Böyük qürur və fərəh hissi ilə Sizi doğum gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edirik!
10 Noyabr tarixində Siz xalqımızı uzun illərdir gözlədiyimiz QƏLƏBƏ müjdəsi ilə sevindirdiniz. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla döyüş əməliyyatlarının dayandırılması ilə bağlı imzaladığınız üçtərəfli bəyanat çoxillik qarşıdurmaya, bu torpaqlarda qan tökülməsinə son qoydu. Regionda yaşayan xalqların mənafeyi, Azərbaycan torpaqlarının işğalına son qoyulması və uzunmüddətli perspektiv naminə belə vacib sənədə imza atmağınız uzaqgörən siyasətinizin nəticəsidir. Ölkəmizin əhalisi ilə bərabər, dünyanın dörd tərəfində yaşayan soydaşlarımız bu tarixi günü böyük ruh yüksəkliyi ilə bayram edir.
Cənab Ali Baş Komandan! Siz bu tarixi qələbə ilə müzəffər Azərbaycan Ordusunun hansı gücə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin rəşadətini, xaqlın yenilməz birliyini bütün dünyaya nümayiş etdirdiniz. Sizin diplomatik bacarığınız, hərbi-siyasi uzaqğörənliyiniz və dünyagörüşünüz, Silahlı Qüvvələrimizin rəşadəti və xalqımızın birliyi sayəsində qazanılan QƏLƏBƏ təkcə Azərbaycan xalqının döyüşkən ruhunun təcəssümü deyil, həm də milli hissiyyatının, mənliyinin, bütövlüyünün nümayişidir.
Cənab Prezident! Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində müasir ordu quruculuğu sahəsində - həm maddi-texniki təminatın, həm şəxsi heyətin peşəkarlığı istiqamətində həyata keçirdiyiniz işlər öz bəhrəsini verdi. Azərbaycan xalqının illərdən bəri torpaqlarımızın azad olunması ilə bağlı xəyalları gerçəkləşdi. Şəhidlərimizin qanı yerdə qalmadı!
Cənab Ali Baş Komandan! Siz Qarabağı sahibinə - Azərbaycan xalqına yenidən qaytarmaqla yeni tarix yazdınız. Bu, rəşadət və şücaətlə, qalibiyyət səhifəsi ilə başlayan yeni tarixdir. Siz Azərbaycanın üçrəngli bayrağını rəhbərliyiniz və qətiyyətiniz sayəsində işğaldan azad olunan torpaqlarımızda dalğalandırmağa nail oldunuz. Bu milli dirçəlişi və böyük qalibiyyəti Azərbaycan xalqına yaşatdığınıza görə Sizə sonsuz minnətdarıq!