-kredit siyasəti nəticəsində makroiqtisadi sabitliyə nail olundu. Tənəzzüldən sonrakı inkişaf dövrü isə daha çevik makroiqtisadi siyasət alətlərindən istifadə etməyə imkan verdi.

90-cı illərin əvvəllərində Azərbaycanı düşdüyü ağır iqtisadi durumdan çıxarmağın yeganə yolunu respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadədə görən Heydər Əliyev neft amilini məharətlə işə saldı. Bu gün qətiyyətlə demək olar ki, hakimiyyətə qayıdışı ilə əldə edilən bütün uğurların kökündə Heydər Əliyevin neft strategiyası dayanır.

Çətin və mürəkkəb danışıqlar prosesindən sonra, 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda, "Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorunda  yerləşən "Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənməsi haqqında xarici neft şirkətləri ilə bağlanmış müqavilə  Azərbaycanın qədim neft tarixində yeni dövrün başlanğıcını qoymaqla bərabər, ölkə iqtisadiyyatının uzunmüddətli təminatına, bütövlükdə ölkəmizin parlaq sabahına geniş bir yol açdı.

Miqyasına və əhəmiyyətinə görə sonralar bütün dünyada haqlı olaraq "Əsrin müqaviləsi” adlandırılan bu müqavilə Azərbaycanın müstəqilliyi və rifahı naminə Ümummilli Lider  Heydər Əliyev tərəfindən hazırlanmış və Xəzər dənizini dünyanın yeni neft mərkəzlərindən birinə çevirmiş neft strategiyasının reallaşdırılmasının əsasını qoydu.

"Əsrin müqaviləsi”  Azərbaycanın uzunmüddətli strateji maraqlarının, siyasi, iqtisadi mənafelərinin təmin edilməsinə, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, genişmiqyaslı beynəlxalq əməkdaşlığının vüsətlənməsinə güclü təkan verdi.

Regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən neft  strategiyasında növbəti mühüm addım isə hasil olunan neftin dünya bazarlarına nəqli məsələləri idi. İxrac marşrutlarını müəyyənləşdirən Ümummilli Liderin  qəti və sarsılmaz mövqeyi məhz əsas ixrac boru kəmərinin Azərbaycandan Gürcüstan ərazisi ilə Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına çəkilməsi idi. Bu, təkcə Azərbaycan neftinin Avropa və dünya bazarlarına çıxışı deyil, Azərbaycanın özünün Avropanın, dünyanın siyasi səhnəsinə çıxış idi, beynəlxalq nüfuz, dəstək qazanmaq, dünya çapında ölkəmizin mövqelərini möhkəmləndirmək, müstəqilliyimizi əbədi, dönməz, daimi etmək demək idi.    

Ümummilli Lider özünə xas uzaqgörənlik, müdriklik və qətiyyətlə o zamanlar miqyasına görə dünyada analoqu olmayan çox nəhəng bir layihəni yaratdı və onun həyata keçirilməsinə bilavasitə başçılıq etdi və Qara dəniz boğazlarından yan keçərək, Xəzərlə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası Ulu Öndərin gərgin siyasi mübarizəsi, dünya miqyasında yüksək nüfuzu  nəticəsində mümkün oldu.

Bu layihənin təməlini qoyan Ulu Öndər və onu uğurla davam etdirib başa çatdıran  Prezident İlham Əliyevin əvəzsiz xidmətləri və səyləri sayəsində dünyanın ən böyük enerji layihəsi sayılan, Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsasını təşkil edən, müəllifi, memarı və banisi Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan neft kəməri çoxlarına əlçatmaz arzu, əfsanə və xülya kimi görünən layihədən bu gün artıq Heydər Əliyev zəkası, dühası və qüdrəti ilə gerçəkliyə çevrildi.

Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi Ümummilli Liderin özü qədər inandığı və başladığı işləri uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə tez bir zamanda daha da genişlənərək Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu Qaz Kəməri (TANAP), Trans-Adriatik Qaz Kəməri (TAP) kimi transmilli neft və qaz arteriyalarının yaranmasına, bununla da dünyanın enerji xəritəsində yeni mənzərənin formalaşmasına gətirib çıxardı, Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoydu. 

"Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın beynəlxalq transmilli şirkətlərlə birgə faydalı əməkdaşlığı sonralar "Şahdəniz”, "Abşeron”, "Ümid”, "Şəfəq-Asiman”, "Dostluq” neft və qaz yataqlarının istismarına yol açdı. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamızı qlobal və regional miqyasda etibarlı tərəfdaş və söz sahibi olan qüdrətli ölkəyə çevirdi.

Heydər Əliyev neft strategiyasının mahiyyətini izah edərək deyirdi ki: "Neft strategiyasının istiqamətlərindən biri də budur ki, biz müəyyən bir dövrdə ayrı-ayrı dünya şirkətləri ilə əməkdaşlıq edərək, təcrübə toplayıb, vəsait əldə edib, müasir texnikanı, texnologiyanı mənimsəyib işlərin çoxunu gələcəkdə özümüz görməliyik”. Hazırda Azərbaycanın bir sıra neft yataqlarını müstəqil olaraq işləməsi həmin uzaqgörən siyasətin bəhrəsidir.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin neft  strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən etibarən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının sabit və davamlı inkişafı üçün möhkəm zəmin yaratdı.

Təbii ki, "Əsrin müqaviləsi”nin  imzalanması, eləcə də onun gerçəkləşməsi ilə başlayan Heydər Əliyevin neft strategiyası təkcə Azərbaycanı iqtisadi tənəzzüldən çıxarmaq, ölkənin sosial-iqtisadi yüksəlişini təmin etmək məqsədi daşımırdı. Bu strategiya  Azərbaycanın iqtisadi inkışaf konsepsiyasının bazis rolunu oynamaqla bərabər daha uzaqmənzilli hədəflərə malik idi və Ulu Öndərin müdrik siyasəti ilə perspektivdə qlobal strateji məqsədlərə xidmət edirdi. Azərbaycanın "Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev deyirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.

"Əsrin müqaviləsi” ilə  əsası qoyulan neft strategiyası ölkəmizə iqtisadi səmərə,  mənfəət gətirməklə, sosial-iqtisadi yüksəlişimizə güclü təkan verməklə yanaşı, Azərbaycana beynəlxalq aləmdə böyük siyasi dividendlər qazandırdı. Zaman dahi Heydər Əliyevin müdrikliyini, uzaqgörənliyini buğunkü nailiyyətlərimizin tacı olan tarixi Zəfərimizn işığında tam mənzərəsi ilə sübuta yetirdi.      

Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir.

Ümumilikdə Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilmişdir. Milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri olmuşdur.

Heydər Əliyevin neft strategiyasına uyğun olaraq 1999-cu ildə yaradılmış Dövlət Neft Fondu əldə olunan gəlirlərin toplanmasını təmin edərək məcburi köçkünlərin məskunlaşması üçün qəsəbələrin salınması, insan kapitalının inkişafı məqsədilə xaricdə təhsil proqramlarının maliyyələşdirilməsi kimi sosial məsələlərlə yanaşı, ilk növbədə, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, vəzifəsinin reallaşdırılmasına istiqamətləndirilmişdir.    

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və  parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi.

İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi  olan bu müqəddəs Qələbə tək 44 günün ərzində qazanılmamışdır.

Bu Qələbə və Qələbəyə aparan yollar torpaqlarını itirmiş, hər şeydən ümidi üzülmüş, iqtisadi  böhrana düçar olmuş, evindən-eşiyindən didərgin düşmüş bir xalqın Ulu Öndər Heydər Əliyevə müraciəti və xalqın israrlı tələbi ilə Ümummilli Liderin  hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyini xilasından, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardığı taleyüklü tarixi anlardan  başlamışdır.

Bu Qələbə Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığı, iri dövlətlər, mötəbər beynəlxalq qurumlar, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlər ilə səmərəli əməkdaşlıq müstəvisi qurduğu illərdən başlamışdır.

Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlamışdır.

Bütövlükdə bu Qələbə Heydər Əliyevin memarı, banisi və müəllifi olduğu Neft Strategiyasından başlamışdır və Ümummilli Liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi oğul, Prezident, Sərkərdə bəxş etməsi sayəsində mümkün olmuşdur.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir.  Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişafın, Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksələn Azərbaycan daha böyük gələcəyin geniş üfüqlərinə doğru addımlamaqdadır.





[email protected]