Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı haqda Polşa ictimaiyyətinin məlumatlandırılması istiqamətində bir neçə tədbir həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, Polşanın "Dziennik Trybuna" qəzetinin çap versiyası və internet səhifəsində səfir Nərgiz Qurbanovanın Xocalı Soyqırımına həsr edilmiş "Qafqaz göründüyü kimi deyil" başlığı altında məqaləsi dərc edilmişdir. Məqalədə 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımının növbəti anım gününü qeyd etdiyi bildirilir. Faciənin tarixi barədə geniş məlumat verilərək, bir gecədə 613 Xocalı sakininin, o cümlədən, 106 qadın, 63 uşaq və 70 yaşlının Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilməsi, 1275 mülki şəxsin girov götürülməsi barəsində acı həqiqətlər oxucuların diqqətinə çatdırılmışdır.
Məqalədə həmçinin Ermənistanın 1987-ci ildə Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinə rəsmi idia irəli sürməsi və nəticədə Azərbaycana qarşı hərbi təcavüzü, BMT Təhlükəsizlik Şurası tərəffindən qəbul edilmiş, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan məxsusluğunu təsdiq edən 4 qətnamənin qəbul edilməsi vurğulanmışdır.
Səfir N.Qurbanova "Dzennik Tribuna" qəzetində 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan tərəfindən hərbi cinayətlərin törədilməsi, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Beyləqan, Goranboy, Ağstafa, Siyəzən, Kürdəmir, Xızı şəhərlərində və rayon mərkəzlərində mülki şəxslərin və obyektlərin qadağan edilmiş kasset mərmilərlə xaincəsinə bombalanması, nəticədə 100-dən çox mülki şəxsin, o cümlədən 11 uşağın həlak olması və 400-dən çox mülki şəxsin yaralanması və mülki infrastrukturun məhv edilməsi barədə məlumat vermişdir.
www.trybuna.info/bez-kategorii/kaukaz-nie-taki-jak-sie-wydaje/
Bununla yanaşı, Səfirliyin təşəbbüsü ilə Varşavanın Regional Qan Donor Mərkəzinin binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı barədə məlumatları özündə əks etdirən banerlər quraşdırılmış, faciə ilə bağlı broşür və kitabçalar qan verməyə gələn insanlar arasında paylanmışdır.
Daha bir təşəbbüs kimi Səfirlik tərəfindən Varşavada yerləşən Yanuş Kurçak adına 2 saylı Uşaq Evinin sakinləri olan kimsəsiz uşaqlar üçün şirniyatlar və oyuncaqlar alınaraq qarşı tərəfə təqdim edilmişdir. Bununla Xocalı soyqırımı və Ermənistanın törətdiyi digər müharibə cinayətləri vaxtı qətlə yetirilmiş məsum Azərbaycanlı uşaqların xatirəsi anılmışdır.
Digər bir tədbir Səfirlik və Polşadakı Azərbaycan diaporunun nümayəndələri ilə təşkil olunmuşdur. Belə ki, Varşavanın ən nüfuzlu "Raffles Europejski Warsaw" hotelində Xocalı soyqırımının ildönümünə həsr edilmiş online konsert keçirilmişdir. Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan Diasporunun nümayəndəsi Fərid Cəfərli çıxış etmiş, daha sonra Varşavada yerləşən Karol Şimanovski adına 4 saylı dövlət musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi inciləri səsləndirilmişdir. H.Ə.Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalı soyqırımına həsr edilmiş film polyak dilinə tərcümə edilərək geniş ekranda nümayiş etdirilmişdir. Həmin tədbir peşəkar çəkiliş qurupu tərəfindən lentə alınmış və xüsusi internet keçidi vasitəsi ilə Facebook şəbəkəsi üzərindən Polşa ictimaiyyəti arasında yayımlanmışdır.
Qeyd edilən tədbirlərlə yanaşı Səfirliyin inzibati binasının qarşısında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş guşə yaradılmışdır.